1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Belə ki, dünya ölkələrinin inkişaf təcrübəsinə əsasən istənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. İqtisadi transformasiya prosesi adətən təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünü iki əsas mərhələyə ayırmaq olar: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri. Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı.Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. 1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş, qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması və ixracın təşviqi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. AZPROMO tərəfindən rabitə və informasiya texnologiyaları, maliyyə, kənd təsərrüfatı, tikinti, mebel istehsalı, nəqliyyat, səhiyyə kimi sektorlar üzrə Azərbaycanda və xaricdə biznes forumlar təşkil edilmişdir. Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonaların yaradılmasının qanunvericilik bazası formalaşdırılmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirərək, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirdi və daha da inkişaf etdirdi. Əsas məqsədlərindən biri ölkənin işğalda olan ərazilərini azad etmək, məcburi köçkünləri öz doğma torpaqlarına geri qaytarmaq idi. Buna görə də Azərbaycan ordusunun Qafqazda ən güclü orduya çevrilməsi zəruri oldu. 3.3 milyard dolları keçən illik hərbi büdcəsi, ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkəyə çevrildi. Azərbaycan silahlı qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqlədi. Azərbaycanın gəlirlərinin artması ilə paralel şəkildə silahlı qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirdi. Bu, militarizasiya siyasəti deyil və Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri, regionu əhatə edən rikslər, Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması, torpaqlarının 20 faizə yaxınının 20 ildən artıqdır işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə yönəlmiş vasitəçilik səylərinin nəticə verməməsi ilə bağlı atılmış məcburi addım idi. Və o gün gəldi, Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu hərəkətə keçdi. Uzun illər işğal altında qalan torpaqları düşməndən azad etdi. Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz şücaətlər göstərdi, torpaqlarımızın müdafiəsi uğrunda örnək olacaq mübarizə apardı. Bunun nəticəsində Azərbaycan xalqı 30 il ərzində işğala məruz qalan doğma yurdlarına qovuşdu. Bu qələbə heç də təkcə 44 günlük müharibənin nəticəsi deyil. Son 17 ildə aparılan uğurlu daxili və xarici siyasət, iqtisadiyyatımızın daha da gücləndirilməsi, qazanılan beynəlxalq nüfuz, gənclərimizin vətənpərvər ruhda tərbiyəsi, Vətənə canla-qanla bağlılıq, milli-mənəvi dəyərlərə hörmət hisslərinin təbliğ edilməsi kimi mühüm addımlar möhtəşəm zəfərimizi şərtləndirdi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusu BMT və vasitəçi dövlətlərin əvəzinə, bu qətnamələrin icrasını, tarixi ədaləti və beynəlxalq hüququ faktiki təkbaşına gerçəkləşdirdi. Yaşadığımız bu böyük tarix Prezident İlham Əliyevin siyasi iradəsinin, ordu quruculuğuna bu illər ərzində sərf etdiyi gərgin əməyin və qəlblərdə vətənpərvərlik ruhunun yaşadılmasının nəticəsidir. Böyük qələbəmiz Azərbaycan dövlətinin ortaya qoyduğu hərbi gücün, Prezident və xalq birliyinin, ümummilli məsələlərdə birləşə bilməyimizin və qardaş Türkiyənin, eləcə də digər dost ölkələrin göstərdikləri siyasi-mənəvi dəstəyin bəhrəsidir.
Zahid Cəfərov
Yap Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri