PDF Oxu

Siyasət

  • 2 978

Hünər tariximiz 8 Noyabr - ŞƏRH

image

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlandı və İkinci Qarabağ müharibəsinə çevrildi.Tarixi qələbəyə gedən yolun təqvimi belə oldu:

27 sentyabr: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər.
3 oktyabr: Tərtər rayonunun Suqovuşan və Talış kəndləri. Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri; Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi.
4 oktyabr: Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri.
5 oktyabr: Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri.
9 oktyabr: Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi və Sur kəndi. Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri. Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri. Tərtər rayonunun Çaylı kəndi.
14 oktyabr: Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri. Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri.
15 oktyabr: Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri. Füzuli rayonunun Arış kəndi. Cəbrayıl rayonunun Doşulu kəndi.
16 oktyabr: Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri.
17 oktyabr: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri.
18 oktyabr: Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.
19 oktyabr: Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri.
20 oktyabr: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri. Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri.
21 oktyabr: Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri. Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri. Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.
22 oktyabr: Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi. Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri. Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri.
23 oktyabr: Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri. Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri. Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri. Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri.
25-26 oktyabr: Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri. Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri. Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
28 oktyabr: Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri. Füzuli rayonunun Mandılı kəndi. Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri. Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
30 oktyabr: Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri. Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri. Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
2 noyabr: Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri. Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri. Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
4 noyabr: Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri. Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri. Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.
7 noyabr: Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri. Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri. Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri. Zəngilan rayonunun Beşdəli kəndi. Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri. Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri.
8 noyabr: ŞUŞA şəhəri.

9 noyabr: Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri. Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri. Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri. Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri. Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri. Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi. Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri.10 noyabr: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.20 noyabr – Ağdam; 25 noyabr - Kəlbəcər; 1 dekabr – Laçın;
Rəsmi İrəvanın kapitulyasiya aktı və üçtərəfli bəyanat, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü;
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biri oldu. Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarının əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmiş tarixi qələbə xalqımızın bəzən açıq, bəzən də gizli şəkildə ona qəbul etdirməyə çalışdıqları ədalətsizliklə barışmadığını, həyati milli maraqlarını qorumaq üçün hər bir fədakarlığa hazır olduğunu nümayiş etdirdi.Ərazi bütövlüyünə qovuşmuş Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyinin nəticəsində, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Son iki yüz ilə yaxın dövrdə vəhşi və xain erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan verdi. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etdi.
Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəldi. On minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyildir.Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlamışdır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul etmişdir. Avropa İttifaqı ilə tərtib edilmiş sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilmişdir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsasdır.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin gedişində düşmən beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi qulluqçulara və dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən soyqırımı və dövlət terrorizmi aktları törətmişdir. İşğal olunmuş ərazidə erməni vandalları bütün şəhər və kəndlərimizi qarət etmiş, dağıtmış və yandırmış, milli-mədəni və tarixi irsimizi xüsusi qəddarlıqla məhv etmişlər. İşğal bölgəsində mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması, ibadət yerlərinin təhqir edilməsi xalqımızın məruz qaldığı etnik nifrət və düşmənçilik aktlarının miqyasını göstərən çoxsaylı faktlardan yalnız bəziləridir. İşğaldan azad edilmiş ərazidə Ermənistanın mina terroru hələ də davam edir. 2020-ci ilin noyabrında hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 260 nəfərdən çox azərbaycanlı minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir.
Unutmayaq ki, 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi oldu və Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın o cümlədən, Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtardı və onu qalib xalqa çevirdi. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirdi.44 günlük vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü ugrunda şücaət və qəhrəmanlıqlar göstərərək canından keçən şəhidlərimizin ailələrinə hər cür dəstəyini əsirgəməyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, döyüşlərdə yaralanıb və sağlamlıqlarını itirən qazilərimizin sağlamlıqlarına qovuşması üçün müvafiq qərarlar verdi.Bakının Buzovna qəsəbəsində, Xəzər dənizinin səfalı sahilində yerləşən, müasir standartlara uyğun tikilmiş, ən son texnologiya ilə təchiz edilmiş, savadlı və peşəkar tibb heyyəti ilə təmin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi 14 noyabr 2020-ci il tarixindən şəhid övladlarının, həyat yoldaşlarının, valideynlərinin və qazilərin tam reabilitasiyası üçün sanator-kurort və bərpa-müalicələrini təmin etmək məqsədi ilə istifadəyə verildi. Hal-hazırda da, böyük sevgi və ciddi məsuliyyəti ilə Sanator-Kurort Reabilitasiya Mərkəzi öz nümunəvi xidmətlərini, Vətən uğrunda canlarından keçmiş şəhidlərin yaxın qohumlarına və sağlamlıqlarını itirmiş qazilərə bu şərəfli xidmətini göstərməkdədir.
Çıxışımın sonunda, 8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını iftixar hissi ilə təbrik edirəm.
“Zəfər günün mübarək, anam Azərbaycanım,
Zəfər günün mübarək, canım Azərbaycanım,
Azad şənin mübarək, şanım Azərbaycanım!
Sənə Zəfər yaraşır, uca zirvələrdə ol,
Şan-şöhrətlə, qürurla qoca zirvələrdə ol!” (S.Şirinova)

Bayramınız Mübarək!
Qarabağ Azərbaycandır!

Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Digər xəbərlər