PDF Oxu

Siyasət

  • 2 015

Uzaqgörən diplomatik mübarizə mühüm nəticədir ŞƏRH

Uzaqgörən diplomatik mübarizə mühüm nəticədir ŞƏRH

Dünya azərbaycanlıları zəfərimizin ikinci ildönümünü qeyd edir. Bu, elə bir zəfərdir ki, Azərbaycan xalqının özünə inam fəlsəfəsi yenilənmiş oldu. Vətən müharibəsi nəticəsində bütöv Azərbaycan eşqiylə yaşayan vətənpərvər xalqımızın qüdrətli tarixindən irəli gələn tarixi reallıqları həyata keçirmək imkanı yaranmış oldu. Qafqazın mürəkkəb siyasi çıxışlarla çalxalandığı son günlərdə Azərbaycan Respublikasının qətiyyətli mövqeyi məhz Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsindən qaynaqlanır. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan ordusuna cəbhə boyu əks-hücum haqqında əmr verdi. Bu qərarı nəinki Azərbaycan Respublikasının on milyonluq vətəndaşları, bütün dünyaya səpələnmiş bütöv Azərbaycan xalqı dəstəklədi. İstər hərb meydanında, istər informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalqın, ordunun birliyi fonunda mühüm qələbələrə imza atıldı. Qələbələrin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu. Tarixi memarlıq ansamblı dağıntılara məruz qalmadan Şuşa azad edildi. Şuşanın azad edilməsi qısa zaman çərçivəsində beynəlxalq hərbi ekspertlər, siyasi xadimlər tərəfindən təhlil edildi. Təbii ki, bu həssas yanaşmanı, duyarlılığı yalnız bu diyarın-Qarabağın, Şuşanın əsl sahibləri, əsl sakinləri edə bilərdi. Azərbaycan Respublikasının beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi 2020-ci ilin noyabrın 10-dan etibarən hərbi əməliyyatlardan Ermənistanın kapitulyasiyası mərhələsinə keçmişdir. İmzalanmış üçtərəfli bəyannamə 30 ilə yaxın həll olunması açıq qalan Qarabağ probleminin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi yolunda hərbi-diplomatik addımdır. Məhz bu bəyannamənin səmərəli nəticəsi kimi Ağdam, Kəlbəcər, Laçın qan tökülmədən düşməndən azad edildi.Vətən müharibəsinin başladığı ilk gündən bütün dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqəti, nəzəri Azərbaycan Respublikasına kökləndi. İlk gün müşahidə mövqeyində duran beynəlxalq təşkilatlar hərbi əməliyyatların növbəti atəşkəs pozuntusu kimi qəbul etsə də, sentyabrın 27-də Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlum bəyanatı beynəlxalq institutları bir-birinin ardınca bəyanatlar verməsinə səbəb oldu. İlk olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərindən, ABŞ-ın Dövlət Departamentindən, BMT-nin Təhlükəsizlik Şurasından, Avropa və Amerika ölkələrindən, eləcə də Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron tərəfindən birgə bəyanatların ümumi məzmunu belə idi: hərbi əməliyyatlar dərhal dayandırılsın, mülki əhalinin təhlükəsizliyi təmin edilsin, Ermənistanla Azərbaycan Respublikası arasında Dağlıq Qarabağ münaqişəsi haqqında ATƏT-in Minsk qrupu çərçivəsində yenidən danışıqlar başlasın.Təbii ki, Azərbaycan dövlətinin diplomatik gedişi gecikmədi. Beləki, sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş baş tutdu. Bu zamanı dövlət başçısı beynəlxalq təzyiqlərə qarşı prinsipial mövqe nümayiş etdirdi. Video-görüş zamanı BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarını xatırladaraq cənab İlham Əliyev Ermənistanın zatən yeni müharibəyə hazırlaşmasını qeyd etdi. Xüsusi vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal qeyd-şərtsiz və tam çıxarılmalıdır. Və bunu tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.Beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələrində Prezident İlham Əliyev status-kvo ilə bağlı, həmsədrlərin öz mövqelərini dəyişmək istəməsi ilə bağlı maraqlı məqamları açıqlayıb və Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdinin çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəli olduğunu vurğulamışdır. Status-kvo dəyişdirilməlidir.Azərbaycan Respublikasının uğurlu hərbi əməliyyatları birmənalı qəbul edilmir, Türkiyə silahlı qüvvələrinin müharibədə aktiv iştirakı haqqında əsassız iddialar Ermənistan və onun havadarları tərəfindən geniş tirajlandı, Ermənistan tərəfindən PKK terrorçularının döyüşməsi faktı gözardına vuruldu, Gəncəyə, Bərdəyə, Tərtərə qarşı terror aktlarına qeyri adekvat münasibət sərgiləndi.Beynəlxalq təzyiqlər fonunda Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsinə ilk diplomatik dəstək Türkiyə Cümhuriyyətindən gəldi. Sentyabrın 27-də Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında yazıb: "Azərbaycana qarşı hücumlarına bir yenisini də əlavə edən Ermənistan bölgədə sülh və dincliyin önündə ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Ermənistanın təhrikedici hücumları qarşısında gərəkli və lazımı bir münasibət ortaya qoymaması beynəlxalq birliyin ikili standartlarını bir daha göstərir. Təxminən 30 ildir ki, məsuliyyətsiz mövqe sərgiləyən Minsk üçlüyü də həll yolu axtarışına istiqamətlənən davranışlardan çox uzaqdır” Türkiyənin dövlət başçısının qətiyyətli mövqeyi birmənalı qarşılanmasa da Azərbaycan Respublikasının haqlı mübarizəsinə əhəmiyyətli təsir göstərdi.44 günlük Vətən müharibəsi dövründə ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, məhz işğal siyasətinə görə, Ermənistanı bütün regional layihələrdən təcrid edib. Dövlətimiz tərəfindən yürüdülən uzaqgörən siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dövlətə çevrildi.Bu gün bir daha Azərbaycan dövləti qəti mövqe sərgiləyir. Qafqazın geosiyasi xəritəsi yenidən çəkilir. İnanırıq ki, regionun lider dövləti olaraq Azərbaycan Respublikası Konstitusiya çərçivəsində, beynəlxalq normalar çərçivəsində qarşıda duran və bizim hər birimizi narahat edən bəzi ərazi məsələlərini, Naxçıvana dəhliz məsələsini bütün antiqüvvələrin güc nümayişi, hərbi şoularına rağmən həll edəcəkdir. Artıq prosesləri izləyirik.

Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər