PDF Oxu

Siyasət

  • 5 006

8 Noyabr – tarixi yaddaşımızın qızıl səhifəsi

8 Noyabr – tarixi yaddaşımızın qızıl səhifəsi

Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Torpağa, yurda sevginin əsası isə ailədə və məktəbdə qoyulur. Biz bu vətəndə yaşayır, bu vətənin havasını udur, bu vətənin suyunu içiriksə Vətənimizin uğurunda canımızdan, qanımızdan belə keçməyə hazırıq. Milli ruhda, milli düşüncədə böyüyərək hərəmiz bir qarabağlı olduq, hərəmiz ölkəyə layiqli vətəndaş olmağa çalışdıq və bundan sonra da çalışmalıyıq. Mən xoşbəxt gəncəm ki, mənim uşaqlıq illərim Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına Prezident təyin edildiyi ərəfələrə düşmüşdür. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Qarabağın və ətraf rayonların işğalı nəticəsində 1 milyon insan ev-eşiklərindən, yurd-yuvalarından didərgin düşmüşdür. Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.Ümummilli lider Heydər Əliyevin özü qədər inandığı və uzaqgörənliyinin nəticəsi olaraq xalqın istəyilə 2003-cü ildən ölkəyə oğlu cənab Prezident İlham Əliyev rəhbərlik etməyə başlamışdır. Artıq bundan sonra ölkənin taleyi, xüsusən də Qarabağın problemini həll etmək məsələsi artıq prezidentin üzərinə düşmüş önəmli bir məsələ idi. Respublikanın müxtəlif regionlarında müvəqqəti məskunlaşan qaçqın və məcburi-köçkünlər hər dəfə cənab Prezidentə məktublar yollayanda öz ev-eşiklərinə qayıtmaq arzusunda olduqlarını vurğulayırdılar.2020-ci il iyun ayında Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında dünyaya açıq mesaj vermişdi. Bildirmişdi ki, “biz güclüyük, biz hazırıq, uyğun geosiyasi vəziyyət olan kimi torpaqlarımızı düşməndə qoymayacayıq, hər qarışını azad edəcəyik”.27 sentyabr 2020-ci il tarixində səhər saatlarında düşmənin növbəti dəfə atəşkəsi kobudcasına pozması nəticəsində bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun cavabı olaraq Azərbaycan ordusu düşmənin hərbi texnikasını sıradan çıxarmış və xeyli sayda itkiləri olmuşdur. Elə həmin gün cənab Prezident xalqa müraciət edərək demişdir: “biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsinda Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. 8 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Nəhayət, düşmən ağ bayraq qaldıraraq təslim olduğunu açıqladı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə hazırıq” – deyən Azərbaycan əsgəri və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.30 illik Qarabağ həsrətimiz başda Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti altında qüdrətli və rəşadətli ordumuzun sayəsində torpaqlarımıza qovuşduq. 44 gün çəkən müharibədə 5 şəhər, 4 qəsəbə və 286 kənd düşmən işğalından azad edilib. Məhz Zəfər günü, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri işğaldan azad edilmişdir. 2012-ci ildə Şuşanın işğalının 20-ci ildönümündə cənab Prezident çıxışında: “Şuşasız ötən illərə mütləq son qoyulacaq. Şuşa haqqında keçmiş zamanda danışmaq olmur. O şəhər bizim dünənimiz, bu günümüz, sabahımızdır” – sözlərini demişdir.28 il sonra 8 noyabr 2020-ci il tarixində rəşadətli Azərbaycan Ordusu tərəfindən canları və qanları bahasına igidlərimiz Şuşanı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq və milli ruh tələb edirdi. Mən 8 noyabr 2020-ci il tarixini heç zaman unutmayacağam. Həmin gün cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva öncə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək daha sonra and yerimiz olan Şəhidlər Xiyabanına gəlmişdilər. Elə orada cənab Prezident xalqa müraciətində vurğulamışdır - “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. 28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!..”.

Nigar İmaməliyeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər