PDF Oxu

Siyasət

  • 2 891

Öz xalqına Qələbə sevincini yaşadan Lider – TƏHLİL

Öz xalqına Qələbə sevincini yaşadan Lider – TƏHLİL

Bəşər tarixinə nəzər saldıqda görürük ki, qələbə hec də bütün xalqlara nəsib olmayıb, heç də bütün xalqlar qələbə qazana bilməyiblər və heç də bütün xalqlar qalib xalq olararaq tarixə düşməyiblər, amma Azərbaycan xalqı 44 günlük müharibədə qazanılan Zəfərlə artıq bundan sonra qalib xalq statusundadır. Təbii ki, qələbə qazanan xalqın sərkərdəsi, Zəfər çalan dövlətin rəhbəri də fateh sayılır və Azərbaycan xalqının və dövlətinin də lideri, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev də belə qəbul olunur. Ölkə başçımızın rəhbərliyi, uzaqgörənliyi, müdrikliyi, siyasi iradəsi və qətiyyəti ilə qələbə qazanan xalqımız da, dövlətimiz də qalib olaraq bütün dünyada qəbul edilir və Ermənistanın rüsvayçı məğlubiyyətə uğradılmasından sonra ölkə rəhbərimizin iştirak etdiyi bütün diplomatik görüşlərdə hər birimiz bunu qürur hissi ilə müşahidə edirik.

Ötən əsrin ortalarında Sovet ölkəsinin Alman faşistləri üzərindəki qələbəsi və bu qələbədən sonra həmin ölkənin 70 il ərzində qalib olaraq qəbul edilməsi tarixi faktdır. Həmin müharibədə qələbə çalan dövlət kimi Sovet İttifaqı bütüb dünyada qalib kimi yaddaşlarda qaldı. Baxmayaraq ki, Sovet İttifaqı artıq dağılıb, amma bu günə qədər də həmin qələbə yaddaşlardan silinməyib. O da yaddaşlardan silinməyib ki, bütün mövcudluğu dövründə Sovet ölkəsinin müharibədə qazandığı qələbəsinə görə Stalinin adı uca tutulub. Hətta Sovet İttifaqının siyasi varisi sayılan Rusiyanın özünün belə bu günə qədər həmin qələbə ilə bağlı qürur hissi keçirdiyini də, İosif Vissarianoviçi böyük ehtiramla yad etdiyini də hər birimiz yaxşı bilirik. Belə nümunələr tarixdə çox sayda olmasa belə, yenə də var. Məsələn, ABŞ İstiqlal müharibəsi zamanı Kontiniental Ordunun baş komandanı, Amerikanın ilk prezidenti Corc Vaşinqton da amerikalıların yaddaşında yaşayır, hörmətlə yad edilir, onun şərəfinə bir şəhər əvvəlcə Corctaun, sonradan isə Vaşinqton adlandırıldı. Bir sözlə, qələbələrə imza atan rəhbərlər hər zaman uca tutulub və bu gün də Azərbaycan xalqı öz liderinə, Ali Baş Komandanına, qələbəmizə imza atan Prezidentinə dərin hörmət bəsləyir, xidmətlərini yüksək qiymətləndirir.

Heç kim üçün sirr deyil ki, ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev prezident seçildiyi gündən etibarən xarici siyasət kursunun episentrində məhz Qarabağ münaqişəsinin həllini saxlamağı bacardı, baxmayaraq ki, erməni cəmiyyəti bütün qüvvəsi ilə bu məsələni arxa plana keçirməyə çalışırdı. Artıq keçmişdə qalan Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadığı təqdirdə, yəni Ermənistan danışıqlar yolu ilə məsələni həll etməkdən boyun qaçırdığı halda, müharibə yolu qaçılmaz hesab olunurdu, amma müharibə apararaq qələbə çalmaq, torpaqları işğaldan azad etmək üçün resursların kifayət qədər olmaması fonunda riskə gedilı bilməzdi. Lakin resurslar kifayət qədər olduğu zaman Ali Baş Komandan müvafiq əmr verdi və ölkə başçısının rəhbərliyi, müdrikliyi, siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti ilə torpaqlarımız düşmən tapdağından azad edildi, düşmən kapitulyasiya sənədini imzaladı və qələbəmizə imza atıldı. Deməli, Ali Baş Komandanın özünün də ifadə etdiyi kimi, cənab Prezident İlham Əliyev müharibə yolu ilə torpaqları geri qaytarmağın zamanını dəqiq bilirdi və buna artıq kimsənin şübhəsi də ola bilməz.

Azərbaycan 30 il ərzində dünyanın bir çox ölkəsi ilə hərbi müstəvidə ikitərəfli və çoxtərəfli əlaqələr qurdu, ən mötəbər hərbi təlim və tədris prosesində iştirak etdi və nəticədə də hərb elminin ən müasir uğurları ordumuza gətirildi. Ölkmizin hərbi potensialı əhəmiyyətli dərəcədə artdı. Hətta işğalçı dövlət üzərində qələbə qazandıqdan sonra dünyanın aparıcı hərbi dövlətləri də ölkəmizin hərbi qüdrətilə hesablaşmaq məcburiyyətində qaldılar. İndi dünyanın bir sıra hərbi məktəblərində ölkəmizin 44 gün ərzində apardığı hərbi əməliyyatlar həm tədris edilir, həm də təlim. Bunlar qürur duyacaq məqamlardır və ölkəmiz, xalqımız Zəfər gününü artıq hər il böyük coşqu ilə qeyd edir, hansıki buna tam haqqımız çatır.

Xatırladaq ki, Ermənistan tərəfinin Ohanyan səddi adlandırdığı erməni istehkamını Azərbaycan Ordusu ən qısa zamanda darmadağın etdi və bununla sübut etdi ki, güclü ordu, rəşadət məhz Azərbaycan əsgərinə məxsusdur. Nəzərə almaq lazımdır ki, sözügedən həmin sədd uzun illər ərzində ermənilər tərəfindən yaradılmışdı və bu səddi Azərbaycan Orsudu qısa zamanda keçə, dəf edə bildisə, həqiqətən də ermənilərə rəşadət, cəsurluq dərsi keçdi. Mərdliyin, qoçaqlığın nə olduğunu nəinki ermənilər, hətta bütün dünya hərbçilərimizdə gördülər. Gördülər ki, əsgərlərimiz onların illər boyu hazırladığı, özü də mifləşdirdikləri səddi keçmək əsmindədir və bu fakt özü ermənilərin qəddini əydi, onlar məğlubiyyətlərinin ən tez zamanda şahidi olacaqlarını anladılar və belə də oldu.

Bəli, cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini diz çökdürdü. Ermənistanın 30 il ərzində topladığı hərbi texnikanı cəmi 44 gün ərzində məhv etdi, hansıki ölkəmizin paytaxtında salınan qənimətlər parkında olan mənzərə bunu açıq-aydın şəkildə isbat edir. Təkcə 30 il ərzində deyil, hətta əsrlər boyunca ermənilərin yaratdıqları mif, erməni əsgərinin qoçaqlığı, erməni silahlılarının yenilməzliyi mifi darmadağın edildi. Düşmən kapitulyasiya sənədini boş yerə imzalamadı, səbəbsiz yerə diz çökmədi, o buna məcbur edildi. Özü də bütün dünyaya əl açıb yalvararaq ermənilər təslimiyyət sənədini imzalamaq şansı əldə etdilər. Müharibənin son günləri erməni baş nazirin telefon arxasında dünyanın müxtəlif dövlətlərinin başçılarına zənglər etməsi, onları xilas etmələri barədə yalvarmaları heç də yaddaşlardan silinən deyil. Məhz bu yalvarışlarına görə Rusiya məsələyə qarışaraq Ermənistanı tamamilə xəritədən silinməkdən xilas etdi və öz vasitəçiliyi ilə Ermənistanın təslimiyyəti barədə sənəd imzalandı, özü də təşəsik şəkildə. Çünki Ermənistanın müharibəni bir neçə gün davam etdirəcək heç nəyi qalmamışdı. Hətta hərbi qüvvəsi belə yox dərəcəsində qalmışdı. Müharibə çəmi bir neçə gün davam edəcəyi təqdirdə bu ölkəni nələr gözlədiyini körpə uşaq da başa düşürdü. O baxımdan ermənilər bundan sonrakı mövcudluqlarına görə Rusiyaya da, Azərbaycana da borcludurlar, hərçənd bunu başa düşmədikləri görünür.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu, əsgərlərimiz ermənilərə, bütövlükdə Ermənistana məhz Şuşanın azad edilməsində bir kişilik, qoçaqlıq dərsi də keçdilər. Əsgərlərimiz düşmənə başa saldılar ki, uğrunda canından, qanından keçməyə hazır olduqları vətən torpaqlarını işğaldan azad etmək üçün nəyə qadirdirlər. Qayalara qartallar kimi qalxan hərbçilərimizin bir anda Şuşada peyda olması Ermənistan silahlı qüvvələrini şoka salmışdı, onlar çaşdıqlarından bir-birinə belə atəş açırdılar. Hospitala aparılan erməni yaralılarının yalnız bıçaq və tapança yarası ilə daxil olması təsdiq edirdi ki, döyüş artıq əlbəyaxa olub və bildiyimiz kimi, ermənilər bundan necə dəhşətə gəldikləri barədə etiraflarını da ediblər. Şüşanın azad edilməsi, bu zaman əsgər və zabitlərimizin göstərdiyi şücaət, misilsiz rəşadət düşmənin belini qırdı və artıq bundan sonra ermənilər müqavimət göstərmək haqqında düşünə belə bilmədilər. Hamı başa düşdü ki, Şuşanın azad olunması, özü də belə bir qoçaqlıq, mərdlik göstərilərək azad edilməsi müharibənin taleyini həll etdmişdi və belə də oldu, dərhal düşmən diz çökdü.

Bütün bu sadalanan faktlar, cəsürluqlar, rəşadət Azərbaycan Ordusuna məsxusdur. Amma unutmaq lazım deyil ki, ötən əsrin sonlarında, daha dəqiq desək 90-cı illərində belə bir nəticə əldə edə bilməmişdik və düşmən bizim torpaqlarımızın 20 faizini işğal edə bilmişdi. Həmin dövrdə döyüşən əsgərlərimizin də rəşadəti, şücaəti dastanlara layiqdir, amma hərbi potensialımız, hərbi texnikamız kifayət qədər deyildi. O dövrdə əsgərlərimiz demək olar ki, yalın əllə döyüşürdülər. Hətta ov silahlarından belə istifadə etmək məcburiyyətində qalmışdılar. Bununla da Ermənistanın illər boyu Rusiyadan qopardığı hərbi texnikanın qarşısına çıxmaq mümkün deyildi, üstəlik daxili çəkişmələr, hakimiyyətsizlik, ölkə daxilindəki xaos buna imkan vermirdi və nəticə də bu reallığa müvafiq oldu. Məsələ burasındadır ki, belə çətin bir durumda Ümummilli Lider Heydər Əliyevin məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın xilası üçün, həmin o itirilmiş torpaqların geri qaytarılması üçün dönüş nöqtəsi oldu. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk öncə atəşkəsə nail oldu və qalan əraziləri erməni işğalından qorudu. Digər tərəfdən də başqa sahələrdə olduğu kimi, ölkəmizdə hərbi sahənin, hərbi potensialın möhkəmləndirilməsinə başlanıldı. Ümummilli Liderin bu strategiyası onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildi və ölkə rəhbərimizin ata vəsiyyətini yerinə yetirdiyi barədə fikirləri də bunu tam aydın şəkildə təsdiqləyir.

Həqiqətən də etiraf edilməlidir ki, Ali Baş Komandan, cənab İlham Əliyev Azərbaycan tarixinin son iki yüz ilində ilk dəfə qələbəyə imza atan, ilk dəfə torpaqlarımızı işğaldan azad edən ölkə rəhbəridir. Məhz ölkə başçısının düşünülmüş, uzaqgörən, müdrik siyasəti, siyasi iradəsi, qətiyyəti ilə Zəfər əldə olundu. Xalqımız başda olmaqla, bu həqiqəti, bu reallığı bütün dünya xalqları gördülər və Ali Baş Komandan, cənab İlham Əliyev hər kəsin gözündə bir fateh, öz xalqına qələbə sevinci yaşadan müdrik liderdir.

Artıq qələbəmizin ikinci ildönümüdür və xalqımızın bu Zəfər Gününü necə arzuladığını insanların üzündəki ifadədən görmək çətin deyil. Hər bir azərbaycanlının bu qələbəyə necə sevindiyini ifadə etməkdə qələm, yaxud sözlər acizdir. Azərbaycan vətəndaşlarının iki ildir ki, qələbə ilə bağlı sevinci yerə-göyə sığmır. Qürur hissi ilə bərabər yaşanan sevincli anları on milyonluq xalqımız illərlə gözləyib. Düz otuz ilə yaxın, az qala əsrin üçdə birinə yaxın müddət ərzində Azərbaycan xalqı bu sevincli günü, Zəfər Gününü arzulayıb, özü də səbirsizliklə. Bu sevinci, bu sevincli günü isə bizim hamımıza, xalqımıza məhz ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev öz müdrikliyi, siyasi iradəsi, qətiyyəti, xalqının həmrəyliyi və Azərbaycan Ordusunun rəşadəti ilə bəxş etdi. Belə bir lideri, Prezidenti olan xalqın, dövlətin bundan sonra da qələbələrə ümidi böyükdür və cəsarətlə deyə bilərik ki, qələbə, Zəfər məhz Azərbaycan xalqına yaraşır.

İnam Hacıyev

Digər xəbərlər