Yeni Azərbaycan Partiyası Azərbaycanın son 30 illik siyasi tarixinin ayrılmaz hissəsi, Azərbaycan dövlətinin və Azərbaycan xalqının bu 30 ildəki bütün uğurlarında müstəsna xidmətləri olan siyasi təşkilatdır. Bu təşkilatın son 30 ildə qazandığı bütün uğurların əsas səbəbi onun sağlam təməllər üzərində qurulması, məram və məqsədinin milli və dövlət maraqlarına xidmət etməsi və bütün bunlardan da daha əhəmiyyətlisi – onu yarada və qarşıya qoyduğu ali məqsədləri uğurla həyata keçirə biləcək siyasi Liderin düzgün seçilməsi idi. Bu siyasi Lider Azərbaycanın XX yüzildə ən böyük dövlət və siyasət xadimi Heydər Əliyev ola bilərdi və oldu.Təsadüfi deyil ki, 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə siyasi partiya yaratmaq xahişi ilə üz tutan bir qrup Azərbaycan ziyalısı israrla Ona: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz!” – deyə müraciət edirdi və fikirlərində tamamilə haqlı idilər. Ulu Öndərə müraciət edənlər israrla bildirirdilər ki, “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni AzərbaycanPartiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq Lider Siz ola bilərsiniz.”Müraciətdən göründüyü kimi, Yeni Azərbaycan Partiyasının yaranması həmin dövr Azərbaycan cəmiyyəti üçün obyektiv zərurət idi və ona Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi millətin və tarixin tələbi idi. Azərbaycan ziyalılarının müraciətinə həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavabında yeni yaradılacaq partiyanın Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin öhkəmləndirilməsində və inkişafında tarixi rol oynayacağına əminliyini ifadə etmiş və “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarını irəli sürmüşdü.Tarix Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyini bir daha sübut etdi. Yeni Azərbaycan Partiyası 30 il ərzində əvvəl Ulu Öndər Heydər Əliyevin, sonra isə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında son dərəcə şərəfli bir yol qət edib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməkdədir. 44 günlük Vətən Müharibəsi nəticəsində xalqımız Azərbaycan tarixinin son 270 ilində analoqu olmayan möhtəşəm bir Zəfərə imza atdı. Bu Zəfərdə həyatını Vətən yolunda qurban verən şəhidlərimizin, sağlamlığını təhlükə qarşısında qoyan qazilərimizin, qəhrəman əsgər və zabitlərimizin müstəsna xidmətləri oldu və biz onların hər birinin xatirəsi və özü qarşısında baş əyirik, Vətən onların xidmətini heç vaxt unutmayacaq, onların hər biri bizim qəhrəmanımızdır. Lakin bu Zəfərin Baş Qəhrəmanı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir, onun siyasi iradəsidir, diplomatik gücüdür, hərbi sərkərdəlik bacarığıdır.30 il davam edən Vətən Müharibəsi – 1-ci və 2-ci Qarabağ müharibəsi sona çatsa da, 200 illik tarixə malik erməni-Azərbaycan münaqişəsi hələ də davam etməkdədir. 30 il işğal altında qalan torpaqlarımız düşməndən azad edilsə də, hələ də düşmənin tapdağı altında olan tarixi torpaqlarımız var. Əgər düşmən 44 günlük müharibədən nəticə çıxarmadısa, deməli, heç vaxt nəticə çıxarmayacaq. Əgər düşmən bu 200 ildə xalqımıza qarşı həyata keçirdiyi saysız-hesabsız cinayətlərə baxmayaraq, yenə də bizimlə qonşuluqda, əmin-amanlıqda yaşaması üçün ona verdiyimiz şansları dəyərləndirə bilmədisə, yenə də bizə qarşı düşmənçilik mövqeyində qalmaqda davam edirsə, deməli, o, heç vaxt ağıllanmayacaq. Ona görə də bu gün biz qətiyyən şübhə etmirik ki, Prezident İlham Əliyevin millətimiz və dövlətimiz naminə yeritdiyi ardıcıl, qətiyyətli, prinsipial siyasət nəticəsində, məcburi köçkünlərimiz kimi, Qərbi Azərbaycanlı qaçqınlarımız da tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlar.Yeni Azərbaycan Partiyasının 30 illik yubileyini bu gün işğaldan azad etdiyimiz torpaqlarda qeyd etmək imkanımız var, qətiyyən şübhə etmirik ki, partiyamızın 40 illik, 50 illik yubileylərini tarixi torpaqlarımız olan Zəngəzurda, Dərələyəzdə, Göyçədə, İrəvanda qeyd edəcəyik.
Əziz Ələkbərli
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcmasının sədri