Sülhəməcburetmə missiyası hər an qüvvədədir!
Bu günlərdə məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla delimitasiya olunmamış sərhədlərdə Aİ-nin yalnız bir missiyası ilə kifayətlənmək fikrində deyil. Belə ki, onun xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı Anniken Hyuitfeltlə görüşü zamanı İrəvanın ATƏT-ə növbəti müraciət göndərdiyini və əlavə müşahidəçilərin də sözügedən prosesə cəlb olunması ilə bağlı təkliflər irəli sürdüyünü bildirib. O da bəllidir ki, Paşinyan Gürcüstandan ezam edilən Aİ və ATƏT missionerləri ilə dayanmayacaq, digər analoji strukturlara da müraciət edəcək. Və maraqlıdır ki, Paşinyan bunu KTMT ilə əlaqələnədirir, yəni KTMT-nin hərbçilər göndərib Azərbaycan Silahlı Qüvvələri ilə üzbəüz mövqelərdə yerləşdirmək istəməməsi ilə bəhanə edir, özünə haqq qazandırır ki, belə olmayacaqsa İrəvan digər beynəlxalq strukturlara müraciət edəcək. Yəni Paşinyan üçün hansı yönümlü siyasi dairələrin Azərbaycan sərhədləri ilə qarşı-qarşıya qalması maraqlı deyil, əsas budur ki, həmin dairələr olsun – Rusiya deyilsə Qərb, Qərb deyilsə başqa tərəf...
Müşahidəçilər özləri də istəmədən (bəlkə də istəyərək) İrəvanın təxribatlarının iştirakçılarına çevriləcəklər
Lakin bir sıra ekspert dairələrinin fikirlərinə görə Qərb strukturlarının sözügedən məsələdə effektlikləri olmayacaq. Təkcə say etibarı ilə götürsək belə nəticəyə gəlinir. Aİ-nin müşahidəçilər missiyası 40 nəfəri əhatə edir. Ermənistanla Azərbaycan arasındakı sərhədlərin uzunluğu isə 1000 km-dir. Yəni 1000 km-lik sərhədləri eyni anda 40 nəfər müşahidəçi ilə müşahidə etmək fiziki baxımdan mümkün deyil. O cümlədən, qarşıdan gələn soyuq fəsillərdə şaxtalı-ayazlı, qarşı-qışlı iqlim şəraiti də buna imkan verməyəcək.Digər tərəfdən, nəzərə alınsa ki, Ermənistan sərhəd boyu təxribatlarını davam etdirmək niyyətindədir və hazırda da Daşkəsən rayonu ilə olan mövqelərə artilleriya və s. qurğuları toplanıb, əlavə olaraq hər gün atəşkəs rejimi pozulur - bu zaman Ermənistan təxribat törətməyə cəhd etdiyi ərazilərə Aİ müşahidəçilərini buraxmayacaq. Yalnız təxribatlar həyata keçirildikdən sonra müşahidəçilərə məlumat veriləcək ki, onlar silahlı insidentləri qeydə alsınlar. Ancaq təxribatın hansı tərəfdən törədildiyi, yəni Ermənistan tərəfindən cəhd edilməsi məlum olmayacaq. Beləliklə, müşahidəçilər özləri də istəmədən (bəlkə də istəyərək) İrəvanın təxribatlarının iştirakçılarına çevriləcəklər.
Paşinyan hökumətinə görə, Moskva İrəvanın Bakıya qarşı yersiz iddialarının həyata keçirilməsinə imkan vermir
Ermənistanın Rusiyadan imtinası daha bir amilə söykənir. Misal üçün, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla müttəfiqlik səviyyəsindədir və əgər Bakı ilə İrəvan arasında hər hansı bir məsələ qabardılarsa Moskva öz müttəfiqlərinin iştirakı, razılığı olmadan vasitəçilik mexanizmini işə sala bilməz. İrəvana isə belə yanaşma sərf etmir. Daha dəqiq desək, Paşinyan hökumətinə görə, Moskva İrəvanın Bakıya qarşı yersiz iddialarının həyata keçirilməsinə imkan vermir.Ermənistan, əslində, öz əlini Rusiyadan hələ 2020-ci ilin 44 günlük müharibəsi vaxtından üzüb. Nikol Paşinyanın Vladimir Putinə etdiyi çoxsaylı zənglərinə rəğmən, Moskva İrəvanın diqqətinə çatdırdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir və həmin məsələdə yalnız vasitəçilik rolunu oynaya bilər. Və həmin mənzərənin kulminasiya nöqtəsi bu il sentybarın 12-14-də sərhəddə baş verən növbəti erməni təxribatı zamanı yaşandı. Guya Azərbaycanın Ermənistanın “suveren” ərazilərində hərbi əməliyyatlar keçirdiyini iddia edən, əslində isə özü təxribata əl atan İrəvan bu dəfə də KTMT-nin rədd cavabını aldı!
Erməni hökumətinin nazirləri artıq Avropaya və ABŞ-a səfərlərini su yoluna çeviriblər, amerikalı konqresmenlər də Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin səfərinin ardınca günaşırı olaraq İrəvana ayaq döyməkdədirlər
İndi isə göründüyü kimi, digər cinahlardan dəstək alacağını düşünür. Erməni hökumətinin nazirləri artıq Avropaya və ABŞ-a səfərlərini necə deyərlər, su yoluna çeviriblər. İrəvana da qarşı səfərlər baş tutur. Belə ki, amerikalı konqresmenlər də Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin səfərinin ardınca günaşırı olaraq İrəvana ayaq döyməkdədirlər.Yeri gəlmişkən, buna qədər Nikol Paşinyan ABŞ və Fransanın sözdə sülhməramlı qüvvələrinin sərhədlərə yerləşdirilməsini istəyirdi. Ancaq bu istəyinin baş tutmayacağını biləndən sonra Aİ-nin mülki missiyasının regiona müşahidəçi qismində gələcəyi məlum oldu. Lakin daha bir iddialar ondan ibarətdir ki, bu kimi mülki missiyaların heyətində Qərbin, əsasən ABŞ-ın xüsusi xidmət orqanlarının adamları da olacaqlar ki, onların məqsədləri görüntü xarakteri daşıyacaq. Daha dəqiq desək, belə adamlar əsasən Rusiyanın Ermənistandakı hərbi varlığını gizli təftiş edəcək, kəşfiyyat materialları toplayacaqlar. Çox keçməz həmin fakt da ifşa olunacaq.
Qərbin məqsədi - Avrasiya məkanında möhkəmlənərək Moskvanın bu məkandan, ən azı isə Ermənistandan sıxışdırılıb-çıxarılması...
Bütövlükdə isə Qərb onun üçün yaranmış bu imkanlardan yararlanacağını hesabayıb. Məsələn, onlar ilk növbədə Rusiyanın təsir etdiyi regiona daxil olurlar və buradakı daha bir məqsəd Avrasiya məkanında möhkəmlənərək Moskvanın bu məkandan, ən azı isə Ermənistandan sıxışdırılıb-çıxarılmasıdır. Belə olan vəziyyətdə isə növbəti sual meydana çıxır: bəs qarşıda imzalanacaq sülh müqaviləsi, Brüsseldə razılaşdırılmış məsələlər necə olacaq? Axı bildiyimiz kimi, Brüssel də İrəvanı sülh müqaviləsini imzalamağa tələsdirir, belə ki, həmin məsələdən sonra Bakı ilə enerji əməkdaşlığı faktoru daha da genişləndiriləcək. Amma “mülki müşahidəçilər” kütləsi qarşıda dayanan planlara əslində maneələr yaradacaq.Belə bir mühitdə isə Bakı və onun tərəfdaşları heç nə itirmirlər, hətta mövcud situasiyada Azərbaycan sülhəməcburetmə missiyasını bu dəfə daha qısa müddətdə həll etmək gücündə olduğunu nümayiş etdirəcək.
Rövşən RƏSULOV