Prezident İlham Əliyev:"Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik"
"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!" Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 oktyabr 2020-ci il tarixində özünün rəsmi "Twitter" hesabında bildirib. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində artıq bu günə qədər bir neçə işğal altında olan kənd və qəsəbələrimiz, şəhərlərimiz azad olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan əks-hücum əməliyyatları öz nəticəsini verməkdə idi. Əlbəttə ki, 27 sentyabrdan oktyabrın 19-na kimi Ermənistanın itkilərinin sayı-hesabı yox idi. Düşmənin maddi itkisinin 1 milyard dollardan çox olması rəsmi mənbələrdə qeyd olunsa da, real itkilər rəsmi elan edilən rəqəmlərdən dəfələrlə artıq idi. İki dəfə humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alırdı. "Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan "Spike" raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir "S-300" zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bunu 2020-ci ilin 19 oktyabr tarixində Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsində bildirmişdi.
"MOSKVA DANIŞIQLARINDAN SONRA AZƏRBAYCANIN ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRƏ ƏSASLANMIŞIQ"
Baş verənlərin fonunda Ermənistan hər gün sarsıdıcı zərbələrin hədəfində olur, geri çəkilməyə başlayır, maddi-texniki bazası durmadan zəifləyir və şəxsi heyəti tamamilə zərərsizləşdirilirdi. "Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və buna hazırlaşırdıq", - deyə Prezident İlham Əliyev müsahibəsində atəşkəslə bağlı suala cavabında bildirmişdi. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi: "Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi".
"DÜNYA BİRLİYİNİN BU QANLI CİNAYƏTİ BİR SƏSLƏ PİSLƏMƏSİ O DEMƏKDİR Kİ, BU, ERMƏNİLƏRƏ BAHA BAŞA GƏLƏCƏK"
Azərbaycan Prezidenti qeyd edib ki, bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. "İki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər", - deyə Prezident İlham Əliyev vurğulamışdı.Əlbəttə ki, müharibənin gedişi deməyə əsas verirdi ki, düşmən döyüş meydanında çox böyük itkilər verərək uduzmuş dövlətə çevrilirdi. Vətən müharibəsi Azərbaycanın böyük Zəfəri ilə bitdi. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə idi ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 44 günlük müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət, qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağa məcbur etdi. Nəhayət, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Razılaşmanın şərtlərinə əsasən, Ermənistan Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağını öhdəsinə götürdü.
DÜNYA GÖRDÜ Kİ, AZƏRBAYCAN XALQI HEÇ VAXT MƏĞLUBİYYƏTLƏ BARIŞMAYACAQ
Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə xalqın inamını bir daha özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Zümrüd BAYRAMOVA