Bu günün əsas müzakirə mövzusu oktyabrın 31-də Soçidə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüş nəticələridir. Artıq Qarabağ münaqişəsi 44 günlük uğurlu hərbi əməliyyatların və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması nəticəsində öz həllini tapıb. Tarixi qələbəmizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması günümüzün əsas çağırışlarındandır.Ancaq Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanması prosesini uzatmaq cəhdlərini müşahidə edirik. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edir.Soçidə keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşdə Prezident İlham Əliyev öz qətiyyətli mövqeyi ilə Azərbaycanın milli maraqlarını növbəti dəfə qorudu. Bunu üçtərəfli görüşün sonunda qəbul edilmiş Bəyanatın mətni də təsdiq edir. Bəyanatdan aydın olur ki, Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur. Bəyanatda Qarabağla bağlı heç bir müddəa keçmir. Qarabağ artıq Azərbaycanın daxili işidir. Bəyanata əsasən, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması nəzərdə tutulub ki, bunun üçün də beynəlxalq hüquq və normalara sadiqlik əsas götürülür.Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində ciddi addımlar atır. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır.Soçi görüşünün yekunları Azərbaycanın növbəti diplomatik uğurudur.Soçi görüşü ilə bağlı yekun qənaətimiz bunu deməyə əsas verir ki, proseslər Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Prezident İlham Əliyevin Rusiyaya səfəri,prezident Vladimir Putin , Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr proseslərin ölkəmizin mənafelərinə uyğun cərəyan etdiyini göstərir.Beləliklə, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən sülh danışıqlarının növbəti mərhələsi nəticəsiz olmadı, müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu. Ermənistan ona verilən imkanları düzgün qiymətləndirərək Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün lazımi addımlar atmalıdır. Bu, həm regional sülhün və təhlükəsizliyin təminatı, həm də Ermənistanın öz maraqları baxımından yeganə düzgün seçim olar.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri