Bu gün xarici ölkələrdə “siyasi mühacir” adı altında düşmən mövqeyini müdafiə edən, sapı özümüzdən olan baltaların arxasında Azərbaycandan çıxarılan xarici fondların mərkəzləri dayanır
Vaxtilə ölkəmizdə mövcud olmuş müxtəlif adda xarici fondların bu və ya digər şəkildə, eləcə də məqsədli qaydada anti-Azərbaycan xarakterli fəaliyyət göstərmələri kimsəyə sirr deyil. Belə fondlar əsasən ölkəmizdə maraqları olan dövlətlərin gizli casus şəbəkələri qismində siyasi partiyalarla, QHT-lərlə əməkdaşlıqlar qurur, müqabilində isə “layihələr” adı altında qrantlar ayırmaqla özlərinə cəlb edirdilər. Bu kimi fondlar içində ən çox seçiləni isə amerikalı milyarder Corc Sorosun Bakıda açdığı eyniadlı Soros Fondu idi. Həmin qurumla paralel olaraq digər Qərb fondları da zaman-zaman müştərək fəaliyyət göstərməklə Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq üzərində aldıqları sifarişlərini müxalifət partiyaları və siyasiləşmiş QHT-lər vasitəsi ilə həyata keçirməyə cəhd göstəriblər. İcazəsiz mitinq və küçə yürüşlərindən tutmuş digər qaragüruhçu vasitələri mexanizm olaraq işlədən daxili və xarici qüvvələrin köklü məqsədləri anti-Azərbaycan dairələrinin fəaliyyətlərini genişləndirməkdən ibarət idi. Məhz bu kimi faktlar ifşa edildikdən sonra belə təşkilatların Azərbaycandakı fəaliyyətlərinə qadağa qoyuldu.
Novella Cəfəroğlu: “Ölkədən çıxarılmış xarici fondlardan maliyyələşənlər bu gün ermənidən daha kəskin çıxışlar edirlər”
Bu gün xarici ölkələrdə “siyasi mühacir” adı altında düşmən mövqeyini müdafiə edən, sapı özümüzdən olan baltaların da arxasında Azərbaycandan çıxarılan xarici fondların mərkəzləri dayanırlar. Maraqlıdır ki, hətta belə fondların rəhbər strukturlarında erməni lobbisinin dayaqları da mövcuddur.Yeri gəlmişkən, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin keçirilən iclasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı çıxışında qeyd edib: “Ölkədən çıxarılmış xarici fondlardan maliyyələşənlər bu gün ermənidən daha kəskin çıxışlar edirlər”.Görünən isə budur ki, xüsusilə dünyada baş verən qlobal siyasi-ictimai kataklizmlər fonunda bədxah qüvvələr əl-qol açmağa, fəallaşmağa cəhdlər göstərirlər. Söz yox ki, onlara bu müstəvidə “impuls” verənlər də xarici ölkələrdəki ermənipərəst dairələrdirlər. Bu baxımdan, mövcud məsələdə ictimai nəzarət mexanizmləri gücləndirilməli, vətəndaş mövqeyi daha fəallaşmalıdır ki, belə bədxah qüvvələrin məqsədləri ayaq açıb, yürüməsin. O cümlədən, əlbəttə ki, qanunların sərtləşdirilməsinə də ciddi ehtiyac duyulmaqdadır.
Rövşən RƏSULOV