“Malayziya Azərbaycandan minlərlə kilometr uzaqda yerləşsə də, bizim üçün çox önəmli dövlətlərdən biridir. Xüsusilə qlobal platformalarda Malayziyanın Azərbaycana hər zaman rəğbətlə yanaşdığını görürük”.Bu sözləri SİA -ya açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Onun sözlərinə görə, həmin ölkənin sakinlərinin və vətəndaşlarının Azərbaycana münasibəti də yüksəkdir:”Mən şəxsən bunun şahidi olmuşam. Hətta Azərbaycandan kənarda, beynəlxalq qurumların tədbirlərində iştirak edərkən münasibətlərimizdə bizə qarşı böyük rəğbətin olduğunu görmüşəm.Malayziya Azərbaycanın gələcəkdə böyük əməkdaşlıq imkanları yarada biləcəyi dövlətlərdən biridir. Mən düşünürəm ki, təkcə Malayziya ilə deyil, bütövlükdə həmin regionun digər dövlətləri, xüsusilə də İndoneziya ilə münasibətlərimizi inkişaf etdirməliyik. Bundan başqa, regionda yerləşən çoxsaylı ada dövlətləri ilə əlaqələrin daha yüksək səviyyəyə çatdırılması da Azərbaycanın xeyrinə ola bilər.Biz “dünyanın o başıdır” deyib bu coğrafiyaya laqeyd yanaşmamalıyıq və “bizim hansı ortaq cəhətlərimiz var?” sualını verməklə kifayətlənməməliyik. Ən azı həmin coğrafiyanın, o cümlədən Malayziya və İndoneziyanın daxil olduğu geniş regionun böyük müsəlman coğrafiyası olduğunu nəzərə almalıyıq. Din baxımından ən azı ortaq bağlarımız var.Bundan başqa, Azərbaycan olmasa da, tarixən Osmanlı imperiyasının həmin bölgələrə müəyyən təsir imkanları olub. Bu baxımdan, tarixi əlaqələr üçün də müəyyən əsasların olduğunu söyləmək mümkündür.Düşünürəm ki, biz həmin coğrafiyanı boş buraxmamalıyıq. Əksinə, Malayziya da daxil olmaqla, oradakı böyük və kiçik dövlətlərlə yaxşı münasibətlər qurmalı, mövcud əlaqələri daha da inkişaf etdirməliyik. Bu, bizim üçün olduqca vacib istiqamətdir. Çünki həmin dövlətlər Azərbaycanı daha yaxından tanıdıqca, ölkəmiz bunun qarşılığında çox şey qazana bilər. Söhbət əhalisi çox, ərazisi böyük və dünya siyasətində özünəməxsus yeri olan dövlətlərdən gedir. Əlbəttə, onların arasında Malayziya da xüsusi yer tutur”.
Müəllif: Günay Hacıyeva