Tarixdən məlumdur ki, dünyanın ən inkişaf etmiş və demokratik dövlətlərinin mövcudluğunun əsas zəmanəti xalqın içindən çıxan güclü liderə və dövlətin idarə edilməsində mühüm rol oynayan, habelə ümumxalq dəyərlərin öz əksini tapdığı mükəmməl ideologiyaya sahib olmaqdır. Həmin ideologiyanın həyata keçirilməsində müdrik rəhbərə sahib aparıcı siyasi təşkilata da ehtiyac duyulmaqdadır. Müstəqil Azərbaycan Respublikasının bəxti onda gətirdi ki, 1990-cı illərin əvvəlində yaranmış ciddi böhran vəziyyətində uzun illərin sınağından çıxan, bənzərsiz siyasi təcrübə və səriştənin cəmləşdiyi liderə malik idi. Ümummilli Liderin rəhbərliyi altında dövlətçiliyin qorunması işində mükəmməl ideoloji əsaslara soykənən siyasi təşkilat isə düz 30 il bundan qabaq təsis edilmiş Yeni Azərbaycan Partiyası oldu.
Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurətdən qaynaqlanırdı
Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salanda, 30 il bundan əvvəl yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının tarixinin ən ağır mərhələlərindən birini yaşadığını görmək olar. Bu halda onu demək mümkündür ki, siyasi böhran, iqtisadi tənəzzül və işğalçılıqla üzləşmiş ölkədə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunması tarixi zərurətdən qaynaqlanırdı. Belə ki, 91 nəfər ziyalımız tərəfindən 1992-ci ilin oktyabrında Yeni Azərbaycan Partiyasının yaradılması təklifi ilə Ulu Öndər Heydər Əliyevə xüsusi müraciət ünvanlandı. Ümummilli Lider bu müraciətə cavab olaraq 24 oktyabr 1992-ci il tarixli məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və onun sədri olmağa razılıq verdi. Son nəticədə 21 noyabr 1992-ci il tarixində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasında ictimai-siyasi və tarixi xarakterinə görə əlamətdar və mühüm addım oldu. Çünki müstəqilliyin bərpasının ilk illərində Azərbaycanda “yağışdan sonra çıxmış göbələklər” kimi siyasi partiyaların sayı həddindən artıq olsa da, o dövrdə ölkənin gələcəyini müəyyənləşdirə biləcək siyasi təşkilata, eyni zamanda sözün əsl mənasında LİDERə ehtiyac vardı. Partiyanın təsis olunması Ümummilli Liderə böyük inam və sevgi bəsləyən xalqın bütün təbəqələrindən olan insanların ürəyincə oldu. Bu səbəbdən Yeni Azərbaycan Partiyası xalqın yeganə və əvəzolunmaz ümid yerinə çevrildi. Yeni Azərbaycan Partiyası həmin vaxtdan Azərbaycanın qədim dövlətçilik ənənələrinin keşiyində əzmlə dayandı, həmçinin gələcəyə doğru atılan addımlara öncüllük etdi.
Siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası qısa müddətdə mühüm uğurlara imza atdı
YAP-ın yaranmasından 6 ay sonra ölkəmizdə hərbi, ictimai və siyasi vəziyyət daha da gərginləşdiyi üçün partiyanın rəhbəri Ulu Öndər Heydər Əliyev Bakıya dəvət edildi, Ona hakimiyyətdə ali vəzifə həvalə olundu. Daha sonra dövlət başçısı vəzifəsini icra edən Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında keçirilən ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Lider bundan sonra ilk növbədə ölkənin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən ordu quruculuğu sahəsində vacib işlər həyata keçirdi. 1994-cü ilin yanvarından aperilnə qədər cəbhədə əldə edilən uğurlar düşməni atəşkəs sazişinə imza atmağa məcbur etdi. Məhz 1994-cü ilin may ayında imzalanmış atəşkəs sazişindən sonra bütün sahələrdə olduğu kimi, ölkəmizin ictimai-siyasi həyatında da canlanma müşahidə olundu. Həmin dövrdə öz liderinin hakimiyyətinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı üçün Yeni Azərbaycan Partiyası mühüm əhəmiyyət daşıyan addımlar atdı. Siyasi mühitin sürətlə inkişafı, demokratik dəyərlərə sadiq olaraq dövlətin yürütdüyü siyasət YAP sıralarının qısa müddətdə genişlənməsinə gətirib çıxardı.Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi qısa müddətdə mühüm uğurlara imza atdı. 1995-ci ildə keçirilən parlament seçkilərində həm proporsional, həm də majoritar sistem üzrə YAP-ın böyük üstünlüklə qalıb gəlməsi Ümummilli Liderin rəhbərlik etdiyi partiyanın cəmiyyətdə nüfuzunun nə qədər yüksək olduğunu göstərdi. 1998-ci ildə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin yenidən qalıb gəlməsi də gənclərdən ən yaşlılara qədər partiya üzvləri ilə yanaşı, bütövlükdə xalqımızın yürüdülən siyasətə böyük dəstək verməsini sübut etdi. Partiyanın 1998-ci ildən sonrakı fəaliyyətinə və siyasi proseslərə təsirinə gəlincə, qeyd etmək yerinə düşər ki, YAP-ın 20-21 dekabr 1999-cu il tarixlərində Bakı şəhərində keçirilən I Qurultayında partiyanın Nizamnamə və Proqramına dəyişikliklər və əlavələr edilməsi, rəhbər orqanlarının seçilməsi və digər məsələlər həll olunub. YAP-ın II qurultayı 2001-ci il 21 noyabr tarixində, yəni partiyanın yaranmasının 9-cu ildönümündə Bakı şəhərində keçirilib. Qurultay, onunla əlamətdar olub ki, həmin vaxt Milli Məclisin deputatı, ARDNŞ-in vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Heydər oğlu Əliyev YAP sədrinin I müavini vəzifəsinə seçilib.2005-ci il martın 26-da Bakı şəhərində keçirilən YAP-ın III Qurultayı istsina olmaqla, 2 avqust 2008-ci ildə keçirilən IV Qurultayı, 7 iyun 2013-cü ildə keçirilən V Qurultayı, 8 fevral 2018-ci ildə keçirilən VI Qurultayı prezident seçkiləri ərəfəsinə təsadüf edib və Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyev yekdilliklə partiyanın namizədi kimi irəli sürülüb və seçkilərdə qalib gəlib. 2003-cü ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak edən YAP-ın ölkədə keçirilən bütün parlament və bələdiyyə seçkilərində mühüm uğurları, partiyanın namizədi cənab İlham Əliyevin qələbəsi Ulu Öndərin ideyalarına xalqın böyük inam və etimadını olduğunu bir daha sübut edib.
Yenilənmiş Yeni Azərbaycan Partiyası müasir dövrdə alternativi yoxdur
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası 2020-ci ildə qarşısına qoyduğu əksər hədəflərə çatsa da, ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələri əhatə etdiyi üçün hakim partiyanın özündə də mühüm yeniliklər qaçılmaz idi. Partiyanın 2021-ci ilin martında keçirilən VII Qurultayında Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni strukturunun formalaşması, yaranmış yeni reallıqlara uyğun olaraq partiyanın fəaliyyətinin yenidən qurulmasının vacibliyini vurğulayaraq, yeni vəzifə və məqsədləri müəyyən etdi. Buna görə də VII Qurultayda mühüm təşkilati və struktur məsələləri də həll edildi. VII qurultay həm də onunla əlamətdar oldu ki, 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilən 2005-ci ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən YAP-ın sədr müavini seçilən Mehriban xanım Əliyeva 2021-ci il martın 5-dən YAP Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini təyin olundu. Onu da qeyd etmək yerinə düşər ki, YAP-ın Sədri İdarə Heyətinin qarşısında qısa bir zamanda partiyanın yeni Nizamnaməsinin və Proqramının hazırlanması tapşırığını qoydu. Partiyanın yeni Proqramında Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat, cəmiyyətdə şəffaflığın artırılması, ədalətli sosial təminat və vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, vətəndaş həmrəyliyinin təminatı, xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə qayıdışın həyata keçirilməsi və digər bir sıra məsələlər əks olunub. Vətən müharibəsindən sonrakı dövrə təsadüf edən YAP-ın sonuncu qurultayı təkcə qalib dövlətin hakim partiyasının sıralarının genişlənməsi ilə deyil, həmçinin bir çox siyasi partiyanın YAP-a qoşulması ilə də əlamətdar oldu. Bütün qeyd edilənlər belə bir fikir sölməyə imkan verir ki, yenilənmiş Yeni Azərbaycan Partiyası müasir dövrdə alternativsiz siyasi təşkilatdır.
