Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan etdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi. Prezidenti İlham Əliyev əvvəlcə son dövrlər ərzində baş verənlərlə bağlı həmkarlarını məlumatlandırdı: "Sentyabrda - demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, - mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı".Prezident İlham Əliyev diqqətə çatdırıb ki, oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib."Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik" deyə Prezident bildirdi.Beləliklə, Azərbaycan Prezidenti növbəti dəfə qalib xalqın qalib lideri kimi dünyaya Azərbaycan və Qarabağ həqiqətlərini bəyan etmiş oldu. Dövlətimizin başçısı dünya siyasi sistemində hədəflərə nail olan və qətiyyətli lider kimi söz sahibidir. Bu söz həm də xalqın sözüdür!
Elnur Məmmədov
YAP Lerik rayon təşkilatının sədr müavini