Erməni KİV: “Axı sarı mətbuatdan siyasətə gələn sərsəm belə şeyləri haradan bilsin ki?”
Ermənistanın “Qolos Armenii” nəşri “İkinci kapitulyasiyaya beş dəqiqə qalmış” sərlövhəli məqalə ilə çıxış edib və həmin məqalədə Astanada keçirilmiş MDB ölkələri başçılarının sammiti zamanı Nikol Paşinyanın düşdüyü vəziyyəti diqqət çəkən nüanslarla şərh edib. Ümumiyyətlə, digər ölkə liderlərinin qarşısında Paşinyanın cılız və aciz görünməsinə işarə edən erməni nəşri yazır. SİTAT: “Uğursuz kapitulyant digər ölkələrin liderləri fonunda liderə deyil, daha çox paviana bənzəyirdi. O, Astanada çıxışı zamanı mətni kağızdan oxuyarkən kamera növbə ilə orada iştirak edənlərin ironik, nifrət emosiyalarını fiksasiya edirdi ki, Paşinyan başqa cür emosiyalara layiq də deyil”.
“Kollektiv Qərbin Paşinyanın şəxsinə artan marağı ona görədir ki...”
Adıçəkilən nəşr Paşinyanın publik şəkildə və spekulyativ vasitə ilə Rusiyanın öz üzərinə düşdüyü öhdəliklərini yerinə yetirməməsi barədə çıxışını da hədəfə alıb və yazıb ki, belə məsələlər açıq mətnlə həll olunmur. SİTAT: “Ancaq praktiki siyasəti anlamayan sərsəm bunu edə bilərdi. Axı sarı mətbuatdan siyasətə gələn sərsəm belə şeyləri haradan bilsin ki?”“Qolos Armenii” Qərbin Paşinyana nəyə görə bu qədər maraq göstərməsinə və diqqət ayırmasına da diqqət çəkib. SİTAT: “Kollektiv Qərbin Paşinyanın şəxsinə artan marağı ona görədir ki, Rusiyanı publik şəkildə hədəfə aldı və bildirdi ki, Rusiya özünün strateji partnyorlarının təhlükəsizliyini təmin etmək gücündə deyil. O, bununla göstərmək istəyib ki, Moskvaya ümid bəsləmək və onun partnyorluğuna arxalanmaq olmaz”.
“Azərbaycan Prezidenti Nikoldan fərqli olaraq diplomatiyanın elementar normaları ilə kifayət qədər tanışdır”
Erməni nəşri Paşinyanın qeyd edilən davranışları fonunda Azərbaycan Prezidenti İlham Əliyevin praqmatikliyinə və liderlik keyfiyyətlərinə toxunub. SİTAT: “Paşinyandan fərqli olaraq Əliyev sentyabrın 13-də baş vermiş hadisələrin başa çatmasında Rusiyanın rolundan danışıb. Ola bilsin ki, Azərbaycan Prezidenti belə düşünmür, ancaq o belə danışır, ona görə ki, Nikoldan fərqli olaraq diplomatiyanın elementar normaları ilə kifayət qədər tanışdır”.Nəşr Paşinyan hakimiyyətini rejim adlandırır və qeyd edir sentyabr olaylarının dayandırılmasında əsas işi ABŞ-ın dövlət katibi Entoni Blinken görüb. Eyni zamanda xatırladılıb ki, qarşıda Moskva görüşü gözlənilir və nəşr “əsas danışıqçı” deyərkən Paşinyanın dəyişdirilməsi, yəni iqtidardan uzaqlaşdırılması vacibliyinə də eyham vurub. SİTAT: “Nikolun Moskvaya xaç yürüşü Qərb dairələrinin açıq təhriki altında baş tutacaq və bu, erməni xalqına baha başa gələcək, əgər xalq yaxın zamanlarda əsas danışıqçını dəyişdirməsə...”
Rövşən RƏSULOV