PDF Oxu

Siyasət

  • 2 523

Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur - ŞƏRH

Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur - ŞƏRH

Bayraq Respublikanın varlığını təsdiqləyən, millətini ucaldan, hər bir vətəndaşı qürurlandıran dövlət rəmzdir. Azərbaycanda Dövlət Bayrağı Gününün təsis olunması və hər il təntənə ilə keçirilməsi məhz bu mənəvi dəyərdən qaynaqlanır.Üçrəngli, ağ aypara və səkkizguşəli ulduzlu bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Azərbaycanın dövlət bayrağı mühüm ideoloji əsasları özündə cəmləmişdir. Bütün müsəlman və türk dünyasında ilk dəfə idi ki, milli mədəni, mənəvi dəyərlərə, eyni zamanda demokratik ideallara əsaslanan bir dövlət qurulurdu. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi məna XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipinə əsaslanırdı. Bu, Azərbaycanın görkəmli mütəfəkkiri Əli Bəy Hüseyzadənin irəli sürdüyü “Türkçülük, müasirlik və islamçılıq” prinsipi idi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə əsasən sıralanmışdır. 1920-ci ilin 28 aprelində Azərbaycan üçrəngli bayrağı dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzləndi.1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı. Lakin uzun illərdən sonra ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə Heydər Əliyevin belə bir addım atması bütün SSRİ-də, həmçinin Azərbaycanda böyük əks-səda vermişdi. Eyni zamanda bu hadisə Azərbaycanda milli azadlıq mübarizəsində xalqa böyük ruh vermiş və xalq hərəkatını daha da qarşısı alınmaz prosesə çevirmişdi.Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”Müzəffər Ali Baş Komandan dediyi sözün üstündə durdu. 27 sentyabr 2020-ci il tarixində peşəkar, Müzəffər Azərbaycan Ordusunun və sinmaz, iradəli Azərbaycan xalqının dəmir yumruq kimi öz Sərkərdəsinin ətrafında sıx birləşməsilə İkinci Qarabağ Müharibəsi başlayar, başlamaz ugurlarımızın ardı-arası kəsilmədi. Çox şükür ki, bu gün Azərbaycanın üçrəngli Bayragi işğaldan azad olunmuş yüksəkliklərdə dalğalanır! Qarabağda, Şərqi Zəngəzurda dalğalanır! Xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək:
“Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim”.
Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.Azərbaycanda Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin yaradılması ölkə başçısının dövlət bayrağına nə qədər böyük önəm verdiyini bir daha sübut edir. 2010-cu il sentyabrın 1-də Bakıda açılışı olan Dövlət Bayrağı Meydanında ucaldılan bayraq dayağının hündürlüyü 162 metrdir. Bu dünyada ən hündür bayraq dayağıdır.Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.Biz yurdumuza bir əlində bayraq, bir əlində silah tutan igid, cəsur əsgər və zabitlərimizin qanı, canı, sağlamlığı hesabına hakim olduq. Ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyün qoruyan silahlı qüvvələrimizin əsgərləri vətən qarşısında xidmətə başlayanda əlini bayrağın üstünü qoyub and içirlər. Vətən uğrunda canını fəda edən şəhidlər bayrağa bükülür. Ona görə də bayraq Azərbaycan xalqı üçün sadəcə bir dövlət rəmzi deyil, ülvi və müqəddəslik simvoludur.
Dövlət bayrağımızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə böyük qürurla dalğalandırdı. Bütün dünya bir daha əmin oldu ki. Azərbaycanın dövlət bayrağı həmişə yüksəklərdə dalğalanacaq! Yaşasın Azərbaycan!

Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər