30 ilə yaxın müddətdə düşmən tapdağında olan Qarabağda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mənfur düşmən üzərində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birlik və həmrəyliyinin parlaq təzahürüdür. İşğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Qarabağa həyat hələ 6 il bundan əvvəl Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının qoyulması ilə oldu. Cəmi 5 ay müddətində bərpa edilən Cocuq Mərcanlı ikinci həyatını yaşayır. Sakinlər üçün yeni evlər tikilib, yol salınıb, müasir məktəb binası və Şuşa məscidinə bənzər məscid inşa olunub. Bir sözlə, Cocuq Mərcanlıda normal yaşayış üçün hər bir şərait var. 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan torpaqlarımızı azad etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, 30 ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaratdı. Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.Çıxış zamanı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki ,Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlamaları da bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyasına uyğun inşa edilən Ağalı kəndində məskunlaşmaları ilə Vətən həsrətlərinin, İnşallah, başa çatdığını görürük. Ağalı kəndini gördük, oraya bundan sonra artıq kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir. Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıda biləcəklər. Prezident İlham Əliyev bu böyük strateji infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir.Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş bütün ərazilərimizdə eyni zamanda irimiqyaslı tikinti-bərpa işləri sürətlə gedir. Müzəffər Ali Baş Komandanın bu ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İşğaldan azad edilmiş bütün ərazilərimizin əvvəlki simasının özünə qaytarılması üçün atılan addımlar hər birimizi qürurlandırır. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Tezliklə işlər sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında, sözün əsl mənasında, yeni mərhələ başlayacaq.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri