PDF Oxu

Sosial

  • 634

Möminə Xatun türbəsi: gələcəyi möhkəm qurmaq üçün keçmişi qorumaq məqsədi

image

Mətanət Məmmədova

Bir dövlətin gücü yalnız yeni binaların, obyektlərin inşası ilə deyil, qoruduğu qədim abidələrlə ölçülür. Çünki gələcəyi möhkəm qurmaq üçün əvvəlcə keçmişin sütunlarını qorumaq lazımdır. Naxçıvanın qəlbində əsrlərdir zamanın sınağına sinə gərən Möminə Xatun türbəsi də məhz belə bir milli yaddaş abidəsidir.

Prezidenti İlham Əliyevin bu unikal memarlıq incisinin bərpası və konservasiyası işlərinin davam etdirilməsi üçün 9 milyon 566 min manat vəsait ayırması təkcə inzibati qərar deyil. Bu, tarixə verilən dəyərin, milli irsə göstərilən ehtiramın və gələcəyə ünvanlanan strateji baxışın aydın ifadəsidir.

Bir türbə deyil, bir xalqın yaddaşıdır Möminə Xatun

Möminə Xatun türbəsi sadəcə qədim tikili deyil, o, daşlara həkk olunmuş tarixdir. XII əsrdə dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən bu möhtəşəm abidə Azərbaycan memarlıq məktəbinin zirvələrindən biri, Şərq memarlığının isə nadir incilərindəndir.

Onun hər ornamentində, hər həndəsi xəttində, hər kitabəsində bir dövrün düşüncəsi, estetikası və dövlətçilik ruhu yaşayır. Bu baxımdan Möminə Xatun türbəsi ümumilikdə Azərbaycanın mədəni kimliyinin, tarixi yaddaşının və mənəvi dayaq nöqtələrinin ən parlaq nümunələrindən biridir.

Belə bir abidənin qorunması sadəcə daşların bərpası deyil. Bu, bir xalqın öz kökünə sahib çıxması deməkdir.

Prezidentin qərarı tarixə münasibətin dövlət səviyyəsində ifadəsidir

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Möminə Xatun türbəsinin bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə 9 milyon 566 min manat vəsait ayrılması, əslində, dövlətin mədəni irs siyasətinin ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini göstərir.

Bu addım eyni zamanda onu da göstərir ki, Azərbaycan üçün tarixi irs yalnız keçmişin yadigarı deyil, o, bu günün məsuliyyəti və sabahın mirasıdır. Dövlət başçısının bu qərarı, tarixi abidələrin qorunmasına münasibətin təsadüfi yox, sistemli və strateji xarakter daşıdığını bir daha təsdiqləyir.

2025-ci ildə də Prezident İlham Əliyev dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamış, Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdı. Bu gün isə daha böyük həcmdə vəsaitin ayrılması göstərir ki, məqsəd abidənin elmi əsaslarla, yüksək peşəkarlıqla və uzunmüddətli mühafizə prinsipləri ilə bərpasıdır.

Möminə Xatun türbəsi Naxçıvanın ən mühüm tarixi simvoludur

Möminə Xatun türbəsi Naxçıvanın ən mühüm tarixi simvollarından biridir. Onun yüksək səviyyədə bərpası regionun mədəni görünüşünü daha da gücləndirəcək. Bu isə Naxçıvanın həm ölkə daxilində, həm də beynəlxalq miqyasda daha geniş şəkildə tanıdılmasına xidmət edəcək. Çünki tarixi abidələrin bərpası təkcə mədəni məsələ deyil, həm də iqtisadi potensialdır. Naxşəvanın turizm üçün əlverişli region olduğunu nəzərə alsaq, Möminə Xatun türbəsinin yenilənmiş görkəmdə təqdim olunması Naxçıvana gələn turistlərin də marağına səbəb olmaqla, turizm sektorunun inkişafına zəmin yaradacaq.

Gənc nəslə səssiz, lakin güclü mesaj

Bir xalq öz tarixi ilə nə qədər canlı bağ qurursa, bir o qədər güclü olur. Belə abidələrin qorunması gənc nəslə səssiz, amma çox güclü mesaj verir. Ətrafında dövlətin keçmiş irsə dəyər verdiyini görən gənc böyük bir mədəniyyətin varisi olduğu ilə qürur duyur və dövlətin bu irsə verdiyi dəyər onun yaddaşına həkk olmaqla gələcəkdə həmin dəyərlərə necə davranacağını formalaşdırır.

Möminə Xatun türbəsinə ayrılan vəsaitin rəmzi mənası ondan ibarətdir ki, Azərbaycan öz tarixini yalnız xatırlamır -onu qoruyur, bərpa edir, yaşadır və gələcək nəsillərə daha bütöv şəkildə ötürür.

Bu gün dünyada bir çox xalqlar öz köklərini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə tarixi abidələrin qorunması yalnız mədəni addım olmaqla yanaşı, həm də milli mövcudluğun strateji müdafiəsidir. Möminə Xatun türbəsi kimi abidələr bir xalqın kim olduğunu, haradan gəldiyini və hansı sivil dəyərlər üzərində yüksəldiyini xatırladır.

Prezidentin onunla bağlı qərarı da məhz bu baxımdan böyük siyasi, mədəni və mənəvi məna daşıyır. Unutmayaq ki, keçmişini qoruyan xalq gələcəyini itirməz.

Digər xəbərlər