4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edildiyi, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidlərinin gerçəkləşməyə başladığı gündür. Cəbrayıl şəhəri günü həm də xalqımızın iradəsini, Azərbaycan Ordusunun qəhrəmanlığını və dövlətimizin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa işlərini əks etdirir.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayon zəngin iqtisadi və mədəni infrastruktura malik idi. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur, rayonda məktəblər, xəstəxanalar, sənaye müəssisələri və çoxsaylı mədəniyyət ocaqları fəaliyyət göstərirdi. İşğal nəticəsində bu infrastruktur dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan dəydi, 52 minə yaxın insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Bununla belə, Cəbrayıl sakinlərinin doğma torpağa qayıtmaq inamı heç vaxt sarsılmadı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu arzunun gerçəkləşməsi üçün tarixi imkan yaratdı. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində sentyabrın 27-də rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də bir sıra digər yaşayış məntəqələri azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndi işğaldan azad olundu. Bu qələbə müharibənin sonrakı gedişinə də ciddi təsir göstərdi. Cəbrayıl əməliyyatı düşmənin müdafiə xətlərinin yarılması, Xocavənd və Hadrut istiqamətində irəliləyiş, eləcə də Zəngilan və Qubadlının azad edilməsi üçün mühüm zəmin yaratdı.
Cəbrayılın azad olunması hərbi uğur olmaqla yanaşı, böyük mənəvi və tarixi əhəmiyyət daşıyırdı. Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması bunun ən parlaq nümunələrindən biridir. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 16-da Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaltması Azərbaycanın tarixi torpaqlarında suverenliyinin bərpasının rəmzinə çevrildi. Bu hadisə həm də xalqımızın milli yaddaşında xüsusi yer tutan tarixi məkanların yenidən öz həqiqi sahiblərinə qayıtmasını ifadə edirdi.
Cəbrayılın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə dağıdılmış ərazilərin bərpası və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi idi. Bu prosesin həyata keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi və birbaşa rəhbərliyi mühüm rol oynayır. Dövlət başçısının azad edilmiş ərazilərə müntəzəm səfərləri, infrastruktur və sosial layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı bərpa işlərinin ardıcıl şəkildə həyata keçirilməsinə verilən xüsusi önəmi göstərir. Cəbrayılın gələcək inkişafına dair qərarlar da bu siyasətin tərkib hissəsidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı rayonun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm layihədir. Burada logistika, ticarət, anbar və istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Sənaye parkının fəaliyyəti yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və Cəbrayılın regionun iqtisadi həyatında rolunun artmasına imkan verəcək. Eyni zamanda, avtomobil yollarının çəkilməsi, elektrik yarımstansiyalarının və alternativ enerji obyektlərinin yaradılması rayonun uzunmüddətli inkişafı üçün möhkəm infrastruktur formalaşdırır.
Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi də bərpa prosesinin sistemli xarakter daşıdığını göstərir. Plana əsasən, şəhərdə müasir yaşayış binaları, fərdi evlər, məktəblər və digər sosial obyektlər inşa ediləcək. Horovlu və Şükürbəyli kəndlərində həyata keçirilən layihələr də bu yanaşmanın konkret nəticələridir. Burada yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və ictimai obyektlər yaradılır. Məqsəd insanların yalnız doğma torpaqlarına qayıtmasını deyil, burada normal həyat sürməsi və məşğulluq imkanları əldə etməsini təmin etməkdir.
Böyük Qayıdış prosesinin başlanması Cəbrayılın yeni tarixində xüsusi mərhələdir. 2024-cü il sentyabrın 26-da şəhərə ilk köç karvanının yola salınması uzun illər davam edən həsrətin sona çatmasının real ifadəsi oldu. Sonrakı dövrdə şəhərə və rayonun kəndlərinə köçürülən ailələrin sayı artdı. Yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, təhsil və sosial infrastrukturun qurulması qayıdışın davamlı xarakter almasına xidmət edir. Bu baxımdan bərpa işlərinin nəticəsi yalnız tikilən binalarla deyil, doğma yurdda yenidən canlanan həyatla ölçülür.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsidir. Bu qərar həm Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini, həm də Cəbrayılın gələcək inkişafına göstərilən diqqəti ifadə edir.
Bu gün Cəbrayıl işğalın ağır nəticələrindən qurtularaq yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarşıda duran əsas məqsəd azad edilmiş ərazilərdə təhlükəsiz, müasir və dayanıqlı yaşayış mühitinin yaradılmasıdır. Cəbrayılın bərpası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra qarşıya qoyduğu quruculuq və inkişaf hədəflərinin mühüm istiqamətlərindən biridir. 4 oktyabr isə həm tarixi Qələbəni, həm də doğma torpaqlarda həyatın yenidən qurulması əzmini təcəssüm etdirən əlamətdar gündür.
Aydın Hüseynov
Millət Vəkili
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...