“Zəngilan Hava Limanının açılışı 3 aspekti özündə birləşdirir. Bu proses siyasi, hərbi və iqtisadi mənaya malikdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.Onun sözlərinə görə, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu hava limanının açılışında iştirak etməsi isə qeyd etdiyimiz siyasi və hərbi tərəfin bir nümayişi demək idi: “Eyni zamanda burada bir daha Azərbaycanla Türkiyənin hər zaman birlikdə olmasına da işarət verildi.Sərhədlərimizdə nələr baş verdiyini görürük. Ermənistan isə konkret olaraq hələ də işğalçılıq və revanşist fikirlərini beynindən çıxarmayıb. Belə olan geosiyasi regionda Azərbaycanla Türkiyənin birgə, həmrəy olması və müxtəlif platformalardan bir mövqedən çıxış etməsi bizim gücümüzü daha da artırır. Digər tərəfdən isə hər bir hava limanı bir iqtisadi layihənin tərkib hissəsidir. Burada daimi iş yerlərinin olması, beynəlxalq hava limanı olaraq turistlərin bura gəlməsinin özü də olduqca əhəmiyyətlidir”.
Müəllif: Səbinə Hüseynli