“Soçi görüşündə Rusiya tərəfi Azərbaycan və Ermənistan tərəfinə öz marağının nədən ibarət olduğunu göstərdi. Ukrayna hadisələrindən sonra Rusiya Cənubi Qafqazdakı proseslərdən bir qədər kənarda qalmışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.Onun sözlərinə görə, amma Soçi görüşünü keçirməklə Putin regionda olduğu mesajını həm Qafqaz ölkələrinə, həm də Qərb dairələrinə göstərmək niyyəti güdürdü: “Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə 15 təkliflə getmişdi. Onun heç bir təklifi qəbul edilmədi. Yekun bəyanata nəzər salsaq və Nikol Paşinyanın dünən Soçidən razı qayıtmasını nəzərə alsaq bu zaman görmüş olarıq ki, Ermənistan baş nazirinin Soçi görüşü ərəfəsində Rusiyanın lehinə bəyanatlar səsləndirməsi ona kömək etmədi.Cənab Prezident İlham Əliyev öz prinsipiallığını birdaha Rusiya və Ermənistan qarşısında nümayiş etdirdi. Azərbaycan maraqlarının tapdalanmasına icazə vermədi. Nəticə etibarı ilə görüşdə Qarabağ ifadəsinin olmaması da bunun əyani nümunəsidir. Ümumulikdə isə Soçi görüşündə hər hansısa hüquqi sənədin qəbul edilməsi gözlənilmirdi. Biz bilirik ki, Rusiya platformaları ilə yanaşı Qərb platformaları da mövcuddur. Düşünürəm ki, Soçi görüşü Qərb platformasında əldə edilən razılaşmaların bir qədər səngiməsi və razılaşdırmaların dondurulması ilə nəticələnək. Çünki Rusiya tərəfi yəqin ki, dünən Paşinyanla təkbətək görüşündə Rusiyanın qırmızı çizgilərinin nədən ibarət olduğunu Ermənistan baş nazirinin diqqətinə çatdırdı”.
Müəllif: Səbinə Hüseynli