Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni inkişaf mərhələsinin qarşıya qoyduğu vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıdı. Qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni reallıq şəraitində keçirildi. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər isə qarşıdakı dövr üçün həm partiyanın, həm də ölkənin strateji istiqamətlərinə aydın baxış ortaya qoydu.
Dövlət başçısı çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin son onilliklər ərzində keçdiyi uğurlu və şərəfli yolda mühüm rolunu qeyd etdi. Cənab Prezident bildirdi ki, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir və partiyanın fəallarının ölkənin inkişafında böyük payı vardır. Bu fikirlər partiyanın tarixi missiyasına verilən qiymətlə yanaşı, onun qarşıdakı mərhələdə də üzərinə böyük məsuliyyət düşdüyünü göstərir.
VIII Qurultayın ən mühüm məqamlarından biri Azərbaycanın keçdiyi tarixi yolun siyasi baxımdan dəyərləndirilməsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövrlə bağlıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin beynəlxalq təcriddən çıxarılması, iqtisadi imkanların genişləndirilməsi və güclü dövlət əsaslarının yaradılması sonrakı uğurlar üçün möhkəm zəmin formalaşdırdı. Prezidentin sözləri ilə desək, illər keçdikcə taktiki və hətta strateji məqsədlər müəyyən dərəcədə dəyişə bilər, lakin əsas xətt – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial dəyişməz olaraq qalır.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri Azərbaycanın əldə etdiyi Zəfərin və suverenliyin tam bərpasının tarixi nəticələrinin qorunması oldu. Dövlət başçısı qeyd etdi ki, 2020-ci il Zəfərindən sonra fəaliyyət əsas məqsədə – ərazi bütövlüyünün tam bərpasına istiqamətləndirildi və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə bu tarixi vəzifə həyata keçirildi. Beləliklə, VIII Qurultay Azərbaycanın artıq tam ərazi bütövlüyünə və suverenliyinə malik dövlət kimi yeni mərhələyə qədəm qoyduğu şəraitdə keçirilən ilk qurultay oldu.
Qurultayda gələcək fəaliyyətin əsas istiqamətləri də aydın şəkildə ortaya qoyuldu. Prezident İlham Əliyev ilk növbədə Azərbaycanın hərbi gücünün daha da artırılmasının vacibliyini vurğuladı. Dövlət başçısı bildirdi ki, müharibə və münaqişələrin davam etdiyi, beynəlxalq hüququn müxtəlif təhdidlərlə üzləşdiyi indiki şəraitdə güclü müdafiə qabiliyyətinə malik olmaq hər bir dövlət üçün zəruridir. Bu yanaşma Azərbaycanın əldə etdiyi sülh imkanlarını qorumaq və dövlət təhlükəsizliyini təmin etmək siyasətinin mühüm tərkib hissəsi kimi təqdim edildi.
Prezidentin qurultaydakı mesajlarının mühüm istiqamətlərindən biri də ideoloji işin yeni dövrün tələblərinə uyğun qurulması ilə bağlı oldu. Dövlət başçısı bildirdi ki, partiya fəalları Azərbaycan reallıqlarını, ölkədə görülən işləri və əldə olunan nəticələri cəmiyyətə düzgün şəkildə çatdırmalıdırlar. Eyni zamanda, şablon yanaşmalardan və formal xarakter daşıyan tədbirlərdən uzaqlaşaraq müasir ideoloji işin qurulmasının vacibliyini diqqətə çatdırdı. Burada əsas məqsəd Azərbaycan həqiqətlərinin, ölkənin inkişafının və dövlət siyasətinin cəmiyyətə daha dolğun, aydın və müasir üsullarla çatdırılmasıdır.
Dövlət başçısı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər mühüm olduğunu da vurğuladı. Xüsusilə internet, kiberhücumlar və süni intellektin geniş yayıldığı indiki informasiya mühitində ideoloji təxribatların sərhəd tanımadığını qeyd edən Prezident bunun qarşısının alınmasında təhsilin və vətənpərvərliyin mühüm rol oynadığını bildirdi. Bu yanaşma göstərir ki, müasir dövrdə dövlətin təhlükəsizliyi yalnız hərbi güclə deyil, həm də savadlı, düşünən, milli dəyərlərə bağlı və informasiya təsirlərinə qarşı dayanıqlı cəmiyyətlə təmin olunur.
VIII Qurultayda Azərbaycanın beynəlxalq mövqeyinə də xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev ölkənin iqtisadi müstəqilliyinin tam təmin edildiyini və Azərbaycanın beynəlxalq aləmin dəyərli üzvünə çevrildiyini bildirdi. Bu gün ölkənin müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsi, beynəlxalq layihələrdə fəal iştirakı və artan siyasi çəkisi Azərbaycanın müstəqil xarici siyasət kursunun nəticələri kimi təqdim olundu.
Qarşıdakı illərin mühüm prioritetlərindən biri kimi Qarabağın və Şərqi Zəngəzurun bərpası da xüsusi qeyd edildi. Prezident bildirdi ki, bu ərazilərin inkişafına artıq böyük həcmdə vəsait yönəldilib, yaşayış məntəqələrində məskunlaşma prosesi davam edir və “Böyük Qayıdış” bundan sonrakı illərdə daha da sürətlənəcək. Bununla yanaşı, Azərbaycanın tranzit imkanlarının artırılması, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi də qarşıda duran mühüm iqtisadi hədəflər sırasında göstərildi.
Beləliklə, YAP-ın VIII Qurultayı yalnız partiyanın fəaliyyətinə yekun qiymət verilən tədbir deyil, həm də yeni mərhələnin prioritetlərinin müəyyənləşdirildiyi mühüm siyasi platforma kimi yadda qaldı. Qurultayda səslənən fikirlər Azərbaycanın artıq yeni reallıqlar şəraitində fəaliyyət göstərdiyini, qarşıda dayanan vəzifələrin isə daha böyük məsuliyyət və çevik yanaşma tələb etdiyini göstərdi. VIII Qurultay Azərbaycanın Zəfərdən suverenliyə, suverenlikdən isə yeni inkişaf mərhələsinə keçidinin siyasi mənzərəsini ortaya qoydu.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı