PDF Oxu

Sosial

  • 583

Çanaqqala Zəfəri və 3000-dən çox azərbaycanlı şəhid: qürurla anırıq!

image

Bu gün-18 mart Çanaqqala Zəfəri və Şəhidlərini Anma Günüdür. Düz 111 il əvvəl- 1915-1916-cı illər arasında Birinci Dünya Müharibəsi zamanı Gelibolu yarımadasında Osmanlı İmperiyası ilə müttəfiq dövlətlər arasında silsilə şəklində, həm dənizdə, həm də quruda döyüşlər gedirdi. Müttəfiqlər Osmanlı İmperatorluğunun paytaxtı İstanbulu, Boğaziçi və Çanaqqala boğazlarına nəzarəti ələ keçirmək, Rusiyaya təhlükəsiz təchizat və hərbi gücləndirmə yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini paytaxt İstanbulu ələ keçirərək müharibədən çıxarıb mərkəzi gücləri zəiflətmək məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazını seçdilər. Lakin onların hücumları uğursuz oldu və geri çəkilməyə məcbur oldular. Quru və dəniz döyüşləri nəticəsində hər iki tərəf çox ağır itki verdi.

Osmanlının məqsədi isə sərhədləri xaricindəki 200 milyondan artıq müsəlmandan, o cümlədən Rusiyadakı türk-müsəlman zümrələrdən geniş ölçüdə faydalanmaq və bütün türk-islam dünyasını Antanta dövlətlərinə qarşı mübarizəyə qaldırmaq idi. Nəticə etibarı ilə Osmanlı dövlətinin bu istiqamətdəki planları özünü doğrultmadı. Bununla belə, Osmanlı sultanının bu çağırışına Türkiyə xaricində, Antanta ölkələrinin nəzarətində və müstəmləkələrində yaşayan müsəlmanlardan müsbət cavab verənlər də oldu. Bu mənada, Qafqazda və Cənubi Azərbaycanda yaşayan türk-müsəlman zümrələrini xüsusilə qeyd etmək lazımdır.

Beləliklə, Türk dünyasının hər yerindən çoxlu insan Çanaqqala döyüşündə türk qardaşlarına dəstək olmaq üçün Çanaqqalaya getmişdi. Birinci Dünya Müharibəsi zamanı Çanaqqala savaşında minlərlə Azərbaycan türkünün iştirak etdiyi məlumdur. Məlumatlara görə, 1915-ci il martın 18-də türklük, islam, Vətən uğrunda şəhid olan 253 min türk əsgəri ilə yanaşı, 3 min Azərbaycan türkü də Çanaqqala döyüşündə şəhid olub. Burada şəhid və ya qazi olanlar heç bir öhdəlik götürmədən, sırf qardaşlıq hissi ilə Anadolunun bu guşəsinə tələsirdilər. Bu savaşda Azərbaycan türklərinin göstərdiyi mənəvi birlik və həmrəylik son dərəcə əhəmiyyətlidir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovun araşdırmalarına əsasaən Osmanlı ərazilərində təşkil edilən və Qafqaz cəbhəsində Osmanlı orduları ilə çiyin-çiyinə Rusiyaya qarşı vuruşan, eyni zamanda İstanbul hökumətinə qarşı qalxmış qiyamları yatırmaq kimi vəzifələri yerinə yetirən çoxsaylı Azərbaycan könüllü taburları olub. Tarixçi onlardan aşağıdakıları qeyd edir:

Ömər Naci taburu (500 nəfərlik atlı birlik);

Ruşəni bəy müfrəzəsi (300 könüllü);

Kamil Paşa alayı, Əmir Aslan Xan Xoyski taburu (könüllü atlı birlik);

Əmir Həşmət taburu (7000 könüllü);

Şeyx Şərafəddin taburu (300 könüllü);

İbrahim Cahangirzadə alayı;

Dağıstan könüllü alayı (300 könüllü);

Bahadur Hüseynzadə alayı (Balkan müharibələri zamanı təşkil edilmiş “Qafqaz Könüllü Alayı”) və s.

Beləliklə, Çanaqqaladan 3 mindən çox Azərbaycan övladı geri qayıtmadı. Onlar türk torpağı uğrunda həyatlarını itirdilər. Çanaqqalnı Böyük Osmanlıya giriş qapısı kimi seçən düşmənə qarşı mübarizədə göstərdikləri şücaətlə dillərdə dastana çevrilən azərbaycanlılar hər zaman qürurla anılır, onların fədakarlığından qürurla söhbət açılır.

Çanaqqala Zəfərinə 111 il sonra bir daha, mübarəkdir- deyirik. Orada həyatını itirən bütün şəhidlərə, eləcə də Azərbaycandan dost yardımına gedib, lakin geri qayıtmayan şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Onlar Türkün qəhrəmanlıq dastanını yazanlardır.

Mətanət Məmmədova

Digər xəbərlər