Cəmiyyət

  • 3 009

“Mil” romanı Türkiyədə nəşr olunub

image

“Mil” romanı hazırkı İranda türk xalqının əsrləri əhatə edən taleyini və mövcud durumunu təsvir edir. Əsər 1977-1979-cu illərdə keçmiş SSRİ-dən Tehrana ezamiyyətə göndərilən, əslən Azərbaycan türkü olan “Pravda” qəzetinin şərqşünas ixtisaslı müxbirinin həyat dramıdır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-dəki bütün ictimai-siyasi proseslərə böyük təsir etmək imkanları, Ulu Öndərimizin tarixi şəxsiyyət kimi Suslov və Andropovdan çox-çox yüksəkdə dayanması əsərdə ədəbi ustalıqla obrazlı şəkildə ifadə olunur.

Əsərin müəllifi AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı, nəşrin rəhbəri Avrasiya Yazarlar Birliyinin (AYB) sədri Yaqub Öməroğludur.

AYB tərəfindən nəşrə hazırlanan “Mil” romanı Ankarada fəaliyyət göstərən “BENGÜ” yayın evi tərəfindən çap edilib.

Pəhləvi dövründə indiki İran ərazisində kök salıb dərinləşən türk düşmənçiliyinin əsasları və onun ənənə halına gətirilməsi məsələləri əsərdə obrazlı şəkildə, real faktların bədii fonunda əksini tapıb.

Beləliklə, zəngin milli-mənəvi dəyərləri özündə ehtiva edən “Mil” romanı aşağıdakı mühüm amilləri özündə ehtiva edir:

–türk toplumunun genetik xüsusiyyətləri;

–Vətən və milli varlıq yolunda mübarizlik;

–zəngin türk ənənələri;

–tarixi miras olan türk dövlət idarəetmə metodları;

–Vətənə, millətə, dəyərlərə bağlılıq, yenilməzlik və sair.

Əsərdə cəmləşdirilən bütün tarixi proseslər, küçə, meydan və yer adları, o cümlədən vəzifəli şəxslərin ad və soyadları 1977-1979-cu illərdə mövcud olmuş şəkildə yazılıb. “Heydərbabaya salam” poemasının türkcə işıq üzü görməsinin əsl səbəbi, Urmu (Urmiyə) gölünün qurudulması cəhdinin arxasındakı məkrli məqsəd, şair Behrənginin öldürülməsi, Evin həbsxanasındakı işgəncə metodları, türk ailələrindəki sandıqlarda saxlanılan əl işlərindəki şifrəli tarixi sirlər, o cümlədən azərbaycanlı ailələrdə dünyaya göz açan uşaqların doğum sənədlərinə türk adlarının yazılmaması kimi mühüm məsələlər konkret faktlar üzərində rəvayətlər, dialoq və təsvirlərlə axıcı və oxunaqlı ədəbi dildə qələmə alınıb.

Türk və içkeriya (çeçen) əsilli iki gəncin bitib-tükənməyən eşq hekayəsi kimi qələmə alınan roman əslində böyük və dərin mahiyyətli olan beynəlxalq səviyyəli siyasi prosesləri özündə əks etdirir. Əsər milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün tərbiyəvi əhəmiyyət daşıyır, milli və dini özünüdərk tezislərini aşılayır.

Ümumtürk həmrəyliyinə böyük faydalar gətirəcək, bədii-publisist janrda qələmə alınan əsərdə, həmçinin Azərbaycan-içkeriya-tatar dostluq və qardaşlıq telləri üçün olduqca vacib bir metod tətbiq edilib. Romanda Azərbaycan, çeçen və tatar qardaşlıq körpüsü üçün möhkəm sütunlar vardır. Bu sütunlar milli və dini dəyərlərdən yoğrulmuşdur. Əsərdə əvvəldən sonadək elm və yüksək mədəniyyət, mübarizlik və döyüşkənliyin vəhdət halında milli güvən formulası olduğu oxucuya aşılanır.

Digər xəbərlər