Prezident İlham Əliyev: “17 oktyabr - Azərbaycan dövlətinin tarixində əbədi qalacaq”
"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar". Prezident İlham Əliyev bunu özünün rəsmi tvitter səhifəsində bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Füzuli şəhərinin və bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib. Bəli, 44 gün davam edən Vətən Müharibəsinin ilk günündən sonuna kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürur duyduğunu deyir. Xalqımız da hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərimizlə qürur duyduğunu, xoşbəxt olduqlarını deyirlər.
Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq
Bəli, düz iki il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. Azərbaycan dövlətinin və xalqının tarixinə yazılan 17 oktyabr Azərbaycanın Füzuli şəhəri işğaldan azad etdiyi gün dövlət başçımız xalqa müraciətində qeyd edib ki, Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir: «Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”. Dövlət başçısı deyib ki, 17 oktyabr Azərbaycan xalqının, füzulilərin, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq: «Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib».
Füzuli əməliyyatı ilə Azərbaycan Ordusu mümkünsüzü mümkün etdi
Bəli, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. Ali Baş Komandan İlham Əliyevin çıxışlarında bildirdiyi kimi, 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu və bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil: «Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi»,- deyən dövlət başçısı müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi: «Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki 30 il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir».
Füzuli igidləri…
Bəli, Füzulinin azad olunması uğrunda neçə-neçə qəhrəman oğullar canı-qanı bahasına irəli atıldı. Onlar torpaqlarını düşmən tapdağından qurtarmaq, 30 illik həsrətə son qoymaq üçün ölməyə belə hazır idilər. Bu baxımdan, Vətən müharibəsindəki qələbə münasibətilə təsis edilən medallardan biri də "Füzulinin azad olunmasına görə" medalı idi. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 25-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, 25301 hərbi qulluqçu Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif ediliblər.
Biz Füzuliyə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq
Prezident İlham Əliyev müraciətində onu da bildirib ki, o kəndlərə həyat qayıdacaq: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilib”. Dövlətimizin başçısı bildirib ki, biz öz şərəfli missiyamızı yerinə yetiririk: “Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”.Vətən müharibəsi başa çatandan bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk səfəri məhz Füzuli rayonuna etdilər və bununla da genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinə start verildi. Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi və ilk sərnişinini-qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməsi dünya ictimaiyyətini də heyrətləndirdi. Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”, daha bir Füzuli – Şuşa yolu, kommunikasiya və elektrik xətlərinin bərpası artıq başa çatıb. Hazırda yeni yaşayış binalarının, məktəblərin, səhiyyə müəssisələrinin, həmçinin Dövlətyarlı “ağıllı kənd”nin tikintisi sürətlə davam etdirilir. Bir sözlə, rayon ərazisində böyük tikinti-bərpa işləri aparılmaqdadır. Yaxın vaxtlarda Böyük Qayıdışın sevincini füzulilər də yaşayacaqlar.
RƏFİQƏ KAMALQIZI