Bu əzmi Səttarxan, Xiyabani, Pişəvəri kimi tarixi şəxsiyyətlərin nəvə-nəticələri, kötücələri yaşadır
Daim erməniləri özlərinə “qohum xalq” adlandıran fars şovinistləri son məlum proseslər çərçivəsində bir az da irəliyə gedərək Azərbaycan dövlətinə və xalqına qarşı təhqiredici, əsassız və heç bir sübutu olmayan iddialarla çıxış edir, öz təbirlərincə “hücum diplomatiyası məntiqində” sərsəmləyirlər. Əslində isə biz bu kimi halları nəinki indilərdə, ümumiyyətlə, son dövrlərdə dəfələrlə (!) müşahidə etmişik.
SEPAH generalları və Tehran rejiminin parlamentindəki şovinist deputatları öz kirli xislətlərini hər vəchlə regiondakı sabitliyi pozmaq cəhdləri ilə yürütməyə çalışırlar
Bu gün müstəqil Azərbaycan Respublikasını həyasızcasına “Bakı respublikası” adlandıran SEPAH generalları və Tehran rejiminin parlamentindəki şovinist deputatları öz kirli xislətlərini hər vəchlə regiondakı sabitliyi pozmaq cəhdləri ilə yürütməyə çalışırlar. İstər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də sonrakı dövrlərdə Ermənistanın işğalçılıq siyasətinə müxtəlif yönlü dəstəklərini nümayiş etdirən fars mollakratiyasının təmsilçiləri bu gün daha azğınlaşdıqlarını bəyanatları ilə isbatlamaqdadırlar. Dildə “müsəlmançılıq” əməldə isə şeytanpərəstlik sərgiləyən başıəmmaməlilər bir reallığı unudurlar ki, artıq Cənubi Qafqaz regionunda gerçəkliklər tamamilə dəyişilib və “İran” adlı bir ölkə əsla həmin gerçəkliklərə müdaxilə etmək gücündə və qüdrətində deyil və olmayacaq da. Və bu gün Təbrizdə, Zəncanda, Ərdəbildə, Rəştdə, Sulduzda, Urmiyədə və s. tarixi Azərbaycan vilayətlərində öz milli hüquq və azadlıqları uğrunda mübarizə aparan 35 milyonluq azərbaycanlı ayaqdadır. Nə həbslər, nə təqiblər, nə də ölüm hədələri onların gözlərini qorxutmur və onlar yaxşı bilirlər ki, zorla ayrılan Araz bir gün mütləq birləşəcək!
İslam dini pərdəsi altında qurduqları “respublikalarının” dayaqlarının laxladığını da çox yaxşı dərk edirlər
Ən əsası isə, Azərbaycanın artan nüfuzu İrandakı molla rejiminin yuxusunu ərşə çəkib, onlar nə gecə, nə də gündüz yata bilmir, İslam dini pərdəsi altında qurduqları “respublikalarının” dayaqlarının laxladığını da çox yaxşı dərk edirlər. Nə 35 milyonluq azərbaycanlıları rəsmi dövlət qəzet və jurnallarında, televiziya kanallarında karikaturalı və ələsalma təhqir metodları, nə də digər cəhdlər işləmədi, puç oldu!
Təkcə bir fakta diqqət yetirək. İzə şəhərindən İran parlamentinə təyin olunmuş Hidayətullah Xadimi azərbaycanlıları, bütövlükdə türkləri təhqir edib. O, Təbrizin “Səhənd” stadionunda Azərbaycan Respublikasının bayrağını qaldıranları “tula” adlandırıb. “Ölkənin çörəyini yeyib stadionda Türkiyə və sionistlərin muzdlu tulaları kimi bağırıb iranlıları, böyük Kiri təhqir edənlər bilməlidirlər ki, onların Oğuz babaları çöllərdə bir tikə çörəyə görə talan və qətliam törətdikləri vaxtdan 2 min il qabaq Kir və iranlılar yer kürəsinin 50 fazinə hökm edirdilər”, deyə, parlament nümayəndəsi özünün tvitter hesabında yazıb. Belə faktlar isə minlərlədir!
Torpaqlarımızın işğala məruz qaldığı 30 il ərzində daşı-kərpici belə qənimət bilən ermənilərlə əlbir olan fars rejiminin anti-türk tacirləri hər şeyi daşıdılar, hətta məscidlərimizin, qəbirlərimizin təhqirlərə, dağıdılmalarına belə erməni nəzərləri ilə baxdılar.
Tehranın 13 terror təşkilatı ilə yaxından əməkdaşlıq edən Ermənistanla eyni yastığa baş qoyması kimsəyə təəccüblü görünməli deyil
Üstəlik, bu torpaqlarımız qanunsuz narkoticarət və s. al-ver məqsədlərinin mərkəzinə çevrildi, Tehran respublikası İrəvandakı işğalçılara nəfəs borusu açmağı da unutmadı. Bu, açıq-aşkar erməni terroruna dəstəyin sübutu idi və əbəs deyil ki, artıq “İran İslam Respublikası” adlandırılan quruluş beynəlxalq aləm tərəfindən terroru dəstəkləyən ölkələr sırasında ilkliyi təşkil edənlərdəndir.Daha dəqiq desək, məhz bu kontekstdə Tehranın 13 terror təşkilatı ilə yaxından əməkdaşlıq edən Ermənistanla eyni yastığa baş qoyması kimsəyə təəccüblü görünməli deyil. Məsələn, bu gün həm İrəvan, həm də Tehran uzun illərdən bəridir ki, Suriyadakı qanlı və qəddar Əsəd rejimini, Hizbullahı, Həması və s. Yaxın Şərq terror qruplarını açıq qaydada dəstəkləyirlər. Təkcə Livandakı ermənilərin, Suriyadakı ermənilərin Hizbullahla eyni cərgədə terror aksiyalarında iştiraklarını göstərsək bu çirkab suyun eyni çuxura axdığının şahidləri olarıq.Bir neçə gün əvvəl Qafanda bəh-bəhlə Tehran rejiminin konsulluğunu açan fars şovinistləri indi də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Təbrizdə konsulluq açmaq istəyinə müsbət cavab verməklə nə qədər azğın biri olduqlarını nümayiş etdirməkdədirlər. Ancaq mollakratlar unudurlar ki, Azərbaycan Respublikası öz konsulluğunu Təbriz şəhərində açılmasına çalışarkən onlar buna maneələr yaratmağa cəhd göstərdilər. Və belə olan halda ermənilərin konsulluğunun açılması ilə vəziyyəti gərginləşdirməyə çalışan bu ünsürlər bilməlidirlər ki, qədim Azərbaycan şəhərində buna imkan verməyəcək azərbaycanlıların sayı milyonlarladır!
Bu gün Şərqi və Qərbi Zəngəzur dəhlizinin bir araya gətirilərək regiona yeni nəfəs verməsi imkanlarına qarşı çıxan fars mollakratiyası hürkür və xoflanır
Və ən əsası, Türkiyə ilə Azərbaycanın bütün Türk dünyasını birləşdirmək və inkişaf etdirmək istiqamətində atdığı addımlar, bu birliyə qarşı çıxan və ya ona qısqanclıqla yanaşan qüvvələrin birmənalı məğlubiyyəti ilə nəticələnək. Çünki bundan sonra Tehran rejiminin hər hansı səmimiyyətinə, “qardaş Azərbaycan” ifadəsinə inanmaq qeyri-mümkündür və biz bunu 44 günlük müharibə zamanında da gördük. Gördük ki, məhz bu rejim Azərbaycan qoşunlarının Araz boyu istiqamətdə irəliləməsinə maneələr törətdi. Müharibədən sonra isə Azərbaycanla sərhəddə müxtəlif hərbi təlimlər keçirdi, bu gün də keçirir, üstəlik həmin təlimlərini Türkiyə sərhədlərinə yaxın ərazilərdə də davam etdirir (?!)Bu gün Şərqi və Qərbi Zəngəzur dəhlizinin bir araya gətirilərək regiona yeni nəfəs verməsi imkanlarına qarşı çıxan fars mollakratiyası hürkür və xoflanır ki, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı get-gedə daha çox vüsət alır. Zəngəzur dəhlizi isə Turan yolu olaraq nəhəng Türk dünyasını birləşdirmək əzmindədir. Bu əzmi isə Səttarxan, Xiyabani, Pişəvəri kimi tarixi şəxsiyyətlərin nəvə-nəticələri, kötücələri yaşadır. Onlar bütöv Azərbaycanın ayaq səslərindən ruhlanırlar!
Rövşən RƏSULOV