PDF Oxu

Sosial

  • 757

Xanobada çatılan TONQAL

image

“Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir”. Bu fikirləri martın 18-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan, kənd sakinləri ilə görüşən və həm də bayram tonqalını alışdıran dövlət başçısı İlham Əliyev söyləmişdir.

Doğrudan da böyük xoşbəxtlikdir. Hər dövlət rəhbərinə qismət olmayan xoşbəxtlikdir ki, 30 il işğal altında olan torpaqları böyük sərkərdəlik səriştəsi ilə azad edib, onu yurddaşına qaytarsın, hələ üstəlik müharibədən yenicə çıxmış bir ölkədə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparıb, bir zamanlar ata-baba yurdundan düşmən tərəfindən silah burnunda qovulmuş vətəndaşının doğma evinə qayıdışını təmin etsin.

Və bunu heç də hər kəs etməz: Zəfərdən sonra hər Novruz bayramını işğaldan azad edilmiş ayrı-ayrı ərazilərdə yurduna qayıdan vətəndaşı ilə qeyd etmək bir dövlət başçısının vəzifəsi deyil, mənəvi zənginliyidir- torpağa sevgisi, bağlılığı, verdiyi yüksək dəyərdir.

Azad torpaqlarda xalqın ən qədim bayramının atributu olan tonqalı alışdırmaq, sakinlərlə birlikdə tonqal ətrafında səmimi söhbət etmək xalqa sevginin, insan amilinə dəyərin, vətəndaşa sayğı və qayğının göstəricisidir.

Sanki bu, həm də 30 ilin acısını vətəndaşına unutdurmaq qayəsidir. 30 il yurdundan kənarda yaşayan, məcburi köçkün adını daşıyan, olmazın mənəvi əzabları ilə üz-üzə qalan insanlarla qələbənin sevincini birgə dadmaq, onların yurdunda xoşbəxt nəfəs almasını görmək istəyidir. Sakinlərlə ötən günlərdən söhbət etmək, işğal zamanı onların yaşadığı qorxunu, hissləri dinləmək, bu günlərlə müqayisə etmək və vətəndaşına Zəfərin sevincindən söhbət açmaq, onları bir daha heç kimin narahat etməyəcəyini qəti şəkildə vəd etmək, həqiqətən də, dövlət başçısı ilə yanaşı, əsl azərbaycanlı olan bir şəxsiyyətin xoşbəxtliyidir.

Xanoba sakinlərinin nə qədər sevinc içərisində olduğunun, onların dövlətimizin başçısı ilə səmimi söhbətlərinin şahidi olduq. Bayram tonqalını alışdırarkən onların üzündəki təbəssümü gördük. Bu, tonqal bayram tonqalı olsa da, Dədə Qorqud yurdunda od yandırmaqla bağlı böyük bir rəmzi də özündə ehtiva edir. Od Zəfərin, qələbənin, azadlığın, həm də birliyin, həmrəyliyin rəmzidir.

Milli-mənəvi və insani dəyərlər həyat amalı olan dövlət başçımızla qürur duyur, xalqın alnından qara ləkəni silən, ona torpağını-namusunu, ismətini qaytaran, düşməni yurdumuzdan birdəfəlik qovan, ölkənin suverenliyini, konstitusiya quruluşunu bərpa edən və bu gün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurub-yaran, Naxçıvanla quru yolun bərpasını dünya səviyyəsində həll edən Prezidentimizin yanındayıq, onunla birlikdə və həmrəyik. Bu da xalqın xoşbəxtliyidir ki, bütün bunlara nail olub.

Dövlət başçısının Xanobada alışdırdığı tonqalın da əvvəlki illərdə azad yurdlarımızda yandırdığı tonqallar kimi rəmzi mənası var: bu torpaqlar bizimdir, bizim də olacaq. Bu torpaqlara başqa gözlə baxanlar bu tonqalda yanacaq. Bu insanlara zilm etmək istəyən bu tonqalı alışdıran insanın dəmir yumruğunu başı üzərində hiss edəcək.

Qürur duyuruq. Qoy Novruz tonqallarımız hər zaman belə gur alovlansın. Vətənimizin hər yerində insanlar xoşbəxtlik, mehribanlıq içərisində yaşasın. Müharibə bu Vətəndən uzaq düşsün. Xoşbəxt, sakitlik içərisində yaşamaq hər kəsin haqqıdır.

Mətanət Məmmədova

Digər xəbərlər