"Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 oktyabr 2020-ci il tarixində özünün rəsmi "Twitter" səhifəsində bildirib. Artıq müharibənin başlanmasından bir ay ötmüşdü. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə və yüksək idarəçilik dəyərləri və rəhbərliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqda idi. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunurdu. Artıq 4 şəhərin və onlarla kəndlərin, eləcə də bir neçə qəsəbəmizin işğadan azad olunması nəticəsində tariximiz yazılırdı. Qələbəmizi böyük sevinclə gözləyən milyonlarla insanın qəlbindəki sevinc hissi sonsuz idi. Rəşadətli əsgərlərimizin şücaəti nəticəsində cəbhədən aldığımız sevindirici xəbərləri Azərbaycan Prezidentinin şəxsən özünün xalqa müraciəti ilə çatdırılırdı. Ali Baş Komandanın hər zaman səsləndirdiyi kimi "Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür". Vətən Müharibəsində Azərbaycan Ordusunun uğurları və şücaəti ilə davam edirdi.
ORDUMUZUN SARSIDICI ZƏRBƏLƏRİ QARŞISINDA DURUŞ GƏTİRƏ ERMƏNİSTAN ORDUSU DİNC ƏHALİNİ HƏDƏFƏ ALMAQDA DAVAM EDİRDİ
Qələbə sevincləri ilə davam etdiyi zamanda düşmən qüvvələr ağır artilleriyadan istifadə edərək, dinc sakinlərimizin qətlinə yönəlmiş məqsədlə yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tuturdu. Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirirdi. İki il bundan əvvəl tarixin bu günü "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək", - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımda bildirmişdi.Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək, geri çəkilən Ermənistan ordusu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə yaşayış məntəqələrimizi və dinc əhalini hədəfə almaqda davam edirdi.
"DÜŞMƏNİMİZ BİLMƏLİDİR Kİ, HEÇ NƏ BİZİ HAQQ YOLUNDAN DÖNMƏYƏ MƏCBUR EDƏ BİLMƏZ"
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, bir gün sonra isə oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları oldu. Hər iki hücumlar nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı.
2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir. 28 oktyabr tarixində Bərdədə baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım etmişdir. Paylaşımda deyilirdi: "Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir. Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!".
DÜŞMƏNDƏN ALINAN HƏR BİR QİSAS, QƏLƏBƏ XƏBƏRLƏRİ XALQIMIZI QÜRURLANDIRIRDI
Onu da bildirək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutmaqda davam edirdi. Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulurdu. Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qaldı.Bütün bunlara baxmayaraq, düşməndən qisas alınırdı. Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını aldı. Ordumuzun bölmələrinin dəqiq zərbələri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edildi. Bərdə şəhidlərinin qisasını düşməndən layiqincə alan Ordumuz həmin gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, eləcə də 1 ədəd "Osa" ZRK, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 "Qiasint-Beynəlxalq" topu, 1 ədəd 120 millimetrlik minaatan, 1 ədəd "Konkurs" tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikasını məhv edərək sıradan çıxardı.Əlbəttə ki, düşməndən alınan hər bir qisas, qələbə xəbərləri xalqımızı qürurlandırır, dövlət-xalq-ordu birliyinin sarsılmazlığı bizi Zəfərə doğru aparırdı.
Zümrüd BAYRAMOVA