PDF Oxu

Siyasət

  • 4 187

30 İLLİK ZƏFƏR ÇAĞIRIŞI TƏHLİL

30 İLLİK ZƏFƏR ÇAĞIRIŞI TƏHLİL

91 ziyalının "SƏS" qəzetinə müraciətləri müstəqil Azərbaycanın xilas tarixinin başlanğıcıdır

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi bir anlarda - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün iki ilinin sevincini yaşadığımız günlərdə, həm də müstəqilliyimizin 31 illiyini qeyd etdiyimiz tarixi günlərimizdə qeyd etməyimiz hər bir partiya üzvünün ən böyük sevincidir. Çünki bu gün 30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının ötən il martın 5-də keçirilməsidə tarixi hadisə idi. Bu qurultay bir daha birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 29 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının və bu kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut etdi.
Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası
Dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən, milli tələbatdan yaranır. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən, milli tələbatdan irəli gəlmişdir.Bu gün 1991-1993-cü illərin böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtara, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxara biləcək yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz Ulu Öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.Ölkənin taleyinə biganə olmayan belə ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətdən cana doymuş insanlar Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi strateqin yenidən böyük siyasətə qayıdışını təkidlə istəyirdilər.
Ziyalılar baş verənlərə biganə qala bilməzdilər
Nəhayət, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalılar adından Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlandı. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi: “Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Qeyd edək ki, ulu öndər Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubu da “SƏS” qəzetində dərc olundu.Və "91-lər" adı ilə yaranan hərəkatın məramı, məqsədi milyonlarla vətəndaşın Heydər Əliyevə olan ümumxalq etimadını və seçimini siyasi-ictimai cəhətdən təşkil etməkdən; onların Heydər Əliyevlə bağlı siyasi istək və arzularını, azad seçim hüquqlarını bərpa etməkdən; Azərbaycanın siyasi proseslərində Heydər Əliyevlə bağlı ümumxalq maraqlarına və milli mənafeyə dayaqlanan demokratik mühiti və demokratik siyasi ənənələri yaratmaqdan; xalqla Heydər Əliyev birliyinin demokratikliyini və sarsılmazlığını, bu birliyin xalqın milli iradəsinə əsaslandığını bəyan etməkdən ibarət olubdur. Heydər Əliyev Azərbaycanın millətinin və dövlətinin xilası, yaşaması, inkişafı və gələcəyi naminə xalqın gözlədiyi bu cavabı verdi və "Səs" qəzetinin 7 noyabr 1992-ci il tarixli sayında Ulu Öndərin ziyalıların müraciətinə cavabı dərc edildi. Cavab məktubunda ziyalıların haqlı narahatlığını və həyəcanını bölüşən Ümummilli Lider yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".Həmçinin, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək onların fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.”
1992-ci il noyabrın 21: Çağdaş dövlətçilik tarixində yeni səhifə
1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi: Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Paptiyasının təsis qurultayı keçirildi, Ulu Öndər yekdilliklə təşkilata Sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi.Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın mövcud durumunu və yaranmış təhlükəli vəziyyətdə çıxış yollarını göstərən, onun müdrik tövsiyələrini əks etdirən bu məktubu sonrakı mərhələdə YAP-ın fəaliyyətinin əsas prinsiplərini və istiqamətlərini təşkil etdi. YAP yarandığı gündən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, sıralarında respublikada hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi fəaliyyətə başladı. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi məsələlərindən ibarət idi. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət meyarları YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin fundamental prinsipləri olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasına çevrildi.YAP-ın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. İyun ayının 9-da xalqın və o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat iqtidarının təkidli istəyi ilə Bakıya qayıdan Ulu Öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək xalqı vətəndaş qarşıdurmasından, dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.
YAP 30: xalqa, dövlətə xidmət nümunəsi
Bəli, zəngin həyat yolu keçən YAP ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini son 30 ildə tam təsdiqləyib. Hələ Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü və müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.Bəli, ulu öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Və bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. İki il öncə 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin igidliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər