Artıq 44 günlük Vətən müharibəsinin başa çatmasının ikinci ildönümü yaxınlaşır. Məlumdur ki, düz iki il əvvəl, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdular. Bu hadisədən sonra, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ordumuz bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başladı. Bununla da 30 ilə yaxın müddətdə düşmən tapdağında inləyən dədə-baba torpaqlarımızın işğaldan azad olunması, dövlətimizin beynəlxalq miqyasda qəbul olunmuş ərazi bütövlüyünün bərpası prosesi müzəffər Ali Baş Komandanın rəhbərliyi altında və ordu, xalq, dövlət birliyini ifadə edən Dəmir yumruq əməliyyatı ilə reallaşmağa başladı.Məhz 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci il tarixinə qədər davam edən II Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.Əlbəttə, bu tarixi anlara şahidlik etmək, ərazi bütövlüyümüzün bərpasını görmək hər bir Azərbaycan vətəndaşına böyük qürur yaşatdı. Demək olar ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə müzəffər, qorxmaz Azərbaycan ordusu ilə yanaşı, xalq, dövlət, ordu birliyi də olduqca böyük rol oynadı. Bu birliyin gücü sayəsində, vəhdəti sayəsində Dəmir yumruq düşmənin başını əzdi. Bununla da bütün dünya xalq, ordu, dövlət birliyimizin nələrə qadir olduğunun bir daha şahidi oldu.Həmin günlərdə hər bir vətəndaş bir müsəlləh əsgər kimi ordumuzun, dövlətimizin ətrafında sıx birləşməklə ərazi bütövlüyümüzün qorunması uğrunda iştirak edən qəhrəman əsgərlərimizin gücünə mənəvi güc qatdı.Təsadüfi deyil ki, 1 yanvar 2021-ci ildə xalqa müraciətində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birliyimizin vacib olduğunu bir daha vurğulamışdır: “Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.İndi artıq Azərbaycan böyük qayıdışın astanasındadır. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur yenidən qurulur, yollar çəkilir, körpülər tikilir, tunellər qazılır. Bu mənada həmin ərazilərdə təhlükəsizliyin təmin olunması, sərhədlərimizin bütünlüyünün təmin edilməsi və qorunması hər zaman xalq, dövlət, ordu birliyinin mövcud olmasını daha da aktuallaşdırır. İnanırıq ki, bu birliyimiz əbədi olmaqla dövlətimizin bundan sonrakı inkişafında da mühüm rol oynayacaq.
Vahid Əsgərov
Xəzər rayonu 323 saylı tam orta məktəbin müəllimi