Yaranmasının 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında müstəsna rolu vardır. YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Partiyanın yarandığı dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız ötən illər ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib.YAP yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib. Əlbəttə, bu da təsadüfi deyildir. YAP-ın qurucusunun dünya miqyaslı böyük siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olması bu prosesdə mühüm və əhəmiyyətli rol oynayıb. YAP sıralarına daxil olan və xalqın mütərəqqi, inelektual təbəqəsini təmsil edən vətəndaşlar Heydər Əliyevin ətrafında birləşərək 1990-cı illərin əvəlində dərin böhrana düçar olmuş Azərbaycanı xilas etmək yolunda öz töhfələrini verdilər. YAP-ın yarandığı tarixi zamana, həmin vaxtlarda Azərbaycanda cərəyan edən hadisələrə nəzər saldıqda, YAP-ın cəmiyyətdə oynadığı rol daha aydın şəkildə özünün büruzə verir. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.Ən önəmli məqamlardan biri də budur ki, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sis-temdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.Ümumiyyətlə, faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Eyni zamanda təkzibolunmaz faktdır ki, Yeni Azərbaycan Partiyasının formalaşmasında və inkişafında Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyev amili əvəzsiz rol oynamışdır. Bu gün Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti partiyamızın Sədri, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi.Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 800 min nəfərə yaxın insanın birləşməsi də bu faktı təsdiqləyir. Biz böyük bir ailəyik və böyük siyasi güc olaraq Prezidentimizin ətrafında sıx birləşmişik. Ulu Öndərin müəyyənləşdirdiyi ideya və prinsiplər var və YAP üzvləri də bu yolla addımlayır. Heydər Əliyev ideyalarında yeniləşmə, müasirləşmə amili mühüm yer tutur. Bu gün ölkəmizdə aparılan islahatlar, dəyişikliklər də məhz bu prinsiplərə əsaslanır.Məlumdur ki, 2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Qazanılmış bütün bu uğurlarda Yeni Azərbaycan Patiyasının da böyük payı var. Çünki yarandığı gündən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri, bütövlükdə, Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir.Ötən ilin mart ayında keçirilən VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyamızın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban xanımın YAP Sədrinin birinci müavini təyin olunması qadınlarımızın ictimai-siyasi fəallığına təkan verən əsas amillərdən biridir.Bütövlükdə isə, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu, hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının öz gücünü xalqın dəstəyindən aldığını göstərir. Ümummilli Liderimiz, partiyamızın qurucusu Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir.Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək. Çünki ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının qarşısında yeni hədəflər də var. Bu hədəflər sırasına Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlər daxildir. Eyni zamanda, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla da bağlı hədəflər var. Bütövlükdə, YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılmasına xidmət edir. Xüsusilə də, yeni siyasi konfiqurasiya Yeni Azərbaycan Partiyasının daha da güclənməsini, baş verən bütün ictimai-siyasi proseslərin önündə olmağı tələb edir. Bütün bu yeni çağırışlar Yeni Azərbaycan Partiyasının hər bir üzvünün də üzərinə Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin siyasi kursunun təşviqi istiqamətində böyük fəallıq və işgüzarlıq tələbi müəyyənləşdirir. Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunması da qarşımızda dayanan əsas vəzifələrdəndir. Cənab İlham Əliyev daim şanlı Qələbəmizdə bu amilin rolunu xüsusi qeyd edir. Gənclərdə torpaq, Vətən sevgisi onları yumruq kimi birləşdirdi, 30 ilin işğalına son qoymağa, üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa səslədi və qəhrəmancasına buna nail oldular. Bu günün prioritet məsələlərindən biri şəhid ailələrinə, qazilərimizə diqqət və qayğının göstərilməsidir. Dövlətimiz onları qayğı ilə əhatə edir. Cənab İlham Əliyev VII qurultayda bildirmişdi ki, YAP üzvləri bu kateqoriyadan olan insanlara daim diqqət, qayğı göstərməlidirlər. Bu istiqamətdə də partiyamız lazımi işlər aparır. Hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır.Əminəm ki, Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin liderliyi ilə müstəqil ölkəmiz bundan sonra da yeni-yeni zəfərlərə imza atacaq. Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası isə daim ictimai-siyasi proseslərin önündə gedəcək!
Fatma Yıldırım
Milli Məclisin deputatı