Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyindəki aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə görüşü nəzərdə tutulub. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Daha öncə Azərbaycan Prezidenti Gürcüstana bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfər edib.Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Qeyd edək ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, Algeti kəndində XVI əsrə aid qədim məscid bərpa olunub, Bolnisi rayonunun Həsənxocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib, Qardabani şəhərindəki 3 saylı, Tbilisi şəhərində M.F.Axundzadə adına 73 saylı Azərbaycan məktəblərinin, Dmanisi şəhərindəki 2 saylı məktəbin və bu rayonun Kirovisi kəndində məktəbin, Marneuli şəhərində 3 və 7 saylı məktəblərin binaları əsaslı təmir olunub, Qardabani rayonunun Qaracalar kəndində məktəb binası inşa edilib və Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb.Onu da deyək ki, Gürcüstanda tarixən yığcam halda yaşayan azərbaycanlı əhali 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən 233 min nəfər təşkil edir. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Ölkələrimiz arasında regionlarası əməkdaşlıq, həmçinin yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan Respublikası ilə Gürcüstanın bir sıra şəhərləri - Gəncə – Kutaisi (1995-ci il), Sumqayıt – Rustavi (2007-ci il), Naxçıvan – Batumi (2012-ci il), Şəki – Telavi (2012-ci il), Bakı – Tbilisi (2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il) arasında qardaşlaşma əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb. Azərbaycan Prezidentinin növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.
Könül İbrahimova
YAP Yasamal rayon AMEA Fiziologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri