“Hraparak”: “Paşinyan Tbilisidə Əliyevlə sülh müqaviləsini imzalayacaq və Qarabağdan birdəfəlik imtina edəcək”
Ermənistanın “Hraparak” qəzeti Gürcüstanda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsi imzalamaları istiqamətində fəal hazırlıq işlərinin aparıldığını iddia edir.Qəzetə yaxınlığı ilə seçilən mənbələr bildiriblər ki, sənədin imzalanması Ermənistanın birdəfəlik və rəsmi şəkildə Qarabağdan imtinası mənasını daşıyır. İrəvan heç bir halda Qarabağla bağlı işlərə müdaxilə etməyəcək və regionun etnik erməni əhalisi Ermənistan vətəndaşlığından, habelə maliyyələşmədən məhrum ediləcəklər.“Nəinki güc strukturları, həm də bütövlükdə idarəçilik sistemi maliyyələşmədən məhrum olunacaq”, yazan erməni nəşri Ermənistanın yalnız sosial və xeyriyyəçilik - məsələn, uşaq bağçasının rənglənməsi xarakterli layihələri icra edə bilər. Bundan üstün ola biləcək hər şeyə isə separatizmə və terrorçuluğa sponsorluq kimi baxılacaq", deyə qeyd edən “Hraparak” yazır ki, Qarabağın erməni əhalisinin seçimi olacaq – onlar ya Azərbaycanın vətəndaşlığını qəbul edəcəklər, ya da Ermənistan vətəndaşları qismində Qarabağı tərk edəcəklər: “Azərbaycan tələb edir ki, 1992-ci ilə qədər azərbaycanlıların yaşadıqları məntəqələr dərhal Ermənistanın nəzarətindən çıxarılmalıdır. Ən birincisi isə bu, Xocalıya aiddir. Əliyev üçün Xocalıya daxil olmaq Şuşa və Laçın qədər simvolik məna daşıyır”.“Məhz buna görə də Əliyev sənədin imzalanacağını nəzərə alaraq Soçidə bəyan etdi ki, Qarabağ mövzusu mövcud deyil və o həll edilib və həmin mövzu ilə bağlı heç bir diskussiya aparıla bilinməz.Rusiya sülhməramlılarına gəlincə isə erməni əhalisinin bir hissəsinin getməsindən və bir hissəsinin də Azərbaycan vətəndaşlığını qəbul etməsindən sonra onların regionda qalmaları mənasız olacaq. Azərbaycan bəyan edəcək ki, bu insanlar ölkənin vətəndaşlarıdırlar və bu vətəndaşlarının hüquq və təhlükəsizliklərini təmin etmək gücündədir”, deyə adıçəkilən erməni nəşri şəxsi mənbələrinə istinadən yazıb.
Rövşən RƏSULOV