Dövlət başçısının Sərəncamı ilə Rauf Abdullayev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Qədim tarixi dövrü əhatə edən Azərbaycan musiqisi dünya musiqi inciləri sırasında öz layiqli qiymətini almış, hər zaman böyük maraq hissi ilə qarşılanmışdır. Milli musiqi mədəniyyətimizin nailiyyətləri bu sənəti yaşadan və təbliğ edən böyük korifey sənətkarların əməyi, fitri istedadı nəticəsində əldə olunmuşdur. Musiqi sənəti tariximizə diqqət yetirdikdə, görürük ki, bu yoldan keçən və həyatını sırf milli mədəniyyətin inkişafına həsr edən kifayət qədər sənətkarlar vardır. Onların yaradıcılıq nümunəsi zaman-zaman yaşanaraq, bu günə qədər gəlib çatmış, müasir dövrümüzdə də layiqli bir şəkildə istedadlı ifaçılar tərəfindən davam etdirilməkdədir. Daim Azərbaycan milli musiqisini təbliğ və inkişaf etdirməyə, geniş bir məkanda tanınmağa cəhd edən musiqi xadimləri - bəstəkarlar, musiqişünaslar, dirijor və ifaçılar Azərbaycan musiqisinin inkişafı və təbliği yolunda əllərindən gələni əsirgəməmişlər.Klassik ənənələri yaşadan və onu inkişaf etdirərək, yetişən nəslə təbliğ edən sənətkarlar dövlət tərəfindən qiymətləndirilərək, əməyinə böyük qiymət verilir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl olaraq Azərbaycan mədəniyyətinin və sənətinin inkişafı ilə bağlı imzaladığı sərəncamlar diqqət mərkəzindədir. Sənət xadimlərinin mükafatlandırılması, orden və medalarla təltif olunması, mədəniyyət ocaqlarının müasir standartlara uyğun olaraq bərpa olunması, muzey, kitabxana işinin təkmilləşdirilməsi, eləcə də, kino sənətinin inkişafı ilə bağlı verilən sərəncamlar, məhz Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi yönümündə atılan addımlardır. Bu günlərdə oktyabrın 28-də dövlət başçısının Sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə, Rauf Canbaxış oğlu Abdullayev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. 85 illik ömür yolunu milli mədəniyyətimizin inkişaf və təbliğinə həsr edən sənətkarın yaradıcılığına verilən qiymət onun sənət dünyasına olan diqqətdir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş dirijor Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edib. "Hörmətli Rauf Abdullayev! Sizi 85 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, milli musiqi mədəniyyətimizin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun! Dərin hörmət və sevgilərlə, MEHRİBAN".Dirijorluq sənəti olduqca məsuliyyətli və çətin bir sənətdir. Ansamblın bütün üzvlərinə nəzarət edərək, onları düzgün istiqamətə yönəldərək musiqi əsərinin gözəl şəkildə ifa olunmasını təmin etmək böyük istedad və zəhmət tələb edir. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olan R.Abdullayev bütün ömrünü musiqi sənətinin inkişafına həsr etmişdir. 1937-ci ildə anadan olan sənətkar 1959-cu ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və 1965-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasını dirijorluq üzrə bitirmişdir. Tərcümeyi-halına nəzər salarkən görürük ki, o, 1965–1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, 1968–1984-cü illərdə baş dirijoru, 1984-cü ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1991–1997-ci illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olub. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına - istər klassik, istərsə də müasir repertuarda dirijorluq edib. Dünyanın bir çox ölkələrində - Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s. məşhur kollektivlərə dirijorluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.Onun yaradıcılığına dövlətimiz tərəfindən hər zaman diqqət olmuşdur. Belə ki, 1970-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına, 1982-ci ildə "Azərbaycan SSR xalq artisti" fəxri adına, 1988-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, eləcə də müxtəlif illərdə "Xalqlar Dostluğu" ordeni, "Şərəf" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb. Bu günlərdə isə I dərəcəli "Əmək" ordeni iəl təltif olunub.Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan və bir çox dünya bəstəkarlarının əsərləri məharətlə ifa olunub. Azərbaycan bəstəkarlarının bir çox operaları, balet və simfoniyaları, məhz Rauf Abdullayevin rəhbərliyi ilə ilk dəfə ölkə daxilində və xaricdə səsləndirilib. Bütün bunlarla yanaşı, Rauf Abdullayevin ölkəmizdə gənc musiqiçi nəslinin yetişməsində də müstəsna xidmətləri olub. Maestronun pedaqoji fəaliyyəti nəticəsində ölkəmizdə yeni-yeni savadlı, istedadlı gənclər ortaya çıxıb. Rauf Abdullayevin dövlət başçısının Sərəncamı ilə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi 85 illik ömür yolunun milli mədəniyyətimizin inkişaf və təbliğinə həsr edən sənətkarın yaradıcılığına verilən yüksək qiymət, sənət dünyasına göstərlən diqqətin bariz nümunəsidir.
Zümrüd BAYRAMOVA