PDF Oxu

Siyasət

  • 2 637

YAP 30 il - xalq-dövlət birliyinin zəfər partiyası! TƏHLİL

YAP 30 il - xalq-dövlət birliyinin zəfər partiyası! TƏHLİL

Bu gün özündə 750 mindən çox insanı birləşdirən partiyamızın Cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriliyi yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Yəni, YAP-ın yaranmasını tarixi zərurət və Azərbaycan xalqının taleyi diktə edirdi. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir LİDERİN ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin tarixi müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi vurğulanırdı və bu, həmin dövr üçün heç də asan bir məsələ deyildi...
Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə, bacarıq tələb edirdi
Torpaqlarımızın erməni təcavüzünə uğradığı, xalqın rifah halının günü-gündən pisləşməsi və s. amillər qarşıda nəhəng işlərin görüləcəyi tələblərini artırmaqda idi. Məhz Ulu Öndər Heydər Əliyev də bilirdi ki, o bu müraciətə müsbət cavab verdikdən sonra onun qarşısında çətin anlar, ağır iş prosesi dayanacaq. Ancaq o, daha sonralar vurğuladığı kimi, canını Azərbaycan dövləti və Azərbaycan xalqı üçün fəda etməyə hazır idi və bu müraciətə səssiz qala bilməzdi. Beləliklə, Ümummilli Liderin qarşısında dayanan mühüm məsələlər bunlardan ibarət idi - Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı, ölkəmiz beynəlxalq aləmə çıxış yolunu tapmalı və iqtisadiyyatını güclənədirməklə qüdrətli ordu yaratmalı idi. Eyni zamanda, qeyd edilənlərlə paralel olaraq bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı idi. Ən əsası isə dövlətçiliyin bərpası və qorunub saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Eyni zamanda, dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə, bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Heydər Əliyev ola bilərdi! Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi. Söz yox ki, həmin dövrlərdə YAP-ın yaradılması üçün çox maneələr törədilirdi. Lakin xalqın təkidli tələbi bütün bu maneələri aradan qaldırdı və bu da asan proses deyildi...
Azərbaycan xalqı bu seçimi ilə artıq özünün nicat yoluna qədəm qoydu
Misal üçün, həmin vaxtlar xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı səriştəsiz şəxslərin rəhbərlik etdiyi hakimiyyətin maneələr yaratması ucbatından, partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Yenə də xalqın Heydər Əliyevə olan inamını bəzi qaragüruhçu qüvvələr sarsıda bilmədilər. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ulu Öndər Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Deyərdim ki, Azərbaycan xalqı bu seçimi ilə artıq özünün nicat yoluna qədəm qoydu. Çünki qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Biz sual edə bilərik ki, bəs partiyanın yaranması ilk olaraq hansı məqamları özündə ehtiva etdi? YAP öz təsisi ilə ilkin olaraq Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Qarşıda ölkəni çətin, böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd dayanırdı.Başqa tərəfdən, YAP öz yaranışı ilə Azərbaycanın çağdaş dövr tarixində ilk konstruktiv müxalifət partiyası nümunəsini də meydana çıxarmış oldu. Partiyamızın bu gün Cənubi Qafqazdakı, eləcə də postsovet məkanındakı siyasi nüfuzunun, siyasi gücünün və populyarlığının bir səbəbi də budur.
YAP-ın keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib
Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət yeridildi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.Bu gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının firavan gələcəyinə hesablanan mütərəqqi siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla, mütəşəkkil qaydada və ali idarəçilik reallıqları, həmçinin praqmatik siyasət faktorları həyata keçirilir. Belə bir siyasi kursu davam etdirmək isə heç də asan məsələ deyil. Çünki burada Heydər Əliyev ideologiyası, Ulu Öndər məfkurəsi mövcuddur. Bu ideologiya, məfkurə və dövlətçilik fəlsəfəsi isə kifayət qədər zəngindir. Partiyamızın Sədri, möhtərəm İlham Əliyev cənabları xalqımıza və dövlətimizə rəhbərlik etməyə başladığı gündən belə bir siyasi kursu layiqincə davam etdirməyin həm də nə qədər böyük məsuliyyət daşıdığını bilirdi. Artıq bizlər bu gün birmənalı şəkildə və əminliklə, həm də dəfələrlə vurğulayırıq - ölkə Prezidenti İlham Əliyev bu kursun ən layiqli davamçısıdır. YAP-ın da ümumxalq partiyasına çevirlməsi faktı bu mükəmməl dəyərə söykənir. Əlbəttə, bunun başlıca səbəblərindən biri də birbaşa dövlət başçımız, partiyamızın Sədri İlham Əliyevin xalq arasındkı böyük nüfuzudur. Onun adi vətəndaşlarla səmimi görüşlərindən tutmuş həm də hər bir azərbaycanlının Prezidenti olması faktını əməli şəkildə isbatlaması bu cür nəticə hasil etməyə zəminlər yaradır. Daha dəqiq desək, partiyamızın Sədrinin şəxsi keyfiyyəti, Onun Heydər Əliyev ideyalarına sonsuz sədaqəti, Azərbaycan dövlətinin siyasi və iqtisadi nüfuzunun artmasına yönələn fəaliyyəti partiyamızın xalq qarşısındakı hörmət və inamını artırır. Bizi sevindirən, fərəhləndirən amil də budur ki, artıq hər bir YAP üzvü bilavasitə Heydər Əliyev ideyalarına, bu ideyaların inkiaf etməsinə sədaqətlə xidmət edir. Bu sədaqət hazırda Prezident İlham Əliyev siyasəti kontekstində bütün məziyyətləri ilə sübuta yetirilməkdədir.
VII qurultaydan irəli gələn tələblər uğurla həyata keçirilir
Bildiyiniz kimi, bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının keçirilən növbəti - VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Həmçinin Vətən müharibəsindəki şanlı Zəfərdən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması paralellik təşkil etməklə ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı. Hakim partiyanın növbəti ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı – Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu. Ona görə də deyə bilərik ki, bu qurultay demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək. Prezident, Yeni Azərbycan Partiyasının Sədri İlham Əliyev daim özünün geniş, dərin məzmunlu və proqram xarakterli çıxışlarında vurğulayır ki, əldə edilən uğurlarla kifayətlənmək olmaz. Yalnız növbəti uğurlara və qələbələrə doğru inamla addımlamaq hər birimizin borcudur. Bu gün sıralarında 760 580 insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət də əlbəttə ki, göz önündədir. Yaranmasının 30 illiyi tamam olacaq partiya ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Prezidentin də söylədiyi kimi, YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyanın böyük ənənələri var! Beləliklə, biz həm də onu deyə bilərik ki, bu gün Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi mütərəqqi islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki görülən işlər və Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir. Və bu gün özündə 750 mindən çox insanı birləşdirən partiyamızın cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir. Partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf edəcəyinə inanır və bu yolda özünün töhfələrini verəcəkdir.
Ölkə Prezidenti Azərbaycan xalqına müraciətində də dediyi kimi, ATA vəsiyyətini yerinə yetirdi
Daha bir mühüm məqam: bizlər Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyini Vətən müharibəsinin şanlı Zəfərinin ikinci ilinin qeyd olunduğu bir tarixi ərəfələrdə qeyd edirik.Təbii ki, YAP-ın təmsilçiləri olaraq belə bir mötəbər təşkilatda olmağımızla qürur duyuruq və eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünün qədirbilən xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf etdiyini daim xatırlayır, bizdən sonra gələn nəsillərə onun bir sıra mühüm faktorlarını aşılayırıq. Bu gün məhz Azərbaycan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 gün ərzində “Dəmir yumruq” əməliyyatını icra edən qüdrətli Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlıqları xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Digər tərəfdən, bu qalibin məğlub üzərindəki bir zəfərdir – Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, güclü Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin zəfəridir. Məhz bu zəfərin qazanılmasında Yeni Azərbaycan Partiyasının yeri və rolunun olması da təşkilatımızın şərəf tarixinə silinməz qalibiyyət imzasını atmış oldu. Bu gün Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları özünün mütərəqqi diplomatik siyasəti ilə həm siyasi meydanın, həm də döyüş meydanının qalibidir. Azərbaycan xalqı öz Liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycan xalqına müraciətində də dediyi kimi, ATA vəsiyyətini yerinə yetirdi, son 19 ildə həyata keçirdiyi Güclü Dövlət, Güclü Ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Və ən nəhayət - əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Bu baxımdan biz əminliklə vurğulayırıq ki, Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır!

Aqil MƏMMƏDOV,
Milli Məclisin deputatı

Digər xəbərlər