44 günlük Vətən müharibəsində hakim partiyanın və gənclərimizin rolu böyük olub
Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikası elə bir inkişaf dövrünə qədəm qoydu ki, ölkəmiz nəinki regionda, hətta postsovet məkanında aparıcı mövqeyə çıxdı. Son illərdə əldə edilən nailiyyətlər sülh danışıqları aparan ölkəmizin öz silahlı qüvvələrinin də müasir döyüş qabiliyyəti olan orduya çevirməsinə şərait yaratdı.Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti öz müsbət nəticəsini verdi: Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Belə ki, Yeni Azərbaycan Partiyasının xüsusi töhfə verdiyi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımız olundu, düşmən kapitulyasiyaya məcbur edildi.Qeyd etmək yerinə düşər ki, ölkəmizin gələcəyi naminə 44 günlük Vətən müharibəsində xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşməsi torpaqlarımızın işğaldan azad olunmasında mühüm rol oynadı. Həmin dövrdə Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunana minlərlə gənc könüllü olaraq səfərbərlik idarələrinə üz tutdular, cəbhəyə yollandılar. Bir çoxları şəhid, qazi oldu, minlərlə partiya üzvü isə ordumuzun qələbəsi üçün bütün sahələrdə fəaliyyət göstərdilər. Eyni zamanda, YAP başda olmaqla, ölkədə fəaliyyət göstərən əksər siyasi təşkilatlar birlik və həmrəylik nümayiş etdirərək müharibə dövründə cəmiyyətdə yekdilliyə nail oldular. Buna görə də, demək olar ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ilə xalqın partiyası olan Yeni Azərbaycan Partiyası özünün bütün mühüm hədəflərinə nail oldu. Buna baxmayaraq, 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru əzmlə irəliləyir.
30 il əvvəl YAP-ın təsis edilməsi dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biridir
Əvvəldə qeyd edildiyi kimi, Yeni Azərbaycan Partiyasının yarandığı dövr xalqımız və dövlətimiz üçün olduqca həssas məqamlardan biri idi. Bununla yanaşı, ölkəmizdə genişmiqyaslı islahatlara ehtiyac duyulurdu. Həmin vaxt yürüdülən siyasət, ölkə daxilində həyata keçirilən islahatlar da bu qəbildən ehtiyatla, gələcəyə hesablanmış şəkildə həyata keçirilirdi. Ölkənin gələcək inkişafını sürətləndirmək və dövlət müstəqilliyini möhkəmləndirmək üçün yeni vəzifə və hədəflər müəyyənləşdirən Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən siyasi kursun əsasını qoydu. Həmin dövrə nəzər yetirəndə, Ümummilli lider Heydər Əliyevin müdrikliyi və dövlət idarəçiliyində yüksək qabiliyyəti sayəsində bütün sahələrdə konkret proqramlarının hazırlanması, yeni layihələrin formalaşması kimi mühüm işlər görüldüyünün şahidi oluruq. Azərbaycanın inkişafı üçün tərəddüd etmədən çalışan YAP-ın qısa müddətdə ölkənin ən kütləvi siyasi təşkilatına çevrilməsinin səbəbi xalqın öz liderinə bəslədiyi böyük inam oldu. Bunlardan yola çıxaraq demək olar ki, Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin yeni inkişaf dövrünün məhək daşlarından biridir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu 2003-cü ildən öz yeni lideri Prezident İlham Əliyevin fəaliyyətində davam etdirməyi əsas götürən YAP dövlət başçısına yekdilliklə dəstək verdi. Həmin dəstəyin nəticəsidir ki, Azərbaycan bu illər ərzində həm iqtisadi müstəqilliyini möhkəmləndirdi, həm də ordu quru¬culuğunda mühüm uğurlar əldə etdi. Bütün bunların fonunda ölkəmizin beynəlxalq arenadakı nüfuzu da artdı.Əldə edilən nailiyyətlərə baxmayaraq, Yeni Azərbaycan Partiyasının rəhbəri İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərində yenidən dövlət başçısı seçiləndən sonra ölkənin inkişafı üçün mühüm addımlarını davam etdirir. Bu məqsədlə yeni çağırışlara uyğun olaraq müasir dövlət idarəçilik sisteminin formalaşdırılması üçün ölkədə geniş islahatlar həyata keçirilir.Hakim partiya ölkəmizin inkişafı yönündə fəaliyyəti ilə son illərdə də özünü ümumxalq partiyası olduğunu, daim dövlətimizə və xalqımıza xidmət yolu tutduğunu təsdiq etdi. Bu baxımdan, 30 il əvvəl YAP-ın təsis edilməsini dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirmək olar. Ən nəhayət, uzun illər ərzində həyata keçirdiyi siyasətlə Yeni Azərbaycan Partiyası sübuta yetirdi ki, müstəqil Azərbaycanın yüksək inkişafına nail olmağa, əmin addımlarla onu gələcəyə aparmağa qadirdir. Beləliklə, birmənalı şəkildə demək olar ki, 30 yaşlı Yeni Azərbaycan Partiyası uğurlu gələcəyimizin avanqardıdır.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü