Siyasət

  • 3 807

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır - Vüqar Rəhimzadə

image

“Bu əlamətdar gündə Prezident İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda əminliklə bəyan etdiyi fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.” Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında nümayiş etdirildi. Məhz bu bayraqlar ordumuzu daha da irəli apardı, tariximizə Zəfər səhifəsini yazmasına stimul oldu. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında 44 günlük İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda ucaldılan Azərbaycan Bayrağı Azadlıq meydanında nümayiş etdirildi. O zaman Müzəffər Ali Baş Komandan böyük qürurla bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var: “Bu, Zəfər paradıdır. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, artıq iki ildir bütün bayramlarımızı, o cümlədən 9 Noyabr-Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır: “Dövlət Bayrağı Günündə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəbhədən gələn qələbə müjdəli xəbərlərin xalqımızda yaratdığı hissləri yada salmamaq mümkün deyil. Həmin gün küçə və meydanlarımızı üçrəngli Azərbaycan Bayrağı bəzədi. Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.”

YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində ucaldılmış, 1920-ci ilin aprel ayına, yəni bolşevik işğalına qədər dövlət statusuna malik olmuşdur: “2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncama uyğun olaraq hər il noyabr ayının 9-u ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan edilib. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraqlar ululardan miras qalan müqəddəs əmanətdir. Bu səbəbdən də daim yüksəklərə qaldırdığımız bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzu edilir.”

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Ümummilli Liderin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsidir. O tarixi gündə, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Ümummilli Lider bu mühüm addımı belə xarakterizə edirdi ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarı qəbul etmək məcburiyyəti qarşısında qaldı. Naxçıvan Muxtar Respublikası ərazisində bu bayraq 1990-cı il noyabrın 17-dən, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-dən etibarən dalğalanmağa başladı. Bu mühüm məqamı da qeyd edək ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir”,-deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, hər zaman “Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” bəyan edən Ümummilli Liderin çağırışlarının əsas tərkib hissələrindən biri də bu idi ki, Azərbaycan Bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onun qəlbində bayrağa olan məhəbbət, eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətdir.

Vüqar Rəhimzadə qeyd edib ki, hazırda üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi üzvü olduğumuz bütün beynəlxalq təşkilatların, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin qarşısında qürurla dalğalanır: “Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı bütün uğurların müşayiətçisi bayrağımızdır. Hər bir beynəlxalq səviyyəli yarışlarda Azərbaycan bayrağının yüksəklərə qaldırılması ölkəmizin müstəqilliyinin, beynəlxalq nüfuzunun təqdimatıdır. Bir sözlə, dövlət bayrağımız ölkəmizdən kənarda Vətənimizin varlığını təsdiq edir. Olimpiadalarda, beynəlxalq yarışlarda idmançılarımızın qələbəsini ən yüksək pillələrdən dünyaya çatdıran Azərbaycan Bayrağı ölkəmizə dəfələrlə bu sevinci bəxş etmişdir. Bayrağımız bundan sonra da hələ neçə-neçə möhtəşəm idman və musiqi bayramlarında ölkəmizə uğurlar qazandıracaq.”

“Ölkəmizə beynəlxalq baxışın yüksək olduğu hazırkı dövrdə Zəfərimizin reallıqlarını yaşayırıq. Qalib Azərbaycanı müşayiət edən yenə də bayrağımızdır. Möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq daim yüksəklərdə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, dəyişməz mövqeyinin, uğurlu gələcəyinin bələdçisidir. Bu gün nəinki paytaxt Bakımız, hətta işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Azərbaycanın döyünən ürəyi Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycana səfər edən neçə-neçə ölkələrin nümayəndələrinin ölkəmizə ilk qədəmlərini basarkən rastlaşdıqları üçrəngli bayrağımız olur. Bu gün Azərbaycan gəncləri dünyanın tanınmış ali məktəblərində təhsil alır, zəngin bilik və təcrübə əldə edir, ölkəmizə qayıdaraq davamlı inkişafa öz töhfələrini verirlər. Xaricdə təhsil alan hər bir Azərbaycan vətəndaşı həqiqətlərimizin təbliğatçısıdır. Bu təbliğatın ən böyük dəstəkçisi yenə də üçrəngli bayrağımızdır. Bayrağımız qürur mənbəyimiz, canımızdır”,-deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan ənənələri olan ölkədir: “Keçmişinə, ədət-ənənələrinə, milli-mənəvi dəyərlərinə sadiq, dövlətçilik maraqlarını hər şeydən üstün tutan xalqımız Dövlət Bayrağımız altında bir amala-azərbaycançılıq ideyasının təbliğinə xidmət edir. Bayrağımız varlığımızın sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığımızın əsas göstəricisidir. Prezident İlham Əliyevin ilk gündən qarşıya qoyduğu bu hədəfə uyğun olaraq əldə edilmiş uğurlarla kifayətlənmir, daim irəli baxırıq. Bu gün qalib Azərbaycanın qarşısında daha böyük üfiqlər açılııb. Bayrağımız bundan sonra daha möhtəşəm uğurlarımıza şahidlik edəcək. Zəfər ruhlu Dövlət Bayrağı Günün mübarək, qalib Azərbaycan xalqı!”

Digər xəbərlər