PDF Oxu

Siyasət

  • 2 228

Prezidentin çıxışında diqqəti çəkən məqamlar - ŞƏRH

Prezidentin çıxışında diqqəti çəkən məqamlar - ŞƏRH

Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.Bildiyimiz kimi, Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmişdir. Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Prezident İlham Əliyevin bu toplantıdakı çıxışı zamanı səsləndirdiyi fikirlər bir neçə aspektdən diqqəti cəlb edir.Ölkə başçısının toxunduğu birinci mühüm məqam Fransanın Əlcəzairdə törətdiyi soyqırım cinayətləri ilə bağlıdır. Ölkə başçımız çıxışı zamanı bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya ölkələri heç bir zaman unutmamalıdır. “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.Hazırda Fransa qondarma erməni soyqırımını tanıyan dövlətlər sırasındadır. Hətta ölkədə “erməni soyqırımı”nı inkar edənlərə qarşı cinayət işi açılır. Rəsmi Paris “erməni soyqırımı”nın əsas təbliğatçısına çevrilsə də, özünün tarixi keçmişi heç də ağ kağız kimi deyil. Prezident İlham Əliyev də “Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır” söyləməklə rəsmi Parisi fakt qarşısında qoymuş olur. Ölkə başçısının Fransanı nüfuzlu toplantıda Əlcəzair soyqırımı ilə bağlı fakt qarşısında qoyması ermənipərəst dairələrin Türkiyəyə qarşı səsləndirdiyi saxta soyqırımı iddialarının neytrallaşdırılması baxımından da əhəmiyyətlidir.Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi tarixindən, 44 günlük döyüşlər nəticəsində ərazilərin azad olunmasından, ermənilərin 30 il ərzində törətdikləri vəhşiliklərdən də bəhs edir. O, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən bu barədə danışıb: “Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ərazilərimizi işğaldan azad etdik, torpaqlarımıza qayıtdıq”.

Bundan əlavə Prezidentimiz vurğulamışdır ki, biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq.Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır...”Görüşdə Dövlət başçısı Ermənistan-Fransa cütlüyünün cinayətlərinin davam etməsindən də söz açıb. Prezident Əlcəzairin də vaxtilə oxşar problemlə qarşılaşdığını vurğulayıb. Fransanın Əlcəzairi işğal altında saxladığı dövrdə ölkədə minalama işi aparmasına diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan da mina terrorundan əziyyət çəkir. Prezident çıxışı zamanı Fransa və Ermənistan hakimiyyətlərinin oxşar cəhətlərini və insanlıq əleyhinə törətdikləri cinayətləri faktlarla sübut etdi. Bu faktların nüfuzlu tədbirdə səsləndirilməsi ermənipərəst dairələrin anti-Azərbaycan və anti-Türkiyə təbliğatını neytrallaşdırmaq üçün yeni imkanlar açır.İlham Əliyevin çıxışında ikinci mühüm məqam Azərbaycanın Qoşulmama Hərəkatındakı rolu ilə bağlıdır. Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri kimi dəvət olunub. Prezident çıxışı zamanı Azərbaycanın Qoşulmama hərəkatındakı roluna toxunub.“Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Bizim sədrliyimiz COVID-19 dövrünə təsadüf etmişdir və biz bu məsələdə çox fəal idik. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Biz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik. Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək”.Aydın olur ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Təşkilatın fəaliyyətinə yeni nəfəs verib, onun beynəlxalq proseslərə təsir gücünü artırıb. Həmçinin Prezidentin Qoşulmama Hərəkatının sədri kimi Sammitə dəvət olunması Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin, erməni cinayətlərinin ifşası və bu cinayətlərə bəzi beynəlxalq təşkilatların susmasının bəyan edilməsi baxımından böyük əhəmiyyətə malikdir.Ölkə başçısı çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə geniş yer verib.Prezidentin çıxışındakı üçüncü mühüm məqam isə Azərbaycanın yeni güc mərkəzi kimi formalaşan Ərəb Dövlətləri Liqası ilə əlaqələrin genişlənməsi və ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfədir.Ölkə başçısı çıxışı zamanı Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrlə Azərbaycan arasındakı münasibətlərin inkişafından danışıb.“Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin, eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”.Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi baxımından gördüyü işləri xüsusi vurğulayıb.“Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir”.
Ümumiyyətlə Azərbaycanın Türk Dövlətləri Təşkilatı kimi yeni yaranan güc mərkəzi - Ərəb Dövlətləri Liqası ilə həm siyasi, həm də iqtisadi əlaqələrini gücləndirməsi ölkəmizin qlobal siyasi-iqtisadi proseslərə təsir imkanlarını artırması baxımından çox əhəmiyyətlidir. Həmçinin Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünyaya çatdırılması, beynəlxalq təşkilatlardakı mövqelərimizin möhkəmlənməsi üçün çox vacibdir.

Vəfa Məmmədova
Bakı şəhəri R.M.Sadıqov adına 136 nömrəli məktəbin müəllimi

Digər xəbərlər