PDF Oxu

Siyasət

  • 3 218

Azərbaycan-Gürcüstan: mehriban qonşuluqdan sarsılmaz dostluğa! ANALİTİK

Azərbaycan-Gürcüstan: mehriban qonşuluqdan sarsılmaz dostluğa! ANALİTİK

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər

Məlum olduğu kimi, oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə qonşu və dost ölkəyə rəsmi səfər edib. Eyni zamanda, bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Həmçinin, səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir ki, artıq belə addımların atılması ənənəvi xarakter alıb.Dövlət başçımızın Gürcüstana səfərlərinin sayı da belə qənaətə gəlməyə zəmin yaradır ki, iki qonşu və dost ölkənin regiondakı maraqları həm də bütövlükdə Cənubi Qafqaz üçün xüsusi önəm kəsb edir. Əbəs deyil ki, Prezident İlham Əliyevin oktyabrın 24-də həyata keçirdiyi səfər Gürcüstana sayca 10-cu səfəridir. Belə ki, daha öncə Azərbaycan Prezidenti Gürcüstana bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfər edib. Bütün bunlar həm də sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Tarix də bunu isbat edir. Belə ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.Qeyd edək ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.Bu gün ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir. O cümlədən, Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.Yeri gəlmişkən, onu da deyək ki, Gürcüstanda tarixən yığcam halda yaşayan azərbaycanlı əhali 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən 233 min nəfər təşkil edir. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.İki dost və qonşu ölkələr arasında qardaşlıq üzərində də ardıcıl işlər aparılır. Buna misal olaraq biz Azərbaycanla Gürcüstan şəhərlərinin qardaşlaşması faktlarını da göstərə bilərik. Beləliklə, Azərbaycan Respublikası ilə Gürcüstanın bir sıra şəhərləri - Gəncə – Kutaisi (1995-ci il), Sumqayıt – Rustavi (2007-ci il), Naxçıvan – Batumi (2012-ci il), Şəki – Telavi (2012-ci il), Bakı – Tbilisi (2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il) arasında qardaşlaşma əlaqələrinə dair müvafiq və tarixi memorandumlar imzalanıb.Beləliklə, Azərbaycan Prezidentinin Gürcüstan Respublikasına növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradır və bu reallıq qarşılıqlı səmimiyyətlə vurğulanıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri

Digər xəbərlər