"“Siyasi partiyalar haqqında” qanun layihəsinin müəllifləri həm də siyasi partiyalardır. Bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etmişik və o da təklifimizə dəstək olub. Bu kollektiv düşüncənin məhsuludur. Burada konkret olaraq bir nəfərin müəllifliyi yoxdur". SİA xəbər verir ki, bu sözləri “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, belə ciddi formatda dövlət və siyasi sistem üçün qanun layihəsini birgə müzakirə edir: "Bu Azərbaycanın siyasi sistemində bir ilkdir. Bu şəraiti yaratdığına görə sədr Sahibə Qafarovaya təşəkür edirəm".Fəzail Ağamalı sözlərinə belə davam edib: "Hər bir qanun layihəsini zəruri edən amillər və şərtlər var. Azərbaycanda 1990-cı illərdən fərqli olaraq siyasi partiyaların siyasi sistemdə fəallığı kifayət qədər artıb. Bu fəallıq qüvvədə olan qanunvericiliklə adekvat deyil.Ölkədə aparılan siyasi islahatların tərkib hissəsi kimi partiyaların yeni proseslərdə daha fəal iştirakı və Azərbaycanda yeni reallığın iştirakı zəruri amillərdir.Qanun fəlsəfəsi və konsepsiyası Azərbaycanın siyasi sistemində siyası partiyaların yeri və rolunun artırılmasıdır. Bu həm də cənab Prezidentin aparmış olduğu siyasi islahatların məntiqinə köklənir. Qanunun konseptual şəkildə müzakirəsindən sonra Milli Məclisin komitə və plenar iclaslarına təqdim etmək olar. Düşünürəm ki, bu qanun layihəsi ilə müəyyən fikir mübadiləsi və çoxsaylı fikrin süzgəcindən keçərək orataya böyük və gələcəyə hədəflənmiş məqsədlərimizə çatmaq üçün yüksək səviyyəli qanun qəbul ediləcək".
Ayşən Vəli