PREZİDENT İLHAM ƏLİYEV: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi”
10 noyabr - Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri və «Dəmir yumruğ»un hesabına imzalanan və Ermənistanın kapitulyasiyası kimi tarixə düşməsindən iki il ötür. Bəli, 10 noyabr - Xalq və hakimiyyət “Qarabağ – Azərbaycandır” dedi və bunu etdi. Sentyabrın 27-si Azərbaycan tarixində yeni səhifə açıldı. Ölkəmiz doğma torpaqlarının düşmən tapdağından azad edilməsi üçün əks-həmlə əməliyyatlarına başladı və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixdə isə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyuldu. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri və «Dəmir yumruq»un hesabına imzalanan Bəyanat Ermənistanın kapitulyasiyası kimi tarixə düşdü. Məğlubiyyətini bəyan edən rəsmi Yerevan 3 rayonu - Kəlbəcər, Laçın və Ağdamı Azərbaycana döyüşsüz qaytarmağa məcbur edildi. İmzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək, “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin açılması olacaq ki, bu da, ilk növbədə, Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək.Üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda da bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq".
ÜÇTƏRƏFLİ BƏYANATIN İMZALANMASI ÜMUMXALQ BİRLİYİNİN TƏNTƏNƏSİDİR
Bəli, tarixi sənəd olan üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Azərbaycan Prezident İlham Əliyev 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra xalqa müraciətində bildirdi ki, bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur və bu tarixi Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Həmçinin, üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”, – deyən Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətini bu sözlərlə bitirib: "Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!"
“QARABAĞ AZƏRBAYCANDIR!” REALLIĞI 44 GÜNDƏ MÜMKÜNSÜZÜ MÜMKÜN ETDİ
Bir sözlə, “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Və 10 noyabr - Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri və «Dəmir yumruğ»un hesabına imzalanan Bəyanət Ermənistanın kapitulyasiyası kimi tarixə düşdü, Xalq və hakimiyyət “Qarabağ – Azərbaycandır!” dedi və bunu etdi. Artıq bu gün «Qarabağ Azərbaycandır və nida» ifadəsi bizim qələbəmizin rəmzinə çevrildi. Ali Baş Komandanımız, Prezident İlham Əliyev dediyi kimi: «Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!»
RƏFİQƏ KAMALQIZI