PDF Oxu

Siyasət

  • 3 281

Zəfər salnaməsi Vətən, torpaq, yurd sevgisi ilə düşüncələrdə iz saldı ŞƏRH

Zəfər salnaməsi Vətən, torpaq, yurd sevgisi ilə düşüncələrdə iz saldı ŞƏRH

Mövcud fakt və reallıq ondan ibarətdir ki, müasir və müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ömrünü xalqına bağışlayan dahi liderin çoxşaxəli fəaliyyətinin öncül proqramı isə, şübhəsiz ki, üçrəngli şanlı bayrağımızın bütöv Azərbaycanda dalğalanması amalı idi. Mövzunun aktuallığını və əhəmiyyətini ön plana çəkən müdrik strateq böyük uzaqgörənliklə deyib: “Torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın xoşbəxt günü gəlib çatacaqdır”. Qürurlu haldır ki, bu gün məhz həmin tarixi anlara canlı şahidlik edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ümummilli liderin yolunu bütün istiqamətlər üzrə uğurla davam etdirərək ölkəmizi qüdrətli, qalib dövlətə çevirib. Möhkəm təməllər üzərində inamla inkişaf edən Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrildi, eyni zamanda qüdrətli ordu yaratmağa müvəffəq oldu. Təsadüfi deyil ki, sosial-iqtisadi güc, rəşadətli ordumuz mənfur düşməni əzəli torpaqlarımızdan qovaraq çıxardı, şanlı bayrağımız Vətən torpaqlarında, Qarabağın incisi sayılan Şuşada yenidən dalğalanmağa başladı.2020-ci ilin sentyabrın 27-də başlanan haqq savaşımızda zəfər çalan rəşadətli Azərbaycan Ordusu ölkəmizin maraqlarına uyğun olan yeni siyasi reallıqlar yaradıb. 30 ilə yaxın müddətdə işğala məruz qalan torpaqlarımız məhz ordumuzun nümayiş etdirdiyi peşəkarlıq və qəhrəmanlıqlar hesabına azad edildi. Vətən müharibəsində əldə edilən bu parlaq zəfər Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, bütün sferalar üzrə qadir olduğu qüdrətini bir daha nümayiş etdirdi. Uzun müddətdir ki, havadarlarının davamlı dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan, beynəlxalq hüququn bütün norma və prinsiplərini heçə sayan, özlərini əzəli torplaqlarımızda aborigen xalq kimi göstərməyə çalışan ermənilər və “yenilməz ordusu” 44 gün ərzində məhv edildi. İşğalçı ölkənin ordusu haqqında yaradılan mif və nağılların təbliğatı o qədər əhatəli idi ki, müharibədən sonra belə Ermənistan əhalisi uzun müddət acı reallıqlarla barışa bilmirdilər.44 günlük savaş təkcə ordumuzun arsenalında yer alan çoxsaylı müasir hərbi texnika və avadanlığın real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı. Bu müharibə eyni zamanda hərbi qulluqçularımızın, bütövlükdə xalqımızın Vətən, torpaq, yurd sevgisi ilə düşüncələrdə iz saldı. Xalq-lider-ordu vəhdəti qürur yerimizi olan ordunun əsas güc mənbəyinə çevrildi. Əminlik demək olar ki, Vətən sevgisi, milli həmrəylik sayəsində düşmən döyüş meydanından texnikalarını qoyaraq qaçmağa, aman diləməyə məcbur oldu. Müharibənin ilk günlərindən ölkə Prezidentinin rəhbərliyi ilə reallaşdırılan əməliyyatlar, düzgün döyüş strategiyası bir sıra mühüm yüksəkliklərin və digər ərazilərin geri qaytarılması ilə nəticələndi.Hər zaman olduğu kimi, öz çirkin niyyət və xislətindən vaz keçməyən Ermənistan ordumuzun qarşısında tab gətirə bilməyəcəyini anlayaraq bütün beynəlxalq konvensiyalara zidd olaraq “S-300”, “Smerç”, “İskəndər” kimi böyük dağıdıcı gücə malik raketlərlə döyüş zonasından xeyli aralıda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Qəbələ, Yevlax və digər dinc yaşayış məntəqələrini atəşə tutdu. Nəticə etibarilə mülki əhali arasında xeyli tələfat olmuş, müxtəlif təyinatlı müəssisələr, obyektlər dağıdılmışdır. Şübhəsiz ki, bu addımlar işğalçı ölkənin əsl simasını göstərməklə bərabər, həm də Azərbaycanı provakasiyaya çəkmək cəhdi idi. Düşmən lakin bir şeyi unutmuşdu ki, Azərbaycan ordusu düzgün və düşünülmüş döyüş strategiyasına uyğun olaraq müharibə aparır və hüququn bütün normaları ön planda saxlanılır. Beləliklə, məğrur Azərbaycan əsgəri mülki şəxslərə qarşı törədilən qanunsuz hərbi cinayətlərin qisasını düşməndən döyüş meydanında aldı. Artıq Ordumuzun güclü həmlələri qarşısında duruş gətirə bilməyən, məğlubiyyətin bir addımlığında olduğunu dərk edən düşmən əsgərləri qısa müddətdə döyüş mövqelərini tərk edərək qaçmağa başladılar. 44 günlük zaman kəsiyində atəşkəsə dəfələrlə məhəl qoymayan Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətdən savayı heç nəyə nail ola bilmədi.Vətən müharibəsinin diqqətçəkən xüsusi yönlərindən biri də bütün istiqamətlər üzrə məlumatlılıq səviyyəsinin artırılması, informasiyanın tam, dəqiq və dolğun ictimaiyyətə çatdırması, informasiya cəbhəsinin düzgün qurulması idi. Dövlət başçısı cənab İlham Əliyev 44 gün ərzində Azərbaycanın haqlı mövqeyini sistemli şəkildə daha geniş auditoriyaya çatdırılması məqsədilə çoxsaylı xarici kütləvi informasiya vasitələrinə müsahibələr verib. Əlavə olaraq bununla da erməni lobbisinin yalan təbliğat maşını darmadağın edildi.Ölkə Prezidentinin təbirincə desək, bir addım belə geriyə addım atmayan ordumuz qədim tarixə və bənzərsiz mədəniyyətə malik olan Şuşanı azad etməklə müharibənin talehini həll etdi. Strateji baxımdan alınmaz yüksəklikdə yerləşən Şuşa şəhərinin Azərbaycan əsgərinin misligörünməmiş qəhrəmanlığı, habelə döyüş planına uyğun olaraq azad edilməsi isə hələ də nəinki, erməniləri, hətta dünyanın hərbi ekspertlərini belə heyrətləndirməkdədir.Təbii ki, müharibə şəhidsiz, şəhidsizsə Vətən olmur. Öz canı, qanı bahasına ölümsüzlük zirvəsinə ucalanların əziz xatirəsi qədirbilən xalqımız tərəfindən hər zaman ehtiramla anılır, şəhid ailələri, qazilər, həmçinin müharibə iştirakçıları dövlətimiz tərəfindən ali diqqət və davamlı qayğı ilə əhatə olunurlar.Xüsusilə qeyd edilməldir ki, 10 dekabr 2020-ci ildə keçirilən möhtəşəm Zəfər paradı isə ümumilikdə 44 günlük Vətən müharibəsinin məntiqi yekunu idi və Azərbaycanın sahib olduğu hərbi gücü, tarixi Qələbəni dosta da, düşmənə də açıq bəyan etdi. Artıq Zəfər tariximizin ikinci ildönümü tamam olur. Azərbaycan xalqı haqlı olaraq bu günləri böyük qürur və iftixarla qeyd edir! Eşq olsun müqəddəs, parlaq Qələbəni bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna.

Tural Qasımlı
YAP Şamaxı rayon təşkilatının sədri

Digər xəbərlər