PREZİDENT İLHAM ƏLİYEV: " Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq"
Bəli, bu gün yaradılmasının 30-cu ildönümünü qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli yolu, 850 minə yaxın üzvü sıralarında birləşdirməklə Azərbaycan reallıqlarının, ulu öndər Heydər Əliyev ideyalarının təbliğinə geniş imkanlar açılması təhlil olunmaqda, böyük gələcəyi olan təşkilat kimi dəyərləndirilməkdədir. Düz 30 il öncə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
YENİ AZƏRBAYCAN PARTİYASI: DÜNƏNİN, BU GÜNÜN VƏ GƏLƏCƏYİN PARTİYASI
30 il öncə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olaraq çox böyük və şərəfli yol keçib. Tarixə nəzər salsaq, görərik ki, Yeni Azərbaycan Partiyası ölkədə özbaşınalığın, xaos və anarxiyanın gökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu müraciət Azərbaycan xalqının çağırışı idi. Bu çağırışda Yeni Azərbaycan Partiyasının yaradılması və bu partiyaya Heydər Əliyevin rəhbərlik etməsi xahiş edilirdi. Heydər Əliyev xalqın səsinə səs verdi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət bacara bilərdi. Bacardı da! Lakin Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular və Heydər Əliyev YAP-ın sədri seçildi. Qısa zaman içində Yeni Azərbaycan Partiyası xalqın içində böyük nüfuza sahib oldu və 1993-cü il prezident seçkilərində Heydər Əliyev və onun rəhbərlik etdiyi partiya seçkilərdə qalib gəldi. Prezident seçkilərindən sonra Azərbaycan xalqı tam əmin oldu ki, hakimiyyət etibarlı əlllərdədir. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında köklü şəkildə dönüş yaratdı. Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirdi. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan olundu. Həmin ildə “Əsrin müqaviləsi” imzalandı, 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildi və digər mühüm əhəmiyyətli işlər həyata keçirildi. Bununla da Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu.
ULU ÖNDƏRİN SİYASİ KURSUNU LAYİQİNCƏ DAVAM ETDİRƏN, YENİ AZƏRBAYCAN PARTİYASININ SƏDRİ, PREZİDENT İLHAM ƏLİYEV ÇOX BÖYÜK UĞURLAR QAZANDI
Bəli, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ötən 30 ildə çətin, uğurlu və şərəfli yol keçmiş dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası ölkəmizin dayanıqlı inkişafına mühüm töhfələr verib. Və bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, qətiyyəti və ideyaları əsasında yaradılmış Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki Azərbaycanın, bütünlükdə Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyasına çevrilib. Bu gün Yeni Azərbaycan Partiyasının sıraları getdikcə artması xalqımızın dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir.Bəli, Yeni Azərbaycan Partiyasının fəaliyyəti təkcə keçmişimizlə yox, həm də bu günümüz, gələcəyimizlə bağlıdır. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərinin nəticələri də bir daha göstərdi ki, bu siyasi təşkilatın fəaliyyətinin ictimai-fəlsəfi mahiyyəti Azərbaycanın milli dövlətçilik ənənələrinin inkişafı ilə sıx bağlıdır və hələ uzun illər onun siyasi həyatımızda həlledici rol oynayacağı şübhə doğurmur. Bu mənada Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev daim bəyan edir ki, o, Heydər Əliyev ideyalarına, onun müəyyənləşdirdiyi yola alternativ görmür və gələcək fəaliyyətini də məhz bu prinsiplər əsasında quracaqdır: "Mən öz seçkiqabağı çıxışlarımda dəfələrlə demişdim ki, bu siyasətə sadiq olacağam. Bir vətəndaş kimi, bir siyasətçi kimi mən açıq-aydın görürəm ki, Azərbaycanda bu siyasətə alternativ yoxdur. Əgər biz istəyiriksə ki, Azərbaycan xalqı rahat, xoşbəxt yaşasın, bu siyasət mütləq və mütləq davam etdirilməlidir".
QALİB XALQIN QALİB PARTİYASI - PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI SİYASƏTİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, EYNİ ZAMANDA, ONUN SƏDRİ OLDUĞU PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ DEMƏKDİR
Bəli, Azərbaycan xalqı bu günlərdə Qələbə sevincini ikinci ildönümünü qeyd edəcək və bu Qələbə sevincini azərbaycan xalqına yaşadan Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin qətiyyətli iradəsi, sərkərdəlik məharəti və müdrik siyasətinin nəticəsidir ki, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə nəticələndi. Bu şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Və bu gün partiyamızın 30 ilini Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd etməyimiz hər bir YAP üzvünün böyük sevincidir. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Həmçinin, 30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də VII qurultayının keçirilməsi də böyük tarixi hadisə idi. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də bu 30 illər ərzində Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə doğru getdiyinin bir daha əyani şəkildə sübutu idi. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.Beləliklə, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın VII qurultayından ötən dövr ərzində həyata keçirilən islahatlar fonunda ölkədə yeni siyasi mühitin formalaşması, siyasi və milli həmrəyliyin daha da güclənməsi, hakim partiyanın fəaliyyətində, idarəetmədə yeni keyfiyyət dəyişiklikləri müşahidə olunur. Həmçinin həyata keçirilən islahatlar partiyanın fəaliyyətində çeviklik və səmərəliliyin artmasına səbəb olub. Partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi, “İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”. Bir sözlə, bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
RƏFİQƏ HÜSEYNOVA