Bütün bu kimi faktlar isə regionda qeyri-sabitliyin yaranmasına və fəlakətlərin baş verməsinə yönələn sübutlardır ki, onların qarşısının alınması labüdlüyə çevrilib!
“İnqilablar mühəndisi” ayaması ilə demək olar ki, bütün dünyaya tanış olan amerikalı milyarder Corc Sorosun ermənipərəstlik siyasəti də kimsəyə sirr deyil. Ötən illər ərzində biz dəfələrlə bu şəxsin istər Ermənistana, istərsə də Qarabağdakı separatçı rejimə yüz minlərlə dollar qrant ayırmasının şahidləri olmuşuq. Və maraqlı məqamlardan biri də budur ki, guya Azərbaycanda “siyasi təqiblərə” məruz qalmaqla Qərb ölkələrinə gedən saxta “siyasi mühacirlər” də ölkəmiz və dövlətimiz əleyhinə fəaliyyətlərini məhz Sorosun ayırdığı vəsaitlər hesabına yürüdüblər. Belə fəaliyyətlərin sırasında bu və ya digər şəkildə erməni maraqlarına xidmət etmək kimi kirli faktlar da kifayət qədərdir. Misal üçün, bir müddət əvvəl Ermənistanla Azərbaycan arasındakı müəyyən olunmamış sərhəddə erməni təxribatının qarşısının alınması zamanı saxta və sübuta yetirilməmiş “erməni əsirlərinin güllələnməsi” videosu üzə çıxar-çıxmaz həmin dırnaqrarası azərbaycanlılar ermənilərdən betər hay-küylər qaldırmaqla Soros ağalarının təlimatını canla-başla yerinə yetirmiş oldular. Lakin bu, ayrıca mövzudur və qayıdaq əsas məsələyə...
Real hesablamalarda isə həmin məbləğlər daha çoxdur
Beləliklə, Sorosun “Açıq Cəmiyyət” adlı təxribatçı institutu bu gün də Ermənistanda fəaliyyətdədir və o da sirr deyil ki, ölkənin mövcud hakimiyyəti də bilavasitə Sorosun sayəsində və “məxməri inqilab” adı altında əvvəlki iqtidarı hakimiyyət kürsüsündən kənarlaşdırıb. Artıq o da məlumdur ki, istər 44 günlük müharibə zamanında, istərsə də hazırkı dövrdə Ermənistanda fəaliyyət göstərən “Açıq Cəmiyyət İnstitutu” 14 layihəyə, ümumilikdə 333 min (!) ABŞ dollarından çox qrant ayırıb. Real hesablamalarda isə həmin məbləğlər daha çoxdur və əslində göstərilən rəqəmlər simvolikdir, yəni vəsaitin gerçək miqyasları gizlədilmək məqsədini güdür. Qeyd edilən vəsait isə Ermənistanda və Qarabağda sırf Qarabağ erməniləri, yəni başqa dövlətin suveren ərazisində separatçılığın inkişafı ilə bağlı layihələrə ayrılıb. Ancaq faktlar yalnız bundan ibarət deyil. Hətta təşkilatın öz saytında bu qrantlarla bağlı məlumatlar ictimaiyyətə açıqdır. Bu siyahıya baxdıqda maraqlı məqamlar üzə çıxır.
Qeyd: Soros Fondu Ermənistanda 1997-ci ildən bəri fəaliyyət göstərir. İndiyədək müxtəlif layihələrə 63 milyon ABŞ dolları həcmində qrantlar ayırıb. Bu layihələr təhsil, səhiyyə, hüquq, siyasət, maliyyə və digər sahələri əhatə edir. Həmçinin, Ermənistan hakimiyyətində bu gün mühüm vəzifələrdə Soros Fondu ilə əlaqəli olan şəxslərin siyahısı mütəmadi olaraq mətbuatda dərc edilir. Bu siyahıya Təhlükəsizlik Şurasının katibi, parlamentdə olan deputatlar və bəzi komitə sədrləri, nazirlər və hüquq mühafizə orqanlarının rəhbərləri daxildirlər.Vəsaitlər “İnsan hüquqları və humanitar hüquq pozuntularının aşkarlanması, müharibə cinayətinə dair sübutların toplanılması” adı altında Azərbaycan əleyhinə iş üçün istifadə olunub
İki il ərzində “Açıq Cəmiyyət İnstitutu” tərəfindən Qarabağ separatçıları üçün ayrılan 333 min ABŞ dollarından çox vəsaitin cəmi 112 min dolları insanlara birbaşa yardım adı altında istifadə edilib. Bu vəsaitlərin daha böyük hissəsi, yəni 134 min dolları isə Azərbaycan əleyhinə işlərin aparılması üçün xərclənib. Daha dəqiq desək, vəsaitlər “İnsan hüquqları və humanitar hüquq pozuntularının aşkarlanması, müharibə cinayətinə dair sübutların toplanılması” adı altında Azərbaycan əleyhinə iş üçün istifadə olunub.Digər yerdə qalan vəsait isə Qarabağda konsertlərin təşkili, “Qarabağ ermənilərinin Ermənistana inteqrasiyası” və digər məqsədlər üçün xərclənib.Aşağıdakı siyahıda isə bu fonddan hansı proqramlar adı altında, hansı təşkilatların nə qədər qrant alması göstərilib.
“Humanitar yardım” proqramı:
“Martuni Qadınlar icması” Şurası - 31 600 ABŞ dolları
“Gorus” Mətbuat Klubu QHT - 33 500 ABŞ dolları
“Missiya Ermənistan” QHT - 37 500 ABŞ dolları
“Bərabər Hüquqlar üçün” QHT - 42070 ABŞ dolları
“Qadın hüquqları evi” - 10 000 ABŞ dolları
“Hələb vətənpərvər xeyriyyə” QHT - 30 000 ABŞ dolları
“Helsinki Vətəndaş Assambleyası” - 20 000 ABŞ dolları
“Huquq inkişaf və Müdafiə” Fondu - 15 000 ABŞ dolları
“Sərhədsiz hüquqların müdafiəsi” QHT - 17 000 ABŞ dolları
“Vətəndaş cəmiyyətinə dəstək” proqramı:
“Ermənistan korlar cəmiyyəti Musiqi Ansamblı” - 4 595 ABŞ dolları
“Hadruta Qayıdış” QHT - 25 000 ABŞ dolları
“Kaşatağa qayıdış” QHT - 15 000 ABŞ dolları
“İnsan hüquqları və qanunun aliliyi” proqramı:
“Strateji məhkəmə çəkişmə” mərkəzi - 25 000 ABŞ dolları
“Beynəlxalq və müqayisə hüququ” mərkəzi - 27 000 ABŞ dolları
“Hadruta qayıdış” və “Kaşatağa qayıdış” təşkilatları (?!)
Qeyd edək ki, qrant alan təşkilatların əksəriyyəti Ermənistana aid olsa da, aralarında iki təşkilat diqqəti cəlb edir. Bunlardan biri “Hadruta qayıdış”, digəri də “Kaşatağa qayıdış” təşkilatlarıdır. Yəni fakt budur ki, separatizm və digər kirli məqsədlər hazırda da qüvvədədir və onların icrasında maraqlı olan tərəf bilavasitə Cors Soros və onun təşkilatıdır!Beləliklə, daha bir fakt budur ki, “Açıq Cəmiyyət İnstitutunun” müharibə cinayətində iştirak edən, qanunsuz məskunlaşma və azərbaycanlıların əmlaklarını, yurdlarını talamaqla məşğul olanların saxta təşkilatlara qrantların ayrılması məqsədi açıq-aşkar Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləmək məqsədini güdür. Bütün bu kimi faktlar isə regionda qeyri-sabitliyin yaranmasına və fəlakətlərin baş verməsinə yönələn sübutlardır ki, onların qarşısının alınması labüdlüyə çevrilib.
Rövşən RƏSULOV