2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarına başlamasından artıq bir aydan çox vaxt ötürdü. Ötən müddət ərzində şanlı Ordumuzun əks-hücum əməliyyatlarını uğurla həyata keçirməsi və torpaqlarımızın xeyli hissəsini işğalçılardan təmizləməsi bir daha təsdiqləyirdi ki, Azərbaycan Qarabağ münaqişəsinin həlli məsələsində tarixi ədalətin və beynəlxalq hüququn təmin olunmasında israrlıdır, bunu öz gücü ilə reallaşdırmaq gücündədir.İki il bundan əvvəl 3 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin günlərdə etdiyi çıxışlarda, beynəlxalq KİV-lərə, televiziya kanallarına verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli və prinsipial mövqeyini əsaslandırılmış şəkildə diqqətə çatdırırdı. Azərbaycan Qarabağ probleminə yanaşmada qəti siyasi iradə ortaya qoyarkən ölkəmizin iqtisadi qüdrəti, cəmiyyətimizin bu məsələdə vahid mövqedən çıxış etməsi, o cümlədən də Ordumuzun gücünə istinad edirdi. Sentyabrın 27-dən etibarən, genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu xilaskarlıq missiyasını yerinə yetirərək, hər gün yeni hərbi uğurlara imza atırdı. Azərbaycan Ordusu doğma torpaqlarında vuruşur, doğma torpaqlarında şəhidlər verirdi. Şanlı qələbələr tariximizin bugünki qürur doğuran səhifələrini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə məhz onlar yazırdılar.
XALQIMIZIN ƏRƏNLİYİNİ, TORPAQ UĞRUNDA SAVAŞINI, BİR YUMRUQ OLARAQ BİRLƏŞMƏSİNİ YETİŞƏN NƏSİLLƏRƏ İLLƏR, QƏRİNƏLƏR DANIŞACAQ
Hər birimizin qürur duyduğumuz, ucadan-uca üç rəngli Azərbaycan bayrağı. Hər zaman vətən torpağı üzərində məğrur-məğrur, azad dalğalanan Azərbaycan bayrağına bu gün vətən torpağının hər bir yeri bürünüb. Bu bayraq müstəqilliyimizin rəmzi, bütövlüyümüzün, varlığımızın simvoludur. Uşaqdan böyüyə qədər sanki hər kəs özünə bayraqdan don biçib. Bu bayrağı belə qüdrətli edən, dalğalandıran Azərbaycan xalqının Böyük Lideri, Prezidenti var.Bu gün arıq Azərbaycana yeni bir günəş doğdu. 30 ilə yaxın bir zamanda insanların keçirdiyi o iztirab, qəm-kədər bir anın içində sevincə çevrildi. Sanki təbiət başqa bir rəngə boyandı, torpaqlarımız dərindən nəfəs aldı, donmuş çöhrələr canlandı, torpağımız qələbə sevincini yaşadı. Özü də necə. Azərbaycan Prezidenti Ali baş Komandanın müdrik siyasəti nəticəsində bu sabah günəşin üzündən bütün duman, çiskin çəkildi. Səmamız aydın göründü -məqsədimiz kimi. Müzəffər Azərbaycan ordusunun və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni bir gün yazdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müraciət xalqın tarixində yeni bir günün başlanmasıdır. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqını ərənliyini, torpaq uğrunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə danışmış olacaq. Azərbaycanın qələbə sorağıdır bu. Azərbaycan ordusu bu gün Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu göstərdi. Rəşadətli ordumuz bir-birinin ardınca düşmənə ağır zərbələr vuraraq, təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı.44 gün davam edən müharibədə vətən torpağının erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında olan torpaqlarımız işğalçılardan azad olundu. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müraciət xalqın tarixində yeni bir səhifədir.Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu erməniyə, eləcə də bütün dünyaya göstərə bildi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, Prezident İlham Əliyev qətiyyətini, siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi.
"BU GÜN BİZ BİR DAHA BÜTÜN DÜNYAYA SÜBUT EDİRİK Kİ, BİZ BÖYÜK XALQIQ, BİZ MƏĞRUR XALQIQ!"
Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Amma Ermənistan tərəfindən mülki əhaliyə dəfələrlə atəş açıldı. Bərdə, Gəncə, Tərtər kimi şəhərlərimiz ziyan çəkdi. Mənfur düşmən tərəfindən 94 mülki şəxs qətlə yetirildi. 400-dən çox mülki şəxs yaralandı. Azərbaycan ordusu, əsgəri isə intiqamını hər zaman döyüş meydanında aldı. Tarixin bu günü Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edirdi Ermənistanın bu silahlardan istifadə etməsində əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlarına zərbə vurmaq idi. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tuturdu.Azərbaycan Silahlı Qüvvələrinin hədəfində isə yalnız işğalçı ölkənin hərbi birləşmələri idi. Cəbrayıl, Füzuli, Zəngilan və digər şəhər, qəsəbə və kəndlərin alınması Azərbaycan xalqına qələbə sevincini yaşadırdı. Noyabrın 8-də rəşadətli ordumuzun Şuşaya Azərbaycan bayrağını sancması Ermənistanın siyasi-hərbi rəhbərliyinə ağır bir zərbə oldu: " 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"- deyən Azərbaycan Prezident Cənab İlham Əliyev onu da bildirdi ki, bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! " Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı." Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik",- deyə bildirən Cənab Prezident onu da qeyd etmişdi ki, torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir.
MÜNAQİŞƏ BAŞA ÇATMAQLA YANAŞI, BÖLGƏDƏ YENİ REALLIQLAR YARANDI
Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Bəyanatda göstərilirdi ki, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq: Bəyanatdan da göründüyü kimi, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək təhvil verməli idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti, Prezident İlham Əliyev həmişə olduğu kimi, humanizm prinsiplərinə böyük üstünlük vermiş oldu.Azərbaycanın qazandığı Zəfərdə dövlət-xalq birliyi, Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna olan inam, son 30 ildə ölkəmizin keçdiyi inkişaf yolu əsas rol oynadı. 44 gün ərzində, sadəcə, müharibə meydanında deyil, həmçinin diplomatik cəbhədə də mübarizə aparan Azərbaycan hər iki döyüşdən qalib çıxdı. Beləliklə, 30 ilə yaxın davam edən münaqişə başa çatmaqla yanaşı, bölgədə yeni reallıqlar yarandı, ərazi bütövlüyümüz birmənalı olaraq bərpa edildi.
ZÜMRÜD BAYRAMOVA