PDF Oxu

Siyasət

  • 3 955

Qubadlı-tarixi, mədəni və strateji əhəmiyyətə malik rayonumuz ŞƏRH

Qubadlı-tarixi, mədəni və strateji əhəmiyyətə malik rayonumuz ŞƏRH

Tarixi Zəngəzur bölgəsinin qapısı sayılan Qubadlı rayonu Qarabağ silsiləsinin cənub-şərqində Bərgüşad və Həkəri çayları hövzəsində yerləşir. 1933-cü ildə yaradılmış rayonun ərazisi 802 kvadrat kilometr olub, inzibati cəhətdən 94 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 93 kənddən ibarətdir. XIX-XX əsrin əvvəllərinə aid arxiv sənədləri, eləcə də çar Rusiyasının mövcud olduğu dövrdə tərtib edilmiş statistik hesabatlar Qubadlı ərazisinin yerli əhalisinin Azərbaycan türkləri olduğunu təsdiq edir. Erməni işğalından əvvəl də rayon əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olub, ərazisində heç bir erməni yaşamayıb. Qubadlı rayonu 1988-ci il noyabrın 24-də ilk şəhidini verdiyi gündən 1993-cü il avqustun 31-də erməni işğalına məruz qaldığı tarixədək 1737 gün düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb. 1993-cü ilin avqustunda Qubadlı rayonu uğrunda döyüşlər zamanı müasir dövrdə olduğu kimi, yalançı erməni xisləti özünü açıq-aydın göstərdi. 1993-cü il avqust ayının sonunda ermənilər atəşkəs vədi versələr də, qəfildən hücuma keçərək rayon ərazisini tamamilə işğal etdilər.1993-cü il oktyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 874 saylı qətnaməyə əsasən erməni silahlı qüvvələri işğal etdikləri Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının ərazisindən geri çəkilməli, həmçinin hərbi əməliyyatları dayandırmalı və atəşkəs imzalanmalı idi. Lakin türk-müsəlman qanına susamış ermənilər bir sıra xarici dövlətlərin hərbi-siyasi və maliyyə dəstəyi sayəsində iyrənc əməllərindən əl çəkməyib, uzun illər Azərbaycan xalqına qarşı təxribatlar törətdilər. Qubadlı rayonu ərazisində yüzdən artıq tarixi və mədəni abidə erməni vandalları tərəfindən məhv edilib. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan 5 mindən çox nadir eksponat talan edilib. Onlarla tarixi abidə dağıdılıb, yandırılıb, dini abidələr donuz tövləsinə çevrilib, bir sözlə mənfur ermənilər Qubadlı rayonu ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa hamısını məhv etməyə çalışmışlar. Qubadlı rayonunun erməni işğalı altında olduğu dövrə aid video və foto görüntüləri bunu əyani olaraq bir daha sübut edir.Qubadlı rayonunun qədim daş dövrünə aid abidələri içərisində Bərgüşad çayı sahilində yerləşən mağaranı, rayon mərkəzindən 20 kilometr şimalda yerli əhalinin pir adlandırdığı dini inanc yeri olan “Ağ kaha” və “Qara kaha” mağaralarını, Balahəsənli, Əliquluuşağı kəndlərində və Gavur dərəsində mağara məbədləri xüsusilə qeyd etmək olar. Tunc dövrünə aid abidələr içərisində isə Muradxanlı kəndində “Maltəpə” yaşayış məskənini, Teymur Müskanlı və Əliquluuşağı kəndləri ətrafında siklopik qalaları, kurqanları, Qalaça, Qız qalası, Koroğlu qalası, Qubadlı şəhərinin mərkəzində “Xırman yeri” təpəsi və digər tarixi yer-yurd məkanlarını göstərmək olar.Erməni işğalçıları tərəfindən Qarabağın digər tarixi və mədəni abidələri kimi, Qubadlının da tarixi abidələrinin bir çoxu hərbi məntəqə kimi istismar olunub və ya məhv edilib. Qubadlı şəhərinin mərkəzində xalq qəhrəmanları Qaçaq Nəbi və onun həyat yoldaşı olan kişi qeyrətli Həcər xanımın şərəfinə qoyulan xatirə abidələri rayon ərazisi işğal edildiyi ilk günlərdə dağıdılıb. Rayon ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidələrin hamısı yerlə-yeksan edilib.Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir”.

Könül İbrahimova
YAP Yasamal rayon AMEA Fiziologiya İnstitutu üzrə
Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər