PDF Oxu

Siyasət

  • 3 679

Qubadlının azad edilməsi bizi Qələbəyə bir addım da yaxınlaşdırdı – DEPUTAT ŞƏRH ETDİ

Qubadlının azad edilməsi bizi Qələbəyə bir addım da yaxınlaşdırdı – DEPUTAT ŞƏRH ETDİ

“Vətən müharibəsinə qədər hər ilin müəyyən tarixlərində Ermənistan tərəfindən işğal olunmuş rayonların, şəhərlərin işğal tarixlərini kədərlə anır, həlak olanların ruhuna fatihələr oxuyurduq. 29 il bundan əvvəl də Qubadlı rayonu da işğal edilmişdi və eyni məqsədlə Qubadlı sakinləri ilə bir yerə toplanıb kədərli tarixi yad edir, eyni zamanda dünya birliyindən Ermənistanın cəzalandırılmasını, işğala son qoymasını tələb edirdik. Amma ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğul olduğu görüntüsü yaratsa da, illər bir-birini əvəz etsə də torpaqlarımız hələ də düşmənin tapdağı altında inləyirdi. BMT-nin 4 qətnaməsi isə həyata keçirilmədən lazımsız kağız parçası kimi bir kənara atılmışdı. Və o gün gəldi, Azərbaycan xalqı bir yumruq kimi ayağa qalxdı, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi altında düşmənə sarsıdıcı zərbələr endirdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadl şəhəri işğaldan azad olundu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Millət vəkili bildirib ki, işğal ediləndə Qubadlı rayonunun 94 yaşayış məntəqəsi var idi: “İnsanlar dinc yaşayırdı, əkin-biçin işləri ilə yenicə müstəqillik qazanmış Azərbaycanın inkişafına töhfə verəcəklərini düşünürdülər. Amma işğalçı Ermənistan silahlı qüvvələri Qarabağda olduğu kimi, Qubadlı rayonunda da minlərlə insanın arzularını ürəklərində qoydular. İşğala qədər 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti fəaliyyət göstərirdi. İşğal zamanı 7 məscid, kəndlərdəki əksər qəbristanlıqlar, səhiyyə və təhsil ocaqları, mədəniyyət abidələri erməni vandalizminin qurbanı oldu. Həmçinin işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün kimi respublikanın müxtəlif yerlərinə səpələndi. Ermənistan hökuməti beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq işğal dövründə Qubadlı ərazisində qeyri-qanuni məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri rayonun Xanlıq kəndində qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Qubadlı rayonunun azad edilməsi böyük Qələbəmizi xeyli yaxınlaşdırdı. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci ilin 25 oktyabr tarixində Qubadlıya etdikləri səfər zamanı bu rayonun dirçəldilməsi və tezliklə inkişaf etmiş bölgələrimizdən birinə çevrilməsi istiqamətində görülən işlər barədə ölkə ictimaiyyətinə ətraflı açıqlamalar təqdim olunmuşdu. Bu gün Qubadlıda yol infrastruktur işləri ən yüksək səviyyədə həyata keçirilir. Ötən müddət ərzində Qubadlı şəhərinin baş planı, rayonun kəndlərinin inkişaf konsepsiyası hazırlanıb. Baş plan ən müasir normalara uyğun hazırlanaraq, Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub”.

sia.az

Digər xəbərlər