Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən, Əhməd Bakıxanovun 130 illik yubileyi qeyd olunacaq
Azərbaycan tar ifaçılıq sənəti ənənələrinin layiqli davamçılarından olan milli musiqi sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, ustad tarzən və mahir pedaqoq, Əhməd Bakıxanovun anadan olmasının 130 ili tamam olur. Sənətkarın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.Daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermiş Əhməd Bakıxanov muğam aləminin mükəmməl bilicisi və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar kimi şöhrət qazanmışdır. Xalqımızın misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmış sənətkarın ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Sərəncamda qeyd olunduğu kimi, Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.5 sentyabr 1892-ci ildə Bakıda anadan olan tarzən ilk musiqi təhsilini İranda almışdır. On altı yaşlı Əhməd Bakıxanov orada məşhur xanəndə Əbdülhəsən xandan musiqi sirlərini öyrənməyə başlayıb. Qabiliyyətli şagird olduğunu ilk günlərdən göstərib. Qısa vaxtda musiqi sənətinin çox dərinliklərindən, incəliklərindən xəbərdar olub. Ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərini öyrənib.Ailəlikcə Bakıya qayıtdıqdan sonra Əhməd Bakıxanov təhsilini doğma şəhərində davam etdirib. Dövrünün görkəmli tarzənlərinin yanına gedib, onların ifaçılıq ustalığına diqqət yetirib, daim öyrənib.1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə fərqli ifası ilə tanınıb və sevilib. 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Tara, muğama hücum edilən zaman, keçən əsrin 30-cu illərində Əhməd Bakıxanov dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə birlikdə xalqımızın milli sərvəti olan muğamın, tarın qorunub saxlanılmasında böyük işlər görüb. Ə.Bakıxanov "Azərbaycan xalq rəngləri", "Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar - "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə.Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.Azərbaycan milli ifaçılıq məktəbinin inkişafında, xalq musiqisinin, muğamların tədrisi və təbliğində xüsusi xidmətləri olan sənətkar 26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.Sənətkarın ifasında lentə alınmış muğamlarımız, eləcə də bəstələdiyi əsərlər gözəl sənət nümunələri kimi musiqi tariximizdə silinməz iz salıb.
Zümrüd BAYRAMOVA