Müasir dünyada problemlərin birgə həllinin tapılması, sülhə, təhlükəsizliyə, davamlı inkişafa dəstək üçün ölkələr arasında əməkdaşlığın qurulması çox vacibdir. Bu baxımdan Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı son illər ölkələr arasında çox uğurlu əməkdaşlıq platformasına çevrilmişdir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.BMT-yə üzv 120 dövlətin yüksəksəviyyəli nümayəndələri, 42 beynəlxalq təşkilatın təmsilçiləri iştirak etmiş, Bakı Sammiti ilə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycana keçmişdir.
Son illər bu təşkilatın fəaliyyətinin güclənməsində Azərbaycanın müstəsna xidmətləri var. Məhz ölkəmizin təşkilata sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu daha da yüksəlmiş, beynəlxalq proseslərə təsir imkanları genişlənmiş, qarşıya qoyduğu vəzifələr aydınlaşmışdır. Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.
Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.
Hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq qurumdur. Müxtəlif qlobal məsələlərlə bağlı hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Azərbaycanın məqsədi regionda və dünyada əbədi sülhə, rifaha, davamlı inkişafa nail olmaqdır. Ədalətsizliklərin, ikili standartların norma kimi qəbul olunduğu, güclünün haqlı sayıldığı dünyada insan xoşbəxt ola bilməz. İnsanın xoşbəxtliyinin açarı hüququn aliliyində, fərdlərin, xalqların və ölkələrin bir-birinə hörmətlə yanaşmasında, nəcib niyyətlər uğrunda birgə fəaliyyətdədir. Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyəti də bu işıqlı hədəfə yönəlib.
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini