PDF Oxu

Siyasət

  • 2 956

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub

Azərbaycanın xarici siyasətinin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görülüb və bu gün də həmin siyasət daha kreativ və zamanın tələblərinə, eyni zamanda milli maraqlarımıza uyğun olaraq davam etdirilir. Beynəlxalq münasibətlərin yeni düzəni dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin atdıqları addımdan asılıdır desək yanılmarıq. Azərbaycan da dünyada yürütdüyü siyasətlə, atdığı addımlarla özünün mövqeyini müəyyənləşdirir, gələcəyini təyin edir. Bu siyasət bu gün ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycan-Gürcüstan münasibətlərinin də tarixi ənənələri var. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Prezident İlham Əliyevin 24 oktyabr tarixli səfəri Azərbaycan-Gürcüstan arasındakı mövcud olan dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verdi. Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında ölkə başçımız iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən Azərbaycan-Gürcüstan münasibətlərinin müsbət dinamika ilə inkişaf etdiyini bildirib. Ölkələrimizin bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələri bu gün müttəfiqlik səviyyəsinə yüksəlib.Bu əməkdaşlıq həm də regional əhəmiyyətə malikdir. Belə ki, bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinə də diqqət çəkərək Qarabağ münaqişəsinin başa çatdığını və iki ölkə arasında sülh müqaviləsinin imzalanmaq vaxtının gəlib çatdığını bildirib. Bunun üçün Azərbaycan artıq beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq.İlham Əliyev qeyd edib ki, Gürcüstanda keçirilən görüşdə Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi aparıblar. “Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz də hazırıq”, – deyə dövlət başçısı bildirib.Qeyd edək ki, Gürcüstan indiki halda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar üçün ən optimal görüş yeridir. Bu gün danışıqların 3 formatı var. Birincisi, uzun müddətdir mövcud olan ənənəvi, Azərbaycan-Rusiya-Ermənistan formatıdır. Bu formatda danışıqlarda bəzi irəliləyişlər əldə olunsa da, proses yekunlaşmayıb, əsas məsələlər həll olunmamış qalır. Sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələsi hələ də həlli tapmayıb. İkinci format Avropa İttifaqının vasitəçiliyi ilə yaradılıb. Burada Aİ və ABŞ bir paketdə hərəkət edir. Fransa prezidenti Emmanuel Makronun bu ilin sentyabrında “France 2” telekanalında verdiyi Azərbaycanın guya Qarabağda “dəhşətli müharibə başlatması” və “Ermənistanla sərhəddə bir neçə hücum təşkil etməsi” barədə məşhur və qalmaqallı bəyanatından əvvəl təklif etdiyi üçüncü formatdır. Praqada Makron vasitəçi kimi çıxış edirdi, amma məlum oldu ki, o, vasitəçi ola bilməz, çünki onun bəyanatları Fransanı danışıqlara tərəf edib.Nəhayət, Prezident İlham Əliyevin Gürcüstanda yaradılmasını təklif etdiyi Qafqaz formatı. Azərbaycan Prezidenti Gürcüstana məhz buna görə getdi, əsas məqsədi bu formatın yaradılması idi. Bu, əslində Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar formatıdır və müvafiq olaraq Gürcüstan da bu prosesdə platforma təqdim edə bilər. Sülh müqaviləsi bağlanandan sonra isə rəsmi Tbilisi regionun ümumi quruculuğu prosesinə daxil edilir. Beləliklə, “Qafqaz evi” ideyası region ölkələrinin məsələləri öz aralarında həll etməsi və kənar vasitəçilərə ehtiyacın qalmaması demək olacaq.Əslində bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin necə praqmatik siyasətçi olduğunu və qlobal siyasi prosesləri düzgün qiymətləndirərək çevik mövqelər qoymasını aydın göstərir. Prezident İlham Əliyev həm ölkəmizi dünyada sülh tərəfdarı kimi təqdim edərək bütün formatlarda sülh danışıqlarına razı olduğunu bəyan edir, digər tərəfdən siyasi-diplomatik, iqtisadi imkanlarla Ermənistanı bu sülhə məcbur edir. İstənilən halda İrəvan sülh müqaviləsini imzalamağa, kommunikasiyaların açımasına, sərhədlərin delimitasiyasına razılıq verməyə məcbur vəziyyətdə qalır.Qeyd edək ki, qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi istiqamətində Azərbaycanın Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Əlbəttə, hər iki dövlət arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayıb.Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, Gürcüstana səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıq da böyük əhəmiyyət daşıyır. Sadəcə bir faktı demək olar ki, görüş çox maraqlı, həm də simvolik bir məkanda baş tutub.Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatla çıxışında bildirdiyi kimi, "Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır".

Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər