PDF Oxu

Siyasət

  • 624

Şuşa Bəyannaməsi - Tarixi bağların strateji münasibətlər mərhələsi - ŞƏRH

image

Azərbaycan-Türkiyə münasibətlərində yeni strateji mərhələ açmış Şuşa Bəyannaməsinin imzalanmasından beş il otür. Bu müddət ərzində qət edilən yol, əldə edilən nailiyyətlər isə on illərlə əldə ediləcək uğurlara bərabər olmuşdur. Bunun başlıca səbəblərinə nəzər salarkən iki qardaş ölkə arasındakı tarixi, etnik, mədəni-iqtisadi bağlar, ortaq ənənələr, eləcə də dərin mənəvi dəyərlər ön plana çıxır. Bütün bu dəyərlər yaxın qonşuluq münasibətləri, qarşılıqlı hörmət, siyasi-ictimai əlaqələrin inkişafı ilə zaman-zaman daha da möhkəmləndirilmiş, nəticə olaraq, 2021-ci 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə yeni müstəviyə qədəm qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəyannamənin iqtisadi, siyasi, beynəlxalq, strateji əhəmiyyətini xarakterizə edərkən iki qardaş xalq arasındakı tarixi bağlara diqqət çəkərək qeyd etmişdir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Tarixi əlaqələri yeni müstəviyə daşıyan Şuşa Bəyannaməsinin mahiyyəti yalnız onu imzalayan dövlətlərin strateji tərəfdaşlığını möhkəmləndirməklə məhdudlaşmır, eyni zamanda region ölkələri, türk dünyası, bütövlükdə qlobal münasibətlərin tənzimlənməsi üzrə əməkdaşlıqlar üçün yeni perspektivlər açır. Bəyannamənin məzmununa uyğun olaraq inteqrasiyanın gücləndirilməsi, səmərəli investisiya qoyuluşu, innovasiya və informasiya əməkdaşlığının genişləndirilməsi bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.

Bəyannamənin işğaldan azad edilmiş tarixi bir məkanda – Şuşada imzalanması hüquqi ədalətin təsdiqi baxımından mühüm mesajdır hansı ki, müharibənin yaralarını sağaltmağın çevik və səmərəli yeni modelini əks etdirir. Təqribən 30 il ərzində dağılmış bir regionun 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən sonra mühüm beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əsas arteriyasına çevrilməsi məhz bu çevik və uğurlu siyasətin nəticəsində reallaşmışdır. Bəyannamədə xüsusi olaraq vurğulanan Zəngəzur dəhlizi Orta dəhlizin əsas qovşağı olaraq 3 istiqamətdə - lokal, regional və qlobal çərçivədə mühüm məsələlərin həllini stimullaşdırmışdır.

Qlobal çərçivədə bu dəhliz Şərqdən Qərbə gedən qədim ticarət yolunu canlandırmaqla Asiya-Avropa əlaqələrinin iqtisadi, siyasi, mədəni istiqamətlərdə şaxələndirilməsində həlledici əhəmiyyət daşıyır. Bu sahədə həyata keçirilən layihələr içərisində Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi, Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi, həmçinin onun Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası məsələsi iqtisadi əhəmiyyət daşımaqla bərabər bu regionda sülhün və təhlükəsizliyin qorunmasında qlobal səviyyədə həmrəyliyin olmasını şərtləndirir.

Regional baxımdan Azərbaycan ərazisindən keçən nəhəng iqtisadi layihələr ölkəmizlə bərabər digər dövlətlərin də iqtisadi inkişafına zəmanət verir, eyni zamanda onlar arasında münasibətlərin möhkəmləndirilməsinə yol açır. Bu, bir tərəfdən qonşu dövlətlərin iqtisadi inkişafının, digər tərəfdən Mərkəzi Asiya və Anadolu coğrafiyasındakı türk dövlətləri üçün birbaşa əlaqənin təminatı üçün lazım olan sülh və təhlükəsizliyin qorunmasında Şuşa Bəyannaməsinin təsir dairəsinin genişliyini göstərir.

Lokal çərçivədə bu təsirin əhəmiyyəti ölkəmizin bir parçasının digər hissə ilə birləşdirilməsinin təmin olunması ilə yanaşı həm də iqtisadi, mədəni, turizm və digər sahələrdə inkişafın stimullaşdırmasında əks olunur. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında Azərbaycanla Türkiyə arasında əməkdaşlığın genişlənməsi gələcək çoxşaxəli işbirliyi prosesinin də intensivləşməsinə şərait yaratmışdır.

Qeyd edilən istiqamətlər üzrə qtisadi, mədəni, siyasi əməkdaşlığın möhkəmlənməsi ilə yanaşı müdafiə sahəsində əməkdaşlığın Bəyannamədə əks olunması tarixi nailiyyət kimi xarakterizə olunmuşdur. Hər iki ölkə arasında informasiya mübadiləsinin artırılması, diplomatik əlaqələrin gücləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi beynəlxalq nüfuzun artmasında əhəmiyyətli rol oynamışdır. Bu sahədə mərhələli şəkildə, ənənəvi olaraq hər il 15 iyun tarixində Şuşada keçirilən konfransların əhəmiyyəti xüsusi qeyd edilməlidir.

2022-ci ildə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda, 2023-cü ildə isə “Heydər Əliyev İli” çərçivəsində “Qurtuluşdan Zəfərə” mövzusunda keçirilən konfranslarda Şuşa Bəyannaməsinin imzalanmasından keçən müddətdə ölkələrimiz arasında münasibətlərdə əldə edilən nəticələr müzakirə olunarkən, sonrakı illərdə beynəlxalq çərçivədə keçirilən konfranslarla daha geniş təsir diapazonu qazanmışdır. Belə ki, 2024-cü ildə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda keçirilən beynəlxalq konfransda türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin təhlili, 2025-ci ildə isə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda isə bütövlükdə dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin təhlili Şuşa Bəyannaməsinin ildönümlərində aparılmaqla onun beynəlxalq əhəmiyyətinin ildən-ilə genişlənməsindən xəbər verirdi. Konfranslarda əldə edilən qərarlar Azərbaycan və Türkiyə arasındakı tarixi bağların yeni strateji mərhələsinin uğurları olaraq tarixə düşməklə bərabər, Şuşa Bəyannaməsindən başlayan yeni strateji mərhələnin gələcək uğurlu işbirlikləri üçün də səmərəli perspektivlər açmışdır.

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının

AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri

Digər xəbərlər