Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasındakı növbəti görüşdən dərhal sonra Prezident İlham Əliyev, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Fəxri qonaq statusunda Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Zirvə toplantısı iştirak etmək üçün bu dövlətə səfərə getdi.Ərəb Dövlətləri Liqası haqqında az-çox məlumata malikik. Bilirik ki, 1945-ci ilin mart ayında də yaradılmışdır, 22 dövlətdən mütəşəkkildir, mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əhməd Əbul Qeytdir. Qeyri-ərəb dövlətlərindən Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Azərbaycanın haqq işində Liqa, dövlətimizi daima dəstəkləmişdir. Ancaq bizim üçün xüsusi maraq kəsb edən məhz Əlcəzairdir. Hər şeydən əvvəl ona görə ki, ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir, əhalisinin sayına görə dünyada 240 ölkə arasında 34-cü yerdədir, əhali sayı 44 milyon nəfərdən çoxdur. Əlcəzair, Afrika qitəsinin ən zəngin ölkələrindən biridir. İllik 113,6 milyard dollarlıq ümumi milli məhsul ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malikdir. Əlcəzair, təbii qaz istehsalında dünyada 5-ci, ixracatda 4-cü, neft istehsalında 13-cü, ixracatda 9-cudur. Neft və təbii qaz, ölkənin başlıca gəlir qaynağıdır.Bu dövlətin milli-mücadilə tarixində də bizimki ilə bənzərliklər var. Əlcəzairdə ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi və Əlcəzair respublikasının yaradılması üçün 30-cu illərdən etibarən istiqlaliyyət uğrunda mübarizə başlayıb. Yalnız 1962-ci ildə Fransa Əlcəzairin müstəqilliyini tanımağa məcbur olub. Bu illər ərzində Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. İşğala qarşı çıxan əl-Uffia qəbiləsi gecəykən, yatdığı yerdə kütləvi şəkildə qətlə yetirilib. 1830-1962-ci illər ərzində 1,5 milyondan artıq insan fransızlar tərəfindən amanslıqla qətlə yetirilib. Buna görə Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə isə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. 1961-ci ilin oktyabrında on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxdığı, bəli, sadəcə etirazlarını bildirmək məqsədilə dinc nümayişə çıxdığı üçün, Fransa polisinin açdığı atəşlə 1500-ə qədər əlcəzairli etirazçı qətlə yetirilib, mindən çox insan həbs edilib. Fransa polisi etirazçıları Sena çayına atdığı üçün bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Paris muzeylərində bu ölkənin müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyü nümayiş etdirilir ki, bu sümüklərin də 500-dən çoxunun əlcəzairlilərə məxsus olduğu bildirilir. İşğal altında olan Əlcəzaidrə demoqrafik balansı dəyişmək məqsədilə bu ölkəyə qanunsuz olaraq 1 milyondan çox avropalı köçürülüb.Edilən cinayətlərin miqyasının çox cüzi bir hissəsi barədə məlumatdan sonra, yəqin ki, “Bu dövlətin milli-mücadilə tarixində də bizimki ilə bənzərliklər var” ibarəsinin məqsədi anlaşıldı. Çünki, 30 il ərzində eyni cinayətlər erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. “əl-Uffia qətliamı”nın eynisi Xocalıda törədilib, əlcəzairlilərin olduğu kimi, bizim də sərvətlərimiz talanıb, daşınıb, 1 milyondan artıq insanımız öz yurd-yuvasından didərgin salınıb. Eynilə Əlcəzairdə olduğu kimi, bizim ərazilərimizdə də demoqrafik balansın, regionun etnik tərkibinin dəyişdirilməsi üçün Ermənistan tərəfindən Yaxın Şərqdən və digər ölkələrdən erməni əsilli şəxslər Azərbaycan torpaqlarına köçürülüb, qanunsuz məskunlaşma həyata keçirilib.Yəqin ki, təkcə bu qısa informasiya, Fransanın Ermənistana olan “məhəbbəti” və “rəğbəti”nin səbəblərini anlamağa, bu iki dövlətin xislətindəki oxşarlıqları təsbit etməyə imkan verir. Özlərini sivil, mədəni və humanist kimi dünyaya sırımağa çalışan bu “iki bacı”nın əslində nə qədər riyakar və qaniçən olduğunu bariz şəkildə təyid edir.Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin milyonlarla vətəndaşına muxtariyyət belə verməkdən imtina etmiş, 30 il ərzində bu ölkəni qan içində boğmuş Fransa, 30 il ərzində bizim ərazimizin böyük bir hissəsini işğal altında saxlamış, bu əraziləri talan etmiş, qətliamlar törətmiş “kiçik bacısı”nın Qarabağda məskunlaşmış 20-30 min təmsilçisinə müstəqillik tələb edirsə, özü qurbanlarının kəllə sümüklərini nümayiş etdirdiyi halda bizim “Qənimətlər parkı”nda nümayiş etdirdiyimiz texnika və mulyajlara etiraz edirsə, azad olunmuş ərazilərimizdəki kütləvi məzarlıqları, əlləri bağlanmış halda güllələnmiş insanların cəsədlərini görməməzlikdən gəlirsə, riyakarlığın, bu ölkənin dövlət siyasətinin əsasını təşkil etdiyindən şübhə etməmək olar.Bu səbəbdən, Azərbaycan Prezidentinin Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsini, habelə muzeyin xatirə kitabında Fransa tərəfindən Əlcəzair xalqına qarşı aparılmış müstəmləkə siyasətini “misli görünməmiş qəddarlıq və şiddət, müharibə və insanlıq əleyhinə cinayət” kimi xarakterizə etməsi, Fransaya tərs şapalaq kimi qəbul edilməlidir.Prezident İlham Əliyevin Əlcəzairə ilk səfəri, həmçinin ərəb dünyası ilə Azərbaycanın qarşılıqlı maraqlarının uzlaşdırılması prizmasından da əhəmiyyətlidir. Bu gün həm Yaxın Şərq regionu, həm də Cənubi Qafqaz üçün ən böyük təhlükə mənbəyinə çevrilmiş ölkələrdən biri də İrandır. Getdikcə aqressivləşən bu ölkə, qonşularına - İraq, Suriya, Livan, İsrail, Yəmən, Səudiyyə və körfəz ölkələrinə qarşı təhdid ünsürünə çevrildiyi kimi, Cənubi Qafqazda da əzələ nümayişinə başlayıb ki, bu amil də istər-istəməz təhlükəyə qarşı əməkdaşlıq formalarını gözdən keçirmək zərurəti yaradır.Qeyd etdiyim kimi, Əlcəzairin zəngin karbohidrogen ehtiyatlarına malik olması və Azərbaycan kimi Avropanın enerji təchizatı üçün mühüm alternativ mənbələrdən birinə çevrilməsi də dövlətimizin bu ölkə ilə ümumi siyasət formalaşdırması üçün əməkdaşlığı artırmasını zəruri edir. Həm İsrail, həm də Türkiyə ilə Azərbaycan arasındakı isti münasibətlər də, dövlətimizin bəzi ərəb ölkələri ilə bu ölkələr arasında tənzimləyici rol almasında əhəmiyyətli rol oynaya bilər. Bu mənada Prezident İlham Əliyevin səfəri və Liqanın sammitində çıxışı, Afrika uğrundakı mübarizə, habelə regional rəqabətin intensivləşməsi fonunda Qoşulmama Hərəkatı ölkələrinin ümumi hədəflər uğrunda öz səylərini birləşdirmə yolunda bir addım ola bilər. Qanlı və qaranlıq keçmişinə rəğmən, hələ də müstəmləkəçilik siyasətindən əl çəkmək istəməyən Fransanın vəhşiliklərinin və cinayətlərinin, məhz bu cinayətlərin qurbanı olmuş bir dövlətin mərkəzində, özü də bu ölkənin Milli Azadlıq Günündə, cinayətlərin dəlillərinin sərgiləndiyi bir məkanda - Şəhidlər memorialı və Mücahidlər Muzeyində açıq tekstlə xatırladılması, onsuz da nüfuzunu itirməkdə olan və buna görə aqoniya keçirən bu ölkənin Azərbaycana qarşı səsləndirdiyi ittihamlara ən tutarlı cavab, ən sarsıdıcı həmlə idi, özü “Əlcəzair soyqırımı”nın müəllifi olan və “Xocalı soyqırımı” kimi dəhşətli qətliam törətmiş bir ölkəni himayə edən BMT Təhlükəsizlik Şurası üzvünün təmsil olunduğu qurumun qərar və qətnamələrinin illərlə niyə icra olunmamasının səbəblərinin əyani şəkildə izah edildiyi bir aksiya idi. Əgər dünya beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməməsindən, ölkələrin öhdəliklərinə selektiv yanaşmalardan, ikili standartlardan şikayətlənirsə, bunun səbəbləri ilk növbədə bu beynəlxalq qurumda yuva salmış Fransa kimi riyakar və ədalətsiz ölkələrin mövqeyi, yaxud mövqesizliyidir. Bu qədər çirkli və üfunətli reputasiyaya malik bir ölkənin başqalarına əxlaq dərsi vermək cəhdinin özü əxlaqsızlıqdan başqa bir şey deyil.
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